İqtisadiyyat
29 aprel 2020
43

Azərbaycanda son üç ayda qeyri-neft sektoru üzrə ixrac 3.3 faiz artıb - FOTO

Milliinfo.az

Azərbaycanda son üç ayda qeyri-neft sektoru üzrə ixrac 3.3 faiz artıb - FOTO


Azərbaycanda son üç ayda qeyri-neft sektoru üzrə ixrac 3.3 faiz artıb - FOTO

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin aprel sayı təqdim edilib. 2020-ci ilin yanvar-mart ayları ərzində Azərbaycanda qeyri-neft sektoru üzrə 429 milyon ABŞ dolları dəyərində ixrac reallaşdırılıb. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-ci ilin yanvar-mart ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 13,7 milyon ABŞ dolları və ya 3,3 faiz artıb.

Bu ilin yanvar-mart ayları ərzində Rusiyaya 134,4 milyon, Türkiyəyə 104,4 milyon, Gürcüstana 42,9 milyon, İsveçrəyə 40,8 milyon və Çinə 12,2 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-cu ilin birinci rübündə Rusiyaya qeyri-neft ixracı 16,6 faiz, Türkiyəyə 5,2 faiz, İsveçrəyə 21,1 faiz və Çinə 18,4 faiz artıb.

2020-ci ilin yanvar-mart ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında isə pomidor (43,9 milyon ABŞ dolları) birinci, pambıq mahlıcı (42,8 milyon ABŞ dolları) ikinci və qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 36,3 milyon ABŞ dolları)üçüncü olub.

Ümumiyyətlə, 2020-ci ilin birinci rübü ərzində meyvə-tərəvəz ixracı 113,3 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 46,4 milyon, pambıq lifi ixracı 43,4 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 21,4 milyon, kimya sənayesi məhsullarının ixracı 19,8 milyon, elektrik enerjisinin ixracı 17,8 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 11,9 milyon, pambıq ipliyi ixracı 8,6 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracı 4,3 milyon ABŞ dolları, şəkər ixracı 2,9 milyon təşkil edib.

2020-ci ilin mart ayında isə qeyri-neft sektoru üzrə ixrac 133 milyon ABŞ dolları təşkil edib. Bu ilin mart ayında qeyri neft-qaz məhsulları ən çox mal Rusiyaya (46,4 milyon ABŞ dolları), Türkiyəyə (29 milyon ABŞ dolları), İsveçrəyə (12 milyon ABŞ dolları), Gürcüstana (8 milyon ABŞ dolları) və Ukraynaya (6,2 milyon ABŞ dolları) ixrac edilib.

2020-cu ilin mart ayında qeyri-neft sektoru üzrə ixracda tomat (pomidor - 19,2 milyon ABŞ dolları) birinci, qabığı təmizlənmiş meşə fındığı (14,1 milyon ABŞ dolları) ikinci, pambıq mahlıcı (12,9 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.

“İxrac İcmalı”nın aprel sayında qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi verilib. Bu ilin yanvar-mart ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: “Socar Polymer” MMC, "MKT İstehsalat Kommersiya" MMC, "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, "Land Lojistic" MMC, “STDC” MMC, "Aqrovest" MMC, "P-Aqro" MMC, "Sun Food" MMC, "Natural Fruit" MMC," "Baku Steel Company".

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən və 100 min ABŞ dollarında çox ixrac həyata keçirən dövlətə məxsus şirkətlərin siyahısına isə ARDNŞ-nin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: "Azergold" QSC, "Azərenerji" ATSC, "Azəralüminium" MMC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan Hava Yolları" QSC, "Azərbaycan İstilik Elektrik Stansiyası" MMC, “ASK şüşə” MMC.

“İxrac İcmalı”nda həm də xidmət ixracına yer ayrılıb. Məlumat verilib ki, 2020-ci ilin yanvar-mart aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 24 ölkəsinə 10,4 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 88 faizini təşkil edib. “Azərkosmos” ASC-nin 2020-cu ilin yanvar-mart aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Birləşmiş Krallıq, Fransa, BƏƏ və Almaniyadır.

Eyni zamanda “İxrac İcmalı”nda məlumat verilib ki, bu ilin mart ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları 53,9 milyon manat təşkil edib. Ümumilikdə isə 2020-ci ilin yanvar-mart ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 212 milyon manat təşkil edib.

“İxrac İcmalı”nda 2020-cu ilin yanvar-mart ayları ərzində Azexport.az portalına daxil olan ixrac sifarişləri barədə də məlumat verilib. Göstərilib ki, 2020-ci ilin yanvar-mart aylarında Azexport.az portalına 147,7 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. 2020-ci ilin mart ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 44,8 milyon ABŞ dolları təşkil edib və ötən ilin müvafiq ayı ilə müqayisədə 36,6 faiz artıb.

Bu ilin mart ayında Azexport.az portalına ən çox ixrac sifarişi kartof, soğan, pomidor, tibbi tənzif, alma, sarımsaq, tütün, pambıq yağı, zəncəfil, mineral su, şərab, qənnadı məhsulları, çay, yumurta, nar şərabı, mebel, fındıq, tikinti materialı, boya, kosmetik vasitə, metal konstruksiya, bal, mebel dəsti və s. mallara daxil olub.

Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2020-ci ilin 31 mart tarixinə kimi (39 ay ərzində) Azexport.az portalına dünyanın 141 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 1 milyard 732,5 milyon ABŞ dolları təşkil edib.

“İxrac İcmalı”nda həmçinin göstərilib ki, bu ilin aprel ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri isə 1,9 milyon ABŞ dolları olub. 2020-ci ilin yanvar-aprel ayları ərzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən yüzlərlə sahibkara ixracla bağlı müvafiq sertifikatlar verilib və bunun nəticəsində 39 milyon ABŞ dollarından artıq dəyərində qeyri-neft ixracı həyata keçirilib.

Qeyd edək ki, “İxrac İcmalı”nın məqsədi sahibkarları ixracla bağlı maarifləndirməyə, yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmağa və beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirməyə xidmət edir.