Siyasət
11 iyul 2020
55

“Allah eləməsin, Azərbaycan təhlükə ilə qarşılaşsa, köməyə gələn ilk ölkə İran olacaq”

“Allah eləməsin, Azərbaycan təhlükə ilə qarşılaşsa, köməyə gələn ilk ölkə İran olacaq”

Milliinfo.az


– İlboyu hansı səfirlə müsahibə hazırlamışıq, söhbətə koronavirusa dair sualla başlamışıq. Şərait bunu diqtə edir. İranda da vəziyyət qənaətbəxş deyil: pandemiyadan ölənlərin sayına görə ölkə dünyada ilk onluğa daxildir. İran səhiyyəsi həmişə güclü olub və Azərbaycandan bir çox xəstələr nicat üçün qonşuya müraciət edib. Yeri gəlmişkən, məhz arada sərhəd gec bağlandığından koronavirus bizim ölkədə də yayılmağa başlayıb. Cənab səfir, İranın güclü səhiyyəsi virusun qarşısında niyə zəif duruma düşüb?



– Koronavirusla bağlı vəziyyət nəinki İranda, dünyanın heç bir yerində, hətta ABŞ, İngiltərə və ya Azərbaycanda da qənaətbəxş deyil. Təəssüf ki, bu naməlum virus bütün ölkələr üçün çətin vəziyyət yaradıb. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi statistikaya diqqətlə nəzər yetirsəniz, dünyanın aparıcı ölkələrinin İrandan daha çətin vəziyyətdə olduğunu görərsiniz. İndiyədək İranda bu virusa yoluxanların sayı 247379 nəfərə çatıb, halbuki Rusiyada bu rəqəm 707301, İngiltərədə 286809 və ABŞ-da üç milyona yaxındır.

Tədqiqatçıların virusun mənşəyi və yayılması ilə bağlı hələ qəti bir nəticə əldə etmədiyini nəzərə alsaq, virusun məhz İranda yayılmasından sonra Azərbaycanda yayılmasını iddia etməyin heç bir elmi əsası yoxdur. Həqiqət budur ki, virus sürətlə dünyanın hər yerinə yayılaraq, Avropa və digər ölkələri də öz cənginə almışdır. Bir çox ölkələrdən fərqli olaraq, İran koronavirusa qarşı aydın və şəffaf siyasət yürüdür. Bəzi ölkələr həqiqəti gizlətmək və virusun öz ölkələrində yayılmadığını sübut etmək üçün səy göstərsələr də, İranın Səhiyyə Nazirliyinin rəsmiləri faktları tez bir zamanda açıqladılar və bunun nəticəsində ölkəmizdə virus tamamilə idarə olunmasa da, həyat sürətlə normala dönür. Buna görə də deməliyəm ki, İranın tibb işçiləri nəinki virusa qarşı zəif hərəkət etmədi, həm də bu ölümcül virusa qarşı ciddi mübarizə apardı və bu mübarizə hələ də davam edir.

– Son zamanlar cəmiyyətdə ən ciddi müzakirə mövzularından biri də Azərbaycanla İran arasında Araz çayı üzərində “Xudafərin “və “Qız Qalası” hidroqovşaqlarının, su elektrik stansiyalarının tikintisidir. İran Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edir. Eyni zamanda, məlumdur ki, tikinti aparılan ərazi işğal altındadır. Belə olan halda, həmin ərazidəki su anbarından, elektrik stansiyasından və onun tərkib hissəsi olan nəzarət-keçid körpüsündən necə istifadə ediləcək? Ücüncü tərəfin bundan yararlanmaq ehtimalı varmıdır?



– “Xudafərin” hidroqovşağı barədə yaxşı bir suala toxundunuz. Əslində, İranla Azərbaycan arasındakı “Xudafərin” hidroqovşağı və “Qız Qalası” su elektrik stansiyasının inşası ilə bağlı imzalanan bu sənəd bir daha sübut etdi ki, İran Azərbaycanın ərazi bütövlüyünü sözdə deyil, əməldə də tanıyır və hörmət edir. Çünki İran bu müqaviləni digər tərəflə deyil, Azərbaycanla imzalayıb. Beynəlxalq münasibətlər elmi ilə tanış olanlar çox yaxşı bilirlər ki, bu əməkdaşlıq sənədi Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınması deməkdir. Başqa sözlə, İran Araz çayının o tayındakı bir ölkə (Azərbaycan) ilə əməkdaşlıq müqaviləsi imzaladı. Əgər kimsə bundan başqa bir iddia edirsə, ya siyasət elmindən xəbərsizdir, ya da pis niyyətlidir. Unutmayın ki, bu müqavilənin bir tərəfi Azərbaycan xalqının seçilmiş hökumətidir və Azərbaycan xalqının nümayəndələri bu sazişi ratifikasiya edib təsdiqləyiblər. Heç bir şəkildə Azərbaycanın daxili işlərinə qarışmaq niyyətində deyiləm, amma bir dost və qardaş olaraq dostlarıma ölkələrinin milli maraqlarını dəyərsiz siyasi oyunlara qurban verməməyi məsləhət görürəm.

Qeyd olunan layihənin sazişi İran və Azərbaycan hökumətləri arasında yekunlaşıb və Ermənistanla heç bir əlaqəsi yoxdur. Vurğulamaq istərdim ki, İran İslam Respublikası bu bəndlər və körpülər və ya başqa yollarla qondarma Qarabağ hökuməti ilə rəsmi və ya qeyri-rəsmi heç bir əlaqəyə malik deyil. İran və Azərbaycan Respublikası arasında imzalanan müqaviləyə əsasən, bu bənd və elektrik stansiyasından istifadə və istismar etmək hüququna yalnız iki ölkə sahibdir və heç bir üçüncü tərəf ona müdaxilə və təsir edə bilməz. İki ölkə arasındakı sazişin məzmunu tamamilə aydındır və orada hər hansı bir şübhəli məqam yoxdur. Bu əməkdaşlıq bəzi qruplar və siyasi cərəyanlar üçün dözülməzdir və bu səbəbdən hər bəhanə və yalanla İranın imicini ləkələmək və iki dost və qardaş ölkə arasındakı yaxşı münasibətləri pozmaq niyyətindədirlər. Qarabağ münaqişəsi artıq uzunmüddətli bir böhrana çevrilib. Bu münaqişəyə son qoymaq üçün istənilən həll yolu əvvəlcə bölgə ölkələrinin, o cümlədən İran və Rusiyanın təşəbbüsünə, sülhə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasına və BMT TŞ-nın bu barədə qəbul etdiyi qətnamələrinə əsaslanmalıdır. Biz, qonşu bir ölkə olaraq, bölgədəki sülh və sabitlik məsələsinin həlli üçün səylərimizi əsirgəməyəcəyik və iki ölkə arasında sülh yaratmağa hazırıq.

– İran, Azərbaycanın İsraillə münasibətlərindən narahatlığını dəfələrlə ifadə edib. Digər tərəfdən, Azərbaycanla müharibə şəraitində olan Ermənistanla rəsmi Tehranın öz münasibətləri yüksək səviyyədədir. Sizcə, bu davranış ziddiyətli deyilmi?



– Biz bu əlaqələrdə bir ziddiyyət görmürük. Siz İran, Azərbaycan və Ermənistan haqqında danışanda üç qonşu ölkə haqqında danışırsınız, amma İsrail bu regiondan kənarda yerləşir və bizim heç birimizin qonşusu deyil. Digər tərəfdən, İsrail heç bir ölkə ilə xarici əlaqələrində beynəlxalq münasibətlərin tanınmış prinsiplərinə uyğun normal bir münasibət qurmur və bütün ölkələrlə münasibətlərində yalnız özünün mürəkkəb regional və qlobal hədəflərini güdür. Hətta ABŞ da İsrail ilə ikitərəfli münasibətlərində bu ölkəyə xərac verməlidir. Fəlsəfə elmindən xəbərdar olan insanlar yaxşı bilir ki, iki müqayisə predmeti eyni cinsdən olmalıdır və əgər müqayisənin iki tərəfi eyni cinsdən deyilsə, müqayisə rədd edilir. İsrail adlı bir ölkə yoxdur, sionist rejim fələstinlilərin torpaqlarını işğal edib və bir ölkə qurmaq iddialarını irəli sürür. Buna görə də ədalət prinsipinə söykənən İslam Respublikası silah gücü ilə əldə edilən siyasi coğrafiyadakı hər hansı bir dəyişikliyə qarşıdır. Elə buna görədir ki, İran heç vaxt qondarma Qarabağ Respublikasını tanımamışdır.

İran İslam Respublikası Cənubi Qafqaz regionu xalqları ilə tarixi və qonşuluq əlaqələrinə görə Cənubi Qafqaz respublikaları, o cümlədən Azərbaycan və Ermənistanla əməkdaşlıq edir. Ancaq bir prinsipi nəzərə almalıyıq ki, İran və Azərbaycan xalqları iki bədəndə bir ruhdur. Azərbaycanla qardaşlığımız və dostluğumuz iki ölkənin dininə, mədəniyyətinə, tarixinə və sivilizasiyasına köklənir və Ermənistanla müqayisə edilə bilməz. Əmin ola bilərsiniz ki, əgər, Allah eləməsin, Azərbaycan Respublikası təhlükə ilə qarşılaşsa, köməyə gələn ilk ölkə İran İslam Respublikası olacaq.

– Hər dəfə İranla ABŞ üz-üzə gələndə bu, potensial hərbi münaqişə təhlükəsi kimi dəyərləndirilir. 2020-ci ilin yanvarında Qasım Süleymaninin qətlə yetrilməsi isə artıq müharibə anonsunu vermişdi. Bu dəfə araya pandemiya girdi. Bundan əvvəl prezident Həsən Ruhani bəyan etmişdi ki, ABŞ iqtisadi sanksiyalardan əl çəkməsə, İran cavabında Hörmüz boğazını bağlayacaq. Dünyanın neft ehtiyatlarının 20-25 faizinin düşdüyü zonada bu təhdidi həyata keçirmək və bir dövlətlə münaqişəyə görə planetin “neft damarını” bağlamaq nə dərəcədə realdır, ümumiyyətlə, belə bəyanat nəyə hesablanıb?



İran İslam Respublikası heç vaxt müharibəni başladan tərəf olmayacaq, ancaq mümkün hücumlar qarşısında düşməni əzməyə tam hazırdır. Bildiyiniz kimi, İran Silahlı Qüvvələrinin qəhrəmanları general Qasım Süleymaninin şəhid olmasından sonra təcavüzkar qüvvələrdən ağır qisas aldılar və onların İraqdakı bazalarını ciddi şəkildə darmadağın etdilər. ABŞ rəsmiləri bu günə qədər Ayn əl-Əsəd bazasına dəymiş zərərin katastrofik ölçülərini gizlətməyə çalışırlar. Reallıq budur ki, ABŞ-ın zalım sanksiyaları İranın adi insanlarına çox ziyan vurmuşdur. Amma unutmaq olmaz ki, biz meydanda gücümüzü göstərən insanlarıq, həmişə mərdcəsinə döyüşmüşük və hər zaman düşməni məğlub etməyə hazırıq.

Bu gün hər kəs ABŞ-ın İrana maksimum təzyiqgöstərmə siyasətinin uğursuz olduğunu başa düşür. Bu iddianın nümunəsi olaraq İran benzininin Venesuelaya uğurlu ixracını göstərnək olar. İran neft tankerləri Hörmüz boğazından yola düşdülər, beynəlxalq suları keçib, amerikalıların gözü önündə, günün günorta çağı İran bayrağı ilə Karib dənizini keçib Venesuelaya çatdılar. Ancaq amerikalılar heç nə edə bilmədilər. Artıq hər kəs masadakı hərbi seçim təhlükəsinin boş bir təhlükə olduğunu bilir. Çünki əgər ABŞ-ın belə bir imkanı olsaydı, başqalarının fikrini soruşmadan bunu icra edərdi. İndi BMT-nin xüsusi məruzəçisi İnsan Hüquqları Şurasının iclasında ABŞ-ın Qasım Süleymaninin və tərəfdaşlarının sui-qəsd cinayətini insan hüquqları standartlarına zidd və BMT nizamnaməsinin açıq şəkildə pozulması adlandırdı. ABŞ-ın birtərəfli sanksiyaları mövcud beynəlxalq hüququn heç bir prinsip və qanunlarına uyğun deyil. Prezident Həsən Ruhaninin Hörmüz boğazının bağlanması ilə bağlı söylədikləri, ABŞ-la mübarizədə ata biləcəyimiz onlarla addımdan yalnız biridir. Biz dünyaya neft ixrac edən həyati əhəmiyyətli yolun bağlanmasını istəmirik. Lakin həmin məhsulu ixrac edə bilməsək və təzyiq altında olsaq, bu ciddi bir seçim ola bilər. Hal- hazırda iki növ virusla mübarizə aparırıq: ABŞ-ın zalım sanksiya virusu və koronavirusla.

– Sonda yenə düşdüyümüz şəraitdə başlıca problemimizə qayıdaq. Postpandemiya dövründə regional münasibətlərdə, o cümlədən İran-Azərbaycan münasibətlərində hansı korreksiyalara ehtiyac görürsünüz?



Ölkələr arasındakı sərhədlərin bağlanması, mübadilənin və gediş-gəlişin dayandırılması dünya iqtisadiyyatına ciddi zərbə vurmuşdur. Heç bir ölkə bu virusun dağıdıcı təsirlərinə qarşı sığortalanmayıb. Sevindirici haldır ki, mal mübadiləsi və tranzit baxımından Azərbaycanla sərhədlərimiz bağlanmayıb və bu mübadilələr, həmçinin görüş və danışıqlar (onlayn şəkildə olsa da) davam edir. Qeyd edildiyi kimi, COVID- 19 virusu hələ tədqiqatçılar tərəfindən tam şəkildə öyrənilməyib. Ancaq iki ölkənin münasibətləri haqqında onu deyə bilərəm ki, iki dost və qardaş ölkə arasındakı yaxşı münasibətlər inkişaf edir, bu münasibətlər daha da yaxşılaşacaqdır və əminəm ki, iki ölkənin əlaqələrinin inkişafını istəməyən qüvvələrin saxta səyləri heç vaxt nəticə verməyəcəkdir. Dostlar və düşmənlər əsasən çətin gündə dostluq və düşmənçiliklərini göstərirlər. Koronavirus vəziyyətində dostlar bir-birinə daha da yaxınlaşırlar. Ölkəmdəki koronavirusun yayılmasının qarşısını almaq məqsədilə dost və qardaş Azərbaycan hökumətinin 5 milyon dollar köməyi iki ölkənin hökumətləri və xalqları arasında dostluğun gözəl bir nümayişi idi. Bu cür sevgini heç vaxt unutmayacağıq.