Siyasət
08 avqust 2020
70
İsmət Qayıbovun müavini olmuş rus prokuror Qarabağdan danışdı..
Milliinfo.az
“O günlər bir daha əmin oldum ki, əksinə, Qarabağdakı ermənilər azərbaycanlılardan daha yaxşı yaşayırlar...”
“Xankəndinə çatar-çatmaz dərhal erməni müstəntiqlərin qəribə davranışları nəzərə çarpdı...”
Milyonlarla Azərbaycan vətəndaşı üçün bu günədək olmazın əzab, faciə və itkilərlə müşayiət olunan, dünya gücləri üçün isə guya böyük bir bulmacaya çevrilmiş keçmiş Dağlıq Qarabağ ətrafındakı olaylar 32-33 il əvvəl – hələ beynəlmiləlçi baxışların hakim olduğu sovet dövründən başlayıb. Azərbaycan türklərinin Ermənistandan deportasiyası, Əsgəranda iki gənc azərbaycanlının erməni ekstremistləri tərəfindən öldürülməsi, Sumqayıt hadisələri və s ...
Və bu günədək sonradan qanlı qarşıdurma və hərbi əməliyyatlara çevrilmiş həmin hadisələrin əsas baiskarları SSRİ-nin sonuncu rəhbəri M.Qorbaçov və sonradan Rusiya prezidenti B.Yeltsin başda olmaqla Kreml iqtidarı, sovet və rus ordusunun, eləcə də kəşfiyyatının rəhbərliyi hesab olunur...
Yəqin ki, oxucularımız üçün milliyyətcə rus olan Azərbaycan Respublikası vətəndaşının, Azərbaycan Baş Prokurorluğun keçmiş əməkdaşı, 1988-ci ilin fevralında Sumqayıt şəhər prokurorunun müavini işləmiş və iki Azərbaycan gəncinin qətli ilə nəticələnmiş Əsgəran hadisələrindən sonra bir həftə Xankəndidə ilkin istintaq hərəkətlərində iştirak etmiş istefada olan prokuror Anatoli Vasilyeviç Koçerıginin Qarabağ məsələsinə və ayrıca Sumqayıt “qırğını”a münasibətini öyrənmək maraqlı olar...
Əməkdaşımız Moderator.az-ın rus versiyası üçün müstəqillik dövründə də - 2002-ci ilədək Azərbaycan Respublikası Baş Prokurorluğunda mühüm vəzifələrdə çalışmış keçmiş rus prokurordan müsahibə götürüb.
Müsahibənin maraqlı məqamlarının tərcüməsini nəzərinizə çatdırırıq.
Qısa tanıtım:
Koçerıgin Anatoli Vasilyeviç.
1953-cü ildə Bakı şəhərinin Binə qəsəbəsində İkinci Dünya müharibəsinin iştirakçısı olan neftçi ailəsində anadan olub.
1979-cu ildə Azərbaycan SSR Prokurorluğunda (müstəntiq, böyük müstəntiq) işləməyə başlayıb. 1984-1985-ci illərdə Özbəkistanda SSRİ Prokurorluğunun istintaq qrupunun müavini vəzifəsində çalışıb. 1985-1987-ci illərdə İttifaqda kölgə iqtisadiyyatına qarşı "Promqalantereya" Sənaye Birliyində xüsusilə böyük miqyasda mənimsəmə ilə bağlı məşhur cinayət işinin istintaqında iştirak edib.
1987-ci ildə Sumqayıt şəhər prokurorunun(o dövrdə prokuror şəhid dövlət xadimi, keçmiş Baş Prokuror İsmət Qayıbov idi) müavini təyin edilib. 1990-cı ildə Azərbaycan SSR Prokurorluğunda şöbə müdiri, ümumi nəzarət şöbəsi müdirinin müavini kimi işə başlayıb. 2002-ci ilə qədər Azərbaycan Respublikası Prokurorluğunda müxtəlif vəzifələrdə çalışıb. 2002-ci ildə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hakiminin köməkçisi təyin edilib. 2017-ci ildə Konstitusiya Məhkəməsində baş məsləhətçi vəzifəsindən istefaya çıxıb.
-Anatoliy Vasilyeviç, 1988-ci ilin fevralında, o vaxt keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində erməni separatçılarının mitinqləri və nümayişləri başlayanda, siz Azərbaycan SSR prokurorluğu istintaq qrupunun tərkibində Xankəndinə yollanıbsınız. O günlər baş verənlər həm bir vəkil və bir Azərbaycan vətəndaşı olaraq sizi hansı təəssüratlara saldı?..
- Bəli, mən bir qrup prokurorla birlikdə Əsgəran hadisələrinin ertəsi günü - 23 fevral 1988-ci ildə Ağdama gəldim. Sonra Əsgəran və Şuşaya getdik. Məlum bir səbəbə görə (millətlərarası münaqişə zəmində qətllər) aramızda əsasən rus millətindən olan prokurorluq əməkdaşları vardı. Ancaq yadımda qaldığı qədər qrupumuzda bir neçə azərbaycanlı və 4 erməni də vardı. Xankəndinə çatar-çatmaz dərhal erməni müstəntiqlərin qəribə davranışları nəzərə çarpdı. Onlar ümumi qrupdan ayrılaraq bir kənara çəkilib nəsə haqqında pıçıldaşmağa başladılar və ilkin istintaq hərəkətlərində iştirakdan imtina etdilər. Ancaq həmin günlər Dağlıq Qarabağda ümumilikdə heç bir iş görülmədi. Çünki qarışıqlıq və xaos hökm sürürdü...
Onda Xankəndində erməni ekstremistlərinin mitinqləri artıq başlamışdı. Biz SSRİ Prokurorluğu əməkdaşlarının tapşırığı ilə şəhəri gəzir, mitinqləri izləyir, iştirakçıların təxmini sayını və s. qeydə alırdıq. Ermənilərin yaşadığı kəndlərdə də olduq. Onu deyib ki, həmin günlər Qarabağdakı ermənilərin kifayət qədər normal yaşadığının şahidi oldum. Halbuki, o dövrdə nəinki Moskvada, hətta Vəzirovun dövründə Bakıda da “Dağlıq Qarabağdakı ermənilər azərbaycanlılardan daha pis yaşadıqlarını” “etiraf edirdilər”. Guya onların hüquqları pozulur, iqtisadi təminatla bağlı aldadılırlar. Amma mən bir daha əmin oldum ki, əksinə, Qarabağdakı ermənilər Kürdəmir, Salyan, Saatlı və s. rayonlardakı azərbaycanlılardan daha yaxşı yaşayırlar. Bu barədə SSRİ Prokurorluğundan gəlmiş qrup rəhbərlərinə konkret misallar gətirərək dəfələrlə danışmışam...
...Bir neçə gün sonra SSRİ prokurorluğunun bir qrup yüksək vəzifəli məmuru xüsusilə mühüm işlər üzrə böyük müstəntiq Qamanyuk da daxil olmaqla Xankəndinə gəldi. Qamanyuk orada 6 aya yaxın işləyib. Sonra eşitdim ki, guya o, raport yazıb və prokurorluqdan istefa verib... Dəqiq deyə bilmərəm, amma həmkarlarının söhbətinə görə, buna səbəb Mərkəzin, yəni Moskvanın Qamanyuka erməni ekstremistlərinin əməlləri ilə bağlı qanuna uyğun olaraq müstəqil qərar qəbul etmək imkanı verməməsi və ermənilərin özlərinin istintaq prosesinə mane olması idi...
Bir sözlə, Qarabağda bəzi dostlarım, yoldaşlarım və həmkarlarım da cinayət işlərinin istintaqında iştirak edirdilər. Müstəntiqlərin iş şəraiti çox çətin və təhlükəli idi. Çoxları Xankəndidəki bir oteldə qalırdılar və gecə otaqlarının qapılarını içəridən mebellərlə bərkitməli olurdular. Çünki ermənilər tərəfindən hədə və təhdidlər edilir, atışmalar olurdu ...
O zaman Xankəndində SSRİ baş prokurorunun müavini Soroka O., Katusev A. və digərləri də işləyirdi. Onlar obyektiv, qanunpərəst insanlar idi və bu şəkildə işləməyin mümkün olmadığını bilirdilər. Özləri deyirdilər ki, işləməyə imkan verilmir ... Bəzən dar bir dairədə prokurorluğa istintaqı obyektiv və hərtərəfli aparmaq imkanı verməməsinə görə SSRİ prezidenti Qorbaçova qarşı ədəbsiz sözlər də işlədirdilər...
Həm Xankəndidə, həm də Şuşada keçirdiyim bir həftə ərzində özüm əmin oldum ki, o vaxt – Qarabağ olaylarının başlandığı ilk dövrdə qanunlar işləmirdi ...
Bir sözlə, hamı Qarabağda həqiqətən nəyin baş verdiyini və ermənilərin reallıqda necə yaşadıqlarını bilirdi. Ancaq yenə də bir çoxları şəxsi maraqları xatirinə Mərkəzin dedikləri ilə razılaşırdı...
-Qarabağdan nə vaxt qayıtdınız?
28 fevral 1988-ci ildə Sumqayıtdan zəng vurdular və orada “erməni talanları”nın başladığını bildirdilər. Və mən təcili oraya yollandım ...
(Davamı var)
Daha çox xəbər:
Kamran Əliyev Baş prokuror vəzifəsinə təyin edildi - SƏRƏNCAM 1 May, 2020 13:43 472
Siyasət / CəmiyyətErmənistandan itkilərlə bağlı yeni etiraf: yaralıların sayı 20-yə çatdı
GündəmErməni siyasətçi: “Dünyanın heç yerində Paşinyanı ciddiyə almırlar”
Siyasət / DünyaErmənistan təşviş içində: Keçmiş hərbiçilərin səfərbərliyi başladı - RƏSMİ
GündəmAntonio Quterreş: "Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda status-kvo həmişəlik davam edə bilməz"
Siyasət / Dünya