Siyasət
07 dekabr 2020
20
Prezident İlham Əliyev İtaliya Deputatlar Palatasının sədr müavinini qəbul edib
Milliinfo.az
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 7-də İtaliya Deputatlar Palatasının sədr müavini Ettore Rosatonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.XeberOxu.Az-ın məlumatına görə, qonaqları salamlayan Prezident İlham Əliyev dedi:
- Xoş gəlmisiniz. Mən sizi ürəkdən salamlayıram. Şadam ki, siz Azərbaycana səfər edirsiniz. Müharibədən sonra Azərbaycana səfər edən ilk Avropa nümayəndə heyətisiniz. Yəqin ki, bu, təsadüfi deyil, çünki İtaliya ilə Azərbaycan arasındakı əlaqələr çox sürətlə inkişaf edir və bu gün ən yüksək səviyyədədir. Hesab edirəm ki, siyasi əlaqələr ən yüksək səviyyədədir. Mənim bu ilin əvvəlində İtaliyaya etdiyim dövlət səfəri bunun bariz nümunəsidir. Səfər zamanı bir çox önəmli sənədlər imzalanmışdır. Onların arasında Çoxölçülü Strateji Tərəfdaşlıq haqqında sənəd xüsusi yer tutur. Bu sənəd bizim strateji tərəfdaşlığımızı bir daha təsdiqlədi. Səfər zamanı həm Prezident, həm Baş nazirlə görüşlərim əsnasında bir çox önəmli məsələlər müzakirə olundu. Eyni zamanda, Senatın və Nümayəndələr Palatasının rəhbərləri ilə mənim görüşlərim də çox gözəl keçdi.
Bildiyiniz kimi, iki il bundan əvvəl İtaliya Prezidenti cənab Mattarella Azərbaycanda rəsmi səfərdə idi. Bu səfərlər ikitərəfli əlaqələrimizin çox möhkəm zəmində olmasını göstərir. Bu gün İtaliya-Azərbaycan əlaqələri həm siyasi, həm iqtisadi, həm bütün başqa sahələrdə çox uğurla inkişaf edir. Siz də bilirsiniz ki, İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır. Keçən il ticarət dövriyyəmiz 6 milyard dollara çatmışdır. Bunun böyük hissəsi enerji resurslarına aiddir. Amma mən hesab edirəm ki, gələcək illərdə qeyri-neft sektoru da bizim aramızda xüsusi çəkiyə malik olacaq. Energetika sektoruna gəldikdə, bildiyiniz kimi, yaxın gələcəkdə TAP layihəsi istismara veriləcək və şübhəsiz ki, bu, İtaliya-Azərbaycan əlaqələrini daha da möhkəmləndirəcək.
Bizim humanitar sahə ilə bağlı da böyük planlarımız var və artıq bir çox reallaşan layihələrimiz var. İtaliyaya dövlət səfərim çərçivəsində, eyni zamanda, təhsil sahəsində əməkdaşlıq müzakirə olundu. İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə bağlı razılığa gəlmişik. Bakıya qayıdandan sonra mənim tərəfimdən bu məsələ ilə bağlı müvafiq göstərişlər verilmişdir. Hesab edirəm ki, yaxın gələcəkdə universitet üçün bina da inşa ediləcək. Mən bu məsələni diqqətimdə saxlayıram və mənə müntəzəm olaraq bu məsələ ilə bağlı məlumatlar verilir. Onu da bildirməliyəm ki, mənə verilən məlumat əsasında orada bir neçə fakültə fəaliyyət göstərəcək. O siyahıya baxanda gördüm ki, orada memarlıq fakültəsi yoxdur və təklif etdim ki, bu da əlavə olunsun. Çünki İtaliya memarlığı ümumbəşəri dəyərdir və ölkəmizdə geniş vüsət almış tikinti sektorunun əlbəttə ki, müasir görkəmi olmalıdır. Əlbəttə, İtaliya-Azərbaycan Universitetində təhsil alacaq gənclər iki ölkə arasındakı əlaqələrə xüsusi töhfə verəcəklər.
Mən, eyni zamanda, sizə təşəkkürümü bildirmək istəyirəm ki, siz həm Gəncəyə, həm Ağdama səfər etmisiniz, Ermənistan dövlətinin törətdiyi hərbi cinayətləri görmüsünüz. Ermənistan tərəfindən törədilmiş hərbi cinayətlər göz qabağındadır. Döyüş meydanında məğlubiyyətə uğrayarkən Ermənistan mülki vətəndaşları atəşə tutub. Gəncəni Ermənistan ərazisindən ballistik raketlərlə atəşə tutmuşdur. Bu, hərbi cinayətdir və bu cinayətə görə Ermənistan rəhbərliyi cavab verəcək. Müharibə zamanı 94 mülki şəxs həlak olmuşdur, 400-dən çox yaralanmışdır. Ballistik raketlərlə bu zərbə təsadüfi xarakter daşımırdı, məqsədyönlü şəkildə məhz mülki vətəndaşların yaşadığı məkana gecə vaxtı istiqamətləndirilmişdir ki, daha çox qurbanlar olsun. Ağdam şəhərini də gördünüz. Daha doğrusu, artıq şəhərdən bir şey qalmayıb, orada bütün binalar dağıdılıb. Bu, Ermənistan faşizminin eybəcər sifətini göstərən cinayətdir. Onlar hesab edirdilər ki, azərbaycanlılar bu torpaqlara heç vaxt qayıtmayacaqlar. Amma biz qayıtmışıq, döyüşə-döyüşə onları torpaqlarımızdan qovduq. Onlar bizim qabağımızda diz çökdülər.
İndi ölkəmizin yeni dövrü başlayır, biz bütün o bölgələri yenidən quracağıq. Artıq ilkin addımlar atılır, ilkin infrastruktur layihələrinə start verilib. Amma demək olar ki, Ağdamda gördüyünüz mənzərə azad edilmiş bütün torpaqlarda müşahidə olunur. Füzuli şəhərində də bir dənə salamat bina qalmayıb, Cəbrayıl şəhərində də. Zəngilan, Qubadlı eyni vəziyyətdədir. Kəlbəcər və Laçın rayonlarında Ermənistan dövləti qanunsuz məskunlaşma siyasəti aparmışdır. Bu da hərbi cinayət sayılır, Cenevrə Konvensiyalarına zidd olan bir addımdır. Ona görə bu rayonlarda bəzi yaşayış məntəqələrində bəzi evlər qalıb. Orada ermənilər yaşayırdılar. Ancaq noyabrın 10-dan dekabrın 1-nə qədər - o vaxt çərçivəsində onlar bu bölgələri tərk etməli idilər - onlar orada da vəhşilik törətdilər, evləri yandırdılar, sökdülər. Halbuki o evləri onlar yox, o vaxta qədər - 30 il bundan əvvəl orada yaşamış azərbaycanlılar tikmişdilər. Meşələri yandırdılar, ağacları kəsdilər, yəni, dünyanın gözü qarşısında vəhşilik törətdilər. Beynəlxalq media qurumları da bu barədə reportajlar hazırlayıb mətbuata vermişlər. Bütün dünya indi gördü ki, Azərbaycan hansı vandallarla üz-üzə qalmışdır və bu vandallara qarşı təkbaşına müharibə apararaq öz ərazi bütövlüyünü bərpa etmişdir.
İndi bərpa dövrü başlayır, genişmiqyaslı quruculuq işləri aparılacaq. Əlbəttə ki, Azərbaycan şirkətləri, ilk növbədə, bu işlərdə iştirak edəcək və bizim üçün dost olan ölkələrin şirkətlərini də biz dəvət edəcəyik, daha doğrusu, artıq dəvət etmişik. Mən çox istərdim ki, İtaliya şirkətləri bu işlərdə, yəni, bərpa, yenidənqurma işlərində fəal iştirak etsinlər. İtaliya tərəfinə artıq bu təkliflər verildi. Yaxın günlərdə videokonfrans vasitəsilə ilkin təmaslar olacaq. Əlbəttə, bir daha demək istəyirəm ki, dost ölkələrin şirkətləri bu işlərdə iştirak edəcəklər. Əsl dostluq isə özünü çətin anlarda büruzə verir. Bizim üçün də bu müharibə, eyni zamanda, onu göstərdi ki, Azərbaycanın əsl dostları kimlərdir, hansı ölkələrdir. Biz dostluğu qiymətləndirən xalqıq. Sizin Azərbaycana səfəriniz bir daha onu göstərir ki, İtaliya doğrudan da Azərbaycanın əsl dostudur. Bir daha xoş gəlmisiniz.
İtaliya Deputatlar Palatasının sədr müavini Ettore Rosato dedi:
- Cənab Prezident, bizi qəbul etdiyinizə görə sağ olun. Sizin ölkəniz üçün olduqca xüsusi əhəmiyyət kəsb edən belə bir dövrdə burada olmaqdan məmnunluq hissi duyuruq. Buna görə də Sizə olan dostluq hisslərimizi ifadə etmək üçün əslində bu səfərə çoxdan hazırlaşırdıq. Dedik ki, belə bir əhəmiyyətli dövrdə biz mütləq Sizin ölkənizə gəlməliyik. Zati-aliləri, Sizin də söylədiyiniz kimi, bizim aramızdakı dostluq, onun əlamətləri son illərdə xüsusi olaraq öz təzahürünü tapıb. Əslində ölkələrimiz arasındakı səfərlərə gəldikdə, bu səfərlər çox yüksək səviyyədə təşkil olunmuşdur. İtaliya Respublikası Prezidentinin Sizin ölkənizə rəsmi səfəri münasibətlərimizin inkişafında çox mühüm bir addıma çevrildi. Sizin də Romaya etdiyiniz dövlət səfəri də bizim tərəfimizdən strateji əhəmiyyət kəsb edən bir hadisə kimi qəbul olunur. Biz də Sizə dost olaraq bilirik ki, səfər çərçivəsində bir çox razılaşmalar və xüsusən də, strateji tərəfdaşlıq haqqında mühüm sənəd imzalanıb. Əslində, bunlar elə sazişlərdir ki, onlarda çox konkret öhdəliklər və olduqca vacib mahiyyət əks olunubdur.
Azərbaycan İtaliya üçün enerji daşıyıcılarının ilk ixracatçısıdır. Belə bir keşməkeşli vaxtlarda enerji təhlükəsizliyini etimad göstərib o ölkəyə həvalə edə bilirik ki, o ölkə ilə həqiqətən dostluq münasibətləri olsun. Biz bu dostluğu daha da gücləndirmək istəyirik və münasibətlərimizi daha da şaxələndirmək fikrindəyik.
X X X
İtaliya parlamentinin Deputatlar Palatasının sədr müavini Ettore Rosato Azərbaycanın münaqişədə həyatını itirən mülki şəxslərinə görə başsağlığı verdi, Gəncə və Ağdama səfərlərinə toxundu. O qeyd etdi ki, 30 illik işğal dövründə Ağdamda törədilmiş viranəliyin şahidi olublar. “Hətta inanmaq belə çətin idi ki, burada nə zamansa insanlar yaşayıb”, - deyə vurğuladı.
Ettore Rosato Prezident İlham Əliyevə İtaliya Nümayəndələr Palatası və İtaliya Senatının sədrinin salamlarını çatdırdı.
Sonda xatirə şəkli çəkdirildi.
Daha çox xəbər:
Prezident İlham Əliyev İtaliya Deputatlar Palatasının sədr müavinini qəbul edib
---İtaliya parlamentinin nümayəndələri Ağdama səfər edəcəklər
SiyasətCeyhun Bayramov İtaliya Parlamentinin Deputatlar Palatasının vitse-spikeri ilə görüşüb
SiyasətPrezident İlham Əliyev Xorvatiya Baş nazirinin müavini ilə görüşüb
SiyasətPrezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsini qəbul edib
Siyasət