Siyasət / Cəmiyyət
28 aprel 2021
23

Azərbaycan kommunisti: “28 aprel azadlığın gözəl baharıdır!”

Azərbaycan kommunisti: “28 aprel azadlığın gözəl baharıdır!”
28 aprel 1920-ci ildə Azərbaycan Sovet Sosialist Respublikası yaranmışdır. 1922-ci il martın 12-də Azərbaycan Zaqafqaziya Sovet Sosialist Respublikaları Federativ İttifaqına (ZSSRFİ), dekabrın 13-də birinci Zaqafqaziya Sovetlər qurultayında Zaqafqaziya Sovet Federativ Sosialist Respublikaları (ZSFSR) sırasına, dekabrın 30-da SSRİ birinci Sovetlər qurultayında ZSFSR-in tərkibindən SSRİ-yə daxil olmuşdur. 1936-cı il dekabrın 5-dən 1991-ci ilə qədər SSRİ tərkibində müstəqil respublika olmuşdur.

28 apreli “işğal tarixi” adlandıranlar da var, ancaq kommunistlər bu fikri rədd edirlər. Mövzu ilə əlaqədar Azərbaycan kommunist hərəkatının fəallarından biri Ədalət Abdinovun mövqeyini öyrəndik. 28 apreli azadlığın, qardaşlığın, bərabərliyin gözəl baharı adlandıran tanınmış kommunist dedi:


-Tarixdə inqilablar az olmamışdır. Lakin onlarda heç biri nə kimi şüarlar elan etsə də, tarixin ən kəskin və faciəvi problemlərindən biri olan milli məsələni həll edə bilməmişdi. Azərbaycanda 28 aprel sosialist inqilabı dünyaya milli məsələnin ardıcıl, tamamilə və həmişəlik həll edilməsi nümunəsi göstərmişdir. Öz məzmununa görə proletar inqilabı olan bu tarixi hadisə sonradan Azərbaycanın da müttəfiq olduğu respublikaların çoxmillətli əhalisinin mütləq əksəriyyətinin başlıca mənafeyini əks etdirdi. Azərbaycanın bütün xalqlarının azadlıq, qardaşlıq, beynəlmiləl əməkdaşlıq arzuları, ümidləri və əzmi 28 aprel inqilabında çox böyük qüvvə ilə dərindən ifadə edilirdi.

Azərbaycan Şərqdə sivilizasiyanın ən qədim ocaqlarından biridir. Saysız-hesabsız işğalçılara və əsarətçilərə qarşı mübarizədə Azərbaycan xalqı öz torpağını, dilinin və mədəniyyətinin orijinallığını qoruyub saxlamışdır. İntəhasız müharibələr və basqınlar, ağır ehtiyac, dini cəhalət, əhalinin baçdan-başa savadsızlığı, amansız sosial və milli zülm, siyasi hüquqsuzluq – öz əlləri ilə yaratdığı maddi nemətlərdən və mənəvi sərvətlərdən məhrum edilən əməkçi Azərbaycan xalqının nəsibi bunlar idi. 28 aprel inqilabı bu kədərli və acınacaqlı tarixə son qoydu.

Azərbaycanın SSRİ-nin tərkibinə daxil olmasından danışarkən qeyd etmək lazımdır ki, ZSFSR-in tərkibində Sovet Azərbaycanı SSRİ-nin yaradılmasının təşəbbüsçülərindən biri kimi çıxış edərək, qardaş respublikalarla ittifaq şəraitində öz suverenliyini möhkəmləndirdi, milli sosialist dövlətini inkişaf etdirdi, ictimai həyatın bütün sahələrində ən qısa müddətdə əsaslı dəyişikliklər keçirdi. Digər tərəfdən xalqımızın tarixi müqəddaratı nə qədər təkraredilməz və spesifik olsa da, özünün bir çox cəhətləri ilə SSRİ-nin digər xalqlarının tarixi müqəddəratına bənzəyir, başlıca cəhətdən isə vəhdət təşkil edir. Bu başlıca cəhət inqilabi mübarizənin, sosializm quruculuğunun birgə yoludur. Müttəfiq respublikaların, o cümlədən Azərbaycanın bütün millətlərinin keçmişdə zülm altında olan zəhmətkeş kütlələri məhz bu yolla getməklə tarixin əsl yaradıcılarına çevrilmiş, istismarçı qurluşu kökündən məhv etmiş, əsrlərdən bəri davam edən geriliyi aradan qaldırmış, mütərəqqi sosializm cəmiyyətini qurdular. Sovet Sosialist Respublikaları İttifaqının yaradılması Böyük Oktyabr işinin davamı, ölkənin bütün millətlərinin və xalqlarının tarixi yaradıcılığının bıhrəsi oldu. Bir sözlə, Sovet Respublikaları İttifaqı bütün xalqların azadlıq, istiqlaliyyət və tərəqqisi üçün təminata çevrildi.

28 aprel Azərbaycan xalqının həyat və məişətinin dərin qatlarını kökündən dəyişilməsi üçün şərait yaratdı. Azərbaycana bir ictimai sistem kimi sosializmin mahiyyətini və istiqamətini hərtərəfli ifadə edən yeni meyllər və səciyyələr gətirdi. Bu tarixi hadisə sayəsində sosialist ictimai münasibətlərin bərqərar olması gedişində iqtisadi, siyasi və mədəni sahələrdə faktik bərabərsizliyi aradan qaldırdı.

Burjua sağçı liberalların 101 il öncə Azərbaycanda döğan 28 aprel günəşinə əsassız kölkə salmaq cəhdi əbəsdir. Bu unudulmaz tarixin Azərbaycan kommunistləri, sadə zəhmətkeşlər tərəfindən hər il qeyd edilməsi böyük tərbiyəvi əhəmiyyəti olan şanlı və faydalı ənənəyə çevrilmişdir. Bununla da Sovet Azərbaycanın misilsiz müvəffəqiyyətləri və nailiyyətləri təkrar layiqincə qiymətləndirilir, sosialist həyat tərzinin burjua həyat tərzindən şəksiz tarixi üstünlükləri göstərilir.

Sovet Azərbaycanın müvəffəqiyyətləri məhz respublikanın inkişafının sosial-iqtisadi, ictimai-siyasi, dövlət-hüquq, mənəvi-ideoloji və mədəni problemlər kompleksinin ardıcıl həyata keçirilməsinin nəticəsi idi. Kommunistlər yeni həyat quruculuğunun ən mürəkkəb məsələlərini həll edərkən hər bir xalqın konkret şəraitini, sosial və mənəvi həyatının xüsusiyyətlərini, onun tarixən təşəkkül tapmış ənənələrini nəzərə alırdılar.

Bu əlamətdar tarixi hadisədən danışarkən, Nəriman Nərimanovun misilsiz əməyini xüsusilə qeyd etmək istəyirəm. N.Nərimanov Azərbaycanı hər cəhətdən nümunəvi sosialist respublikası kimi görməyi arzulayır və belə hesab edirdi ki, bütün böyük çoxmillətli Şərqdə kommunistlərin işinin xeyrinə ən yaxşı təşviqat, ən yaxşı təbliğat olar. Azərbaycanda Sovet hakimiyyətinin qələbəsindən dörd ay sonra Bakıda Şərq xalqlarının birinci qurultayının keçirilməsinin təşəbbüskarlarından biri də Nəriman Nərimanov olmuşdur. Qurultayda 40 ölkədən təxminən iki min nümayəndə iştirak edirdi. Qurultay belə bir şüar elan etdi: “Bütün ölkələrin proletarları və məzlum xalqları, birləşin!”. Lenin də bu şüarı bəyənmişdi.

Qəbul etmək lazımdır ki, əsası 28 apreldə qoyulmuş sosialistcəsinə inkişafın tarixi təcrübəsi marksizm-leninizm təliminin dərin həqiqiliyinə və qadir inqilabi – dəyişdirici qüvvəsinə parlaq sübutdur.



Söhbəti yazdı:
Xumar Rüstəmova,
Millitv.az