Təhsil
19 may 2020
72

Qəbul imtahanında abituriyentlərə veriləcək tapşırıqların sayı artırıldı

Milliinfo.az

Qəbul imtahanında abituriyentlərə veriləcək tapşırıqların sayı artırıldı



Qəbul imtahanında abituriyentlərə veriləcək tapşırıqların sayı artırıldıNazirlər Kabineti “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nda müvəqqəti dəyişikliklər edib.

"Report" xəbər verir ki, qərara əsasən, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən qəbul imtahanında abituriyentlərə Azərbaycan dili və ya rus dili fənnindən 30, xarici dil fənnindən 30 və riyaziyyat fənnindən 30 olmaqla, ümumilikdə 90 tapşırıq təqdim ediləcək. Bu mərhələdə 8 abituriyentlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 100 bal olmaqla, cəmi 300 bal olacaq. İmtahanın davametmə müddəti 3 saatdır.

İndiyədək isə qəbul imtahanı DİM tərəfindən mərkəzləşdirilmiş qaydada aşağıdakı iki mərhələdə keçirilirdi:

- birinci mərhələdə abituriyentlərə Azərbaycan və ya rus dili fənnindən 20, xarici dil fənnindən 15 və riyaziyyat fənnindən 10 olmaqla, ümumilikdə 45 tapşırıq təqdim edilirdi. Bu mərhələdə abituriyentlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 30 bal olmaqla, cəmi 90 bal idi.

- ikinci mərhələdə də abituriyentlərə Azərbaycan və ya rus dili fənnindən 30, xarici dil fənnindən 30 və riyaziyyat fənnindən 30 olmaqla, ümumilikdə 90 tapşırıq təqdim edilir. Bu mərhələdə isə abituriyentlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 70 bal olmaqla, cəmi 210 bal idi.

Qeyd olunub ki, qəbul imtahanını rus dilində verən abituriyentlər Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca test imtahanı verirlər. İmtahanda abituriyentlərə Azərbaycan dili (dövlət dili kimi) fənnindən 30 tapşırıq təqdim edilir. Abituriyentlərin toplaya biləcəyi maksimal bal 30 baldır. İmtahanın davametmə müddəti 1 saat30 dəqiqədən, 45 dəqiqəyə endirilib. Bu imtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir və “məqbul” alanlar iki (cari və növbəti) tədris ili üçün keçirilən müsabiqələrdə qəbul imtahanlarına (ixtisas seçiminə) buraxılırlar.

Qəbul imtahanının məzmunu, yəni təhsilalanlara təqdim edilən tapşırıqların növü və qiymətləndirilmə qaydası Mərkəz tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən olunur və hər il tədris ilinin başlanılmasından 1 ay müddət keçənədək elan edilir. İmtahan suallarının məzmunu Mərkəz tərəfindən hazırlanmış və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla təsdiq edilmiş imtahan fənləri üzrə qəbul proqramlarına uyğun müəyyən edilir. İmtahanların keçiriləcəyi günlər və imtahanların aparılması texnologiyası Mərkəz tərəfindən müəyyənləşdirilir.

"Qəbul imtahanının birinci mərhələsində iştirak etməyən abituriyent ikinci mərhələyə, ikinci mərhələdə iştirak etməyən abituriyent isə ixtisas seçiminə buraxılmır" bəndi isə ləğv edilib.

Bu qərar 2020-ci il oktyabrın 1-dək qüvvədədir.