Təhsil
03 iyul 2020
61

“Planetlərin paradı” başlayır 03.07.2020 [14:43]

Milliinfo.az

“Planetlərin paradı” başlayır



“Planetlərin paradı” başlayır 03.07.2020 [14:43]


İyulun 4-də Günəş sistemindəki bütün planetlər Günəşdən eyni istiqamətdə bir düz xətt boyunca sıraya düzüləcək. “Planetlərin paradı” adlanan bu düzülüş olduqca maraqlı və valehedici astronomik hadisədir.

Bu barədə AZƏRTAC-a AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Bildirilib ki, “Planetlərin paradı” Günəş sistemində iki formada olur: kiçik planetlərin paradı - bu hadisə Günəş sistemindəki kiçik planetlərin, yəni Merkuri, Venera, Yer və Marsın iştirakı ilə baş verir və böyük planetlərin paradı - bu hadisə isə Uran, Saturn, Yupiter, Neptunun iştirakı ilə yaşanır. Lakin bəzən bu planetlərin hamısı bir düz xətt boyunca düzülür ki, bu, “Planetlərin tam paradı” adlanır.

Cırtdan planet kimi təsnif edilən Pluton, habelə Günəş sistemində olan 8 planetin hamısı iyulun 4-də bir düz xətt halında olacaq. Lakin iyul ayı boyunca davam edəcək planetlərin paradı tam şəkildə görünməyəcək. Belə ki, Uran, Neptun və Pluton çox uzaq olduqları üçün adi gözlə görünmürlər. Mars, Yupiter, Saturn gecə vaxtı, Venera səhər saatlarında görünəcək, Merkuri isə Günəşə yaxın olduğu üçün görünməyəcək.

Bu astronomik hadisə zamanı Günəşin özündə və planetlərdə qabarma qüvvəsi yarana bilər. Belə halda Günəşdə baş verən partlayışlarda artım və ya güclənmə müşahidə olunması mümkündür. Digər tərəfdən isə planetlərin özündə tektonik fəaliyyətlər yaşana bilər. Bununla belə, “Planetlərin paradı”nın bizim planetimiz və üzərindəki canlılara heç bir mənfi təsiri olmayacaq.

Sonuncu dəfə bu nadir astronomik hadisə 1982-ci il martın 10-da baş verib. Həmin vaxt Günəş sistemindəki bütün planetlər ondan eyni tərəfdə, 95 dərəcə bucaqlı sektorda toplaşıb. Növbəti belə “Tam Planetlər Paradı”nın 2161 və 2492-ci ildə olacağı proqnozlaşdırılır.