Təhsil
07 iyul 2020
42

Bakı Dövlət Universitetinin əlaçı məzunları: Buraxılış işi müdafiəsini könüllü olaraq seçdik

Milliinfo.az

Bakı Dövlət Universitetinin əlaçı məzunları: Buraxılış işi müdafiəsini könüllü olaraq seçdik




Bakı Dövlət Universitetinin əlaçı məzunları: Buraxılış işi müdafiəsini könüllü olaraq seçdik


Koronavirus (COVID-19) pandemiyası dünya ölkələrində həyatın bütün sahələrində ciddi problemlər törətməkdə davam edir. Ölkəmizdə bu problemin cilovlanması, mənfi təsirlərinin neytrallaşdırılması üçün qətiyyətli tədbirlər reallaşdırıldı. Nəticədə Bakı Dövlət Universiteti (BDU) bu çətin günlərdə tədris prosesini onlayn formata keçirməklə, ikinci semestrin imtahan sessiyası və buraxılış işlərinin müdafiəsinin uğurla təşkilini təmin edə bildi. Beləliklə, BDU-nun buraxılış işi müdafiə edən sonuncu kurs tələbələri ali təhsil ocağı qarşısında son öhdəliklərini də uğurla başa vururlar. Universitetin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi imtahanların gedişi, tələbələrin yeni vəziyyətə uyğunlaşması, buraxılış işlərinin onlayn müdafiəsi barədə mütəmadi olaraq professor-müəllim heyəti və tələbələrin fikirlərini ictimaiyyətə təqdim edir.

AZƏRTAC ali məktəbin sonuncu kurs tələbələrinin tədqiqat işlərinin yazılması, müdafiəyə prosesi ilə bağlı fikirlərini təqdim edir.

Jurnalistika fakültəsindən Zeynəb Mirzəyeva: “Dörd il əvvəl tələbə adını qazandım. Bu gün isə böyük bir iftixarla BDU-nun Jurnalistika fakültəsinin məzunu oluram. İmtahan həyəcanı, yuxusuz gecələr, sessiya stressi, tələbəlik illərinin sevinc və kədərli, bəzən qayğılı, ömrün təkrar olunmaz anları artıq geridə qalır. Həyatımın unudulmaz möhtəşəm bir mərhələsini geridə qoyaraq müstəqil, eyni zamanda, məsuliyyətli dövrünə qədəm qoyuram”.

Z.Mirzəyeva qeyd edib ki, Azərbaycanda bu ilin martından xüsusi karantin rejiminin tətbiqi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin, eləcə də kitabxanaların fəaliyyətinin dayandırılmasına səbəb oldu. Belə vəziyyət buraxılış işi hazırlayan son kurs tələbələri üçün də bir sıra yeniliklər yaratdı. Elmi işimin hazırlanmasında yerli və xarici kitabxanaların elektron kataloqlarından dərsliklər, qəzet və elmi jurnalların veb-səhifələrində dərc olunmuş məqalələrdən istifadə etdim. İşi elektron formada elmi rəhbərimə göndərdim və onun ümumi rəyi, təklif və iradları əsasında düzəlişlərimi etdim. Nəticədə müdafiəmi uğurla başa vura bildim. Təbii ki, universitet rəhbərliyinin biz tələbələri düşünərək verdiyi qərar və güzəştlər də köməyimizə çatdı. Belə bir şəraitdə müəllimlərimizin bizə psixoloji dəstəyi danılmazdır.

Şərqşünaslıq fakültəsindən Toğrul Qiyaslı: “Fakültənin Tərcümə ərəb dili ixtisasında qrupumuzdan altı nəfər diplom işi müdafiə edir. Diplom müdafiəsini seçməyimin əsas səbəbi daha çox çalışmaq, elmə olan həvəsim, onlayn tədris sisteminin uğurlu təşkili oldu. Əlbəttə ki, müəllimlərin və universitet kollektivinin dəstəyi də mühüm rol oynadı. BDU respublikanın, eləcə də Şərqin ilk ali təhsil ocağı, ən nüfuzlu universitetidir. Burada aparılan uğurlu islahatlardan faydalanmaq 4 illik təhsil həyatımda prioritet məqsədim olub. Buraxılış işini hazırlayarkən təhsil aldığım ixtisas üzrə elmi-tədqiqat müstəvisində daha geniş biliklər əldə etdim. Müdafiə prosesində yüksək nəticə qazanacağıma inanıram. Hədəfim yüksəkixtisaslı mütəxəssis olmaq, ölkəmiz üçün faydalı işlər görməkdir”.

Tarix fakültəsinin tələbəsi Lalə Əsgərova: “Nə yaxşı ki gələcəyə gedən yolda özümə bələdçi kimi Bakı Dövlət Universitetini seçdim. BDU-nun inkişafını, aparılan uğurlu islahatları, tədris prosesinin yeni standartlara uyğunlaşdırılması tendensiyasını yaxından izləyirəm. Diplom işini seçməyimin səbəbinə gəlincə, 100 illik tarixə malik olan ali təhsil müəssisəsində buraxılış işi yazmaqla, araşdırma ilə məşğul olmaqla aldığım biliklərin daha da dərinləşəcəyini düşünürəm. Təhsil aldığım müddətdə arzum təkcə əlaçı tələbə deyil, eyni zamanda, BDU kimi böyük təhsil məbədində ilk elmi addımlar atmaq olub. Hədəfim uğrunda rəqabətin güclü olduğunu bilirəm, müdafiə prosesində də ən yüksək nəticəni göstərəcəyimə inanıram”.

Mexanika-riyaziyyat fakültəsinin IV kurs - "SABAH" qruplarının tələbəsi Mədinə Babayeva: “Pandemiya şəraiti olmasına baxmayaraq, təhsil aldığım qrupun 37 faizinin diplom müdafiəsini seçməyini təqdirəlayiq hesab edirəm. Belə ki, təqdim edilən bir sıra güzəştlərdən, yəni ümumi orta müvəffəqiyyət göstəricisindən yararlana bilərdim. Elmi rəhbərimlə daim onlayn əlaqə saxlayır, yaranan problemləri aradan qaldırmağa çalışırdıq. Mövcud şəraitlə əlaqədar materialın mənbələrdən toplanması, ədəbiyyatın hazırlanması, düsturların tamamlanması nə qədər çətin olsa da, bunun öhdəsindən müvəffəqiyyətlə gələcəyimə inanırdım. Müdafiə zamanı fakültə dekanımız professor Nizaməddin İsgəndərovun “Siz əsl qəhrəmanlarsız ki, belə bir şəraitdə diplom müdafiəsi seçmisiniz” deməsi məni bir daha əmin etdi ki, ümumi orta müvəffəqiyyət göstəricimdən daha yüksək hədəf seçməyim mütləq doğru addım və qürurverici hissdir. Diplom müdafiəsində maksimumal balla qiymətləndirildim. Başda universitet rəhbərliyi və müəllimlərimiz olmaqla əməyi keçən hər kəsə minnətdarlığımı bildirirəm”.