Dünya
14 may 2024
0

Şoyqu, Patruşev, Belousov ÜÇBUCAĞI – Kremldəki vəzifə dəyişikliklərinin PƏRDƏARXASI


Növbəti dəfə Rusiya Prezidenti seçilən Vladimir Putin yeni hökumətin formalaşması ilə əlaqədar güc strukturlarında radikal dəyişikliklərə getdi. Mayın 12-də Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqunun Təhlükəsizlik Şurasının katibi təyin edilməsi haqqında fərman imzalayıb.

Putinin digər fərmanı ilə 2008-ci ilin mayından bu vəzifədə çalışan Nikolay Patruşev “başqa işə keçməsi ilə əlaqədar” vəzifəsindən azad edilib.

Qeyd edək ki, Sergey Şoyqu 2012-ci ildən müdafiə naziri vəzifəsindədir.

Putin Nazirlər Kabineti istefaya getməzdən əvvəl Baş nazirin birinci müavini vəzifəsində çalışmış Andrey Belousovun yeni müdafiə naziri təyin edilməsini təklif edib. Məlumata görə, onun namizədliyinə Federasiya Şurası mayın 13-14-də baxacaq.

Kremlin sözçüsü Dmitri Peskov yerli mediaya bildirib ki, Şoyqu Təhlükəsizlik Şurasının katibi kimi eyni vaxtda Hərbi-Sənaye Komissiyasında sədr müavini olacaq. Həmçinin Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətə (FSMTC) rəhbərlik edəcək.

V.Putinin müdafiə naziri vəzifəsinə A.Belousovu təklif etmək qərarını izah edən D.Peskov deyib ki, güclər blokunun iqtisadiyyatını ölkə iqtisadiyyatına, yəni onu indiki məqamın dinamikasına uyğunlaşdırmaq çox vacibdir:

“Bu gün döyüş meydanında qalib yeniliyə daha açıq olandır. Ona görə də təbiidir ki, hazırkı mərhələdə prezident Müdafiə Nazirliyinə mülki şəxsin rəhbərlik etməsinə qərar verib”.

Görəsən, Kremldə nə baş verir ki, Putin güc strukturlarında belə radikal dəyişikliklərə gedir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Milli Məclisin deputatı Fazil Mustafanın fikrincə, Putinin güc strukturlarına münasibətdə atdığı radikal addım kriminogen vəziyyət, habelə ölkənin müharibə ilə bağlı yürüdülən siyasətindəki problemlərlə bağlıdır:

“Müharibə dövrünün ekstremal vəziyyətinin ortaya çıxardığı və öz həllini tapmayan bir sıra problemləri, görünür, Rusiyanın güc strukturlarında belə bir dəyişikliyə səbəb olub. Putinin aldığı qərarlar yəqin ki, müharibə ilə əlaqəlidir. Səfərbərliklə bağlı müəyyən problemlər var ki, onun ətrafında da bir sıra ciddi narahatedici boşluqlar üzə çıxıb. Görünür, Putinin güc strukturlarında etdiyi kadr dəyişikliyi də məhz bununla əlaqəlidir.

Amma bütövlükdə parlamentin, yaxud da hansısa digər strukturların mahiyyətində hər hansı bir dəyişiklik yoxdur. Kadr dəyişikliyi daha çox güc strukturlarına aiddirsə, onda bu həm kriminogen vəziyyət, həm də ölkənin müharibə ilə bağlı yürüdülən siyasətindəki problemlərlə əlaqədar ola bilər. Ona görə də Kreml rəhbəri tərəfindən belə addımların atılması gözlənilən idi”.

Bizim.Media