Gündəm / Siyasət
31 mart 2023
0
Diaspor təşkilatları beynəlxalq ictimaiyyəti 31 mart soyqırımına hüquqi-siyasi qiymət verməyə çağırıb
Xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri dünya birliyindən 1918-ci ilin mart hadisələrinə hüquqi-siyasi qiymət verilməsini və soyqırımı kimi tanınmasını tələb edən bəyanat yayıblar.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bəyanatda bildirilib ki, bolşeviklərlə erməni silahlı quldur dəstələrinin 1918-ci il martın 30-dan aprelin 3-dək Azərbaycanda törətdikləri qanlı qırğınlar ermənilərin azərbaycanlılara, o cümlədən insanlığa qarşı törətdiyi soyqırımlardan biridir:
“On minlərlə dinc, əliyalın insanı vəhşicəsinə öldürmək, yandırmaq, işgəncə vermək ermənilərin qəddarlığının bariz göstəricisidir. Erməni daşnaklarının törətdiyi bu soyqırımı zamanı Şamaxı qəzasının 110 kəndi, Quba qəzasının 167 kəndi, Qarabağın 150-dən çox kəndi, Zəngəzur qəzasının 115 kəndi, Qars vilayətinin 98 kəndi dağıdılıb, yandırılıb, qadınlar, uşaqlar və yaşlılar da daxil olmaqla ümumilikdə on minlərlə dinc sakin etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib. Qədim Azərbaycan torpağı olan İrəvan şəhərində və onun ətrafında 199 kənd dağıdılıb, 132 min azərbaycanlı qətlə yetirilib. Quba rayonunda aşkar edilmiş kütləvi məzarlıq 1918-ci ildə ermənilərin törətdikləri soyqırımı cinayətlərini əyani olaraq sübut edir”.
Azərbaycan dövlətinin soyqırımın tanıdılması istiqamətində fəaliyyət göstərdiyini vurğulayan bəyanat müəllifləri nəzərə çatdırıblar ki, müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanda bu hadisələrə siyasi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalması rəsmi surətdə bəyan edilib. Prezident İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba Soyqırımı Memorial Kompleksinin yaradılmasına qərar verilib.
Ermənilərin qəddarlığının, azərbaycanlıların deportasiyasının sovet hakimiyyəti illərində də davam etdiyi, 31 Mart soyqırımına dünya ictimaiyyəti tərəfindən indiyə qədər hüquqi-siyasi qiymət verilmədiyi, cəzasızlıq mühitinin ermənilərin yeni soyqırımlar törətməsinə səbəb olduğu vurğulanıb:
“Biz - Azərbaycanda və dünyada fəaliyyət göstərən təşkilatların təmsilçiləri Azərbaycan Respublikasının müvafiq qurumlarının bu istiqamətdə gördüyü işləri dəstəkləyir, dünya birliyindən 31 Mart faciəsinə hüquqi-siyasi qiymət verilməsini və soyqırımı kimi tanınmasını tələb edirik”.
Daha çox xəbər:
Ombudsman 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
Gündəm / CəmiyyətErmənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımından 104 il ötür
Gündəm / HadisəAzərbaycanlılara qarşı soyqırımından 105 il ötür
Gündəm / SiyasətXİN-dən Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı BƏYANAT
Gündəm / SiyasətTürk Şurasının Baş katibi qondarma “erməni soyqırımı" məsələsi ilə bağlı bəyanat yayıb
Siyasət / Dünya