Gündəm / Siyasət
02 iyun 2023
0

“Fərid Səfərli ilə görüş üçün tədbirlər görülür” - Rəsmi

“Fərid Səfərli ilə görüş üçün tədbirlər görülür” - Rəsmi


Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Azərbaycan vətəndaşı Fərid Səfərlinin İranda həbs olunması ilə bağlı məlumatı şərh edib.

Ayxan Hacızadə bildirib ki, bununla bağlı İrana nota verilib: "Tərəfimizdən 9 mart tarixli mətbuat açıqlamasında qeyd olunduğu kimi, Fərid Səfərli barədə məlumat Xarici İşlər Nazirliyinə daxil olan gündən, yəni 9 mart tarixindən etibarən vətəndaşın aqibətinin müəyyən edilməsi və İran tərəfindən məsələyə aydınlıq gətirilməsi məqsədilə, müvafiq olaraq İranın ölkəmizdəki səfirliyinə nota ünvanlanıb.

Tərəfimizdən edilmiş çoxsaylı müraciətlərdən sonra, İran tərəfi notamıza cavab olaraq, Fərid Səfərlinin həbs olunaraq, ona qarşı cinayət işi başladıldığını bildirib. Bu barədə, F.Səfirlinin ailəsinə müvafiq məlumat verilib.

Məlum terror hadisəsi ilə bağlı Azərbaycanın İrandakı diplomatik təmsilçiliyinin məhdud olmasına baxmayaraq, Fərid Səfərli barədə məlumat verildiyi ilk gündən etibarən, həm Xarici İşlər Nazirliyi tərəfindən, həm də Təbrizdəki Baş konsulluğumuz tərəfindən İranın aidiyyəti qurumları ilə müzakirələr aparılmaqdadır.

Bununla yanaşı, F.Səfərlinin ailəsi və özü ilə mütəmadi əlaqə saxlanılır. Yaxın zamanlarda Təbrizdəki Baş konsulluğumuz tərəfindən Fərid Səfərli ilə görüşün keçirilməsi üçün tədbirlər görülür".

Xatırladaq ki, İrana dostunu görmək üçün gedən Almaniyanın Yena Universitetinin azərbaycanlı tələbəsi, 27 yaşlı Fərid Səfərliyə casusluq ittihamı irəli sürülüb.

"Qafqazinfo"