Gündəm / Cəmiyyət
03 iyul 2023
0

İran məhkəməsi Ukrayna təyyarəsinin vurulması ilə bağlı yekun qərarını verib


İran məhkəməsi Ukraynaya məxsus “Boeing 737-800” təyyarəsinin vurulmasına görə məsuliyyət daşıyan 10 nəfərlə bağlı yekun qərarını verib.

Bu barədə İİR Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani bugünkü mətbuat konfransında danışıb.

“Qəzanın İran ərazisində baş verdiyini nəzərə alaraq, məhkəmə işi tam araşdırıb və bu qəzaya görə məsuliyyət daşıyan 10 məmurla bağlı yekun qərar qəbul edib”, - deyə diplomat bildirib.

Qeyd edək ki, aprel ayında İran məhkəməsi 10 hərbçi barəsində hökm çıxarmışdı. “Tor M-1” zenit-raket kompleksinin ekipaj komandiri 13 il müddətinə azadlıqdan məhrum edilib, “Tor M-1” ekipajının hərbçiləri və Tehrandakı Regional Əməliyyatlara Nəzarət Mərkəzinin nümayəndələri də daxil olmaqla, iş üzrə doqquz digər təqsirləndirilən şəxs 1,5-3 il müddətinə həbsə məhkum olub. Məhkəmə qərarına əsasən, onlar həlak olanların ailələrinə hər ölən şəxsə görə 150 ​​min dollar məbləğində təzminat ödəməlidirlər.
Xatırladaq ki, Kiyevə yollanan Ukrayna Beynəlxalq Hava Yollarına məxsus “Boeing” 8 yanvar 2020-ci ildə Tehran hava limanından qalxdıqdan qısa müddət sonra partlayıb. Ölən 176 nəfər arasında Əfqanıstan, İngiltərə, Almaniya, İran, Kanada, Ukrayna və İsveç vətəndaşları olub. Yanvarın 11-də İran hərbçiləri hərbi obyektin yaxınlığında uçan “Boeing”i səhvən vurduqlarını və təyyarəni “düşmən hədəfi”ylə səhv saldıqlarını açıqlayıblar.

Mənbə: Tasnim