Gündəm / Dünya
04 avqust 2023
0

Ukrayna cəbhədə niyə yavaş irəliləyir? - TƏHLİL



Ukraynanın Rusiya hərbi kampaniyasına qarşı əks-hücum əməliyyatları gözlənildiyindən yavaş şəkildə irəliləyir. Ancaq unudulmamalıdır ki, Ukrayna müharibənin şiddətini Rusiya ərazilərində hiss etdirir, artıq Kiyev öz rəqibinin daxilində həyata keçirdiyi hərbi əməliyyatları, dron zərbələrini öz üzərinə götürməkdən çəkinmir. Bildirək ki, Ukraynanın Rusiya ərazisinə aviazərbələr endirməsi onun legitim hüququdur.

Bu, müharibədə Rusiyanı daxildən didib onu işğal kampaniyasından çəkindirmək ssenarisinin aktiv hərbi fazasıdır, hərçənd ki, Ukrayna öz ərazilərində donmuş cəbhə xətlərini yarmaqda çətinlik çəkir.

Hər halda müharibənin Rusiya ərazisindəki aktivləşən hərbi təzahürləri Qərb-Moskva strateji savaşında fərqli mənzərə yarada bilər.

Ancaq bu, hələ ki Ukrayna üçün kifayət deyil, çünki Kiyev NATO tərəfindən təhlükəsizlik zəmanətləri almaqda problemlərlə üzləşib, bu yol xəritəsinin olmaması döyüş meydanında mövcud olan iki problem fonunda əlavə yükdür.

Birincisi, Ukrayna əks-hücum əməliyyatlarında effektiv nəticələrə nail olmaq üçün canlı qüvvə çatışmazlıqlarını doldurmalıdır.

İkincisi, Ukrayna NATO-dan Rusiyanı geri oturtmaq üçün lazım ola biləcək hərtərəfli hərbi-təhlükəsizlik dəstəkləri ala bilmir: buraya silahların tədarükündəki problemlərdən tutmuş, Alyansla Moskva arasında, əslində, qarşılıqlı təhlükəsizlikdə “qırmızı xət”lərin tapdalanmamasını əhatə edən böyük bir sövdələşmə kompleksi daxildir.

Beləcə, Ukrayna diplomatiya ilə müharibənin tələblərini Rusiyaya qarşı ən iti ox kimi tarazlaşdırmaqda çətinliklərlə üzləşir.

Ukrayna özünün ərazi suverenliyini bərpa edib bunu beynəlxalq siyasətin məhvərini Rusiyaya qarşı həlledici şəkildə dəyişmək üçün yalnız və yalnız:

- Rusiyanın cəbhə xəttində sıx, yaxşı hazırlanmış müdafiə mövqelərini yarmalı,
- Əldə etdiyi mövqeləri hərbi manevr sahəsi üçün genişləndirməli,

- Daha sonra Rusiyanın digər zonalardakı qüvvələrini tez bir zamanda mühasirəyə almağı bacarıb coğrafi məqsədlərə doğru irəliləməlidir.

Onu da qeyd etmək lazımdır ki, Ukrayna ordusu istehkamları yarmağa cəhd etdikcə, mina sahələrinə yaxınlaşdıqda, Rusiyanın intensiv aviazərbələrinə məruz qalır. Atılan raketlər Rusiyanın cəbhədəki müdafiəsini gücləndirir.

Bunlar Ukrayna üçün taktiki çətinliklərdir, lakin bu, onun üçün uğur qazanılmasını mümkünsüz etmir. Ta o zamana qədər ki, Rusiya nüvə silahına əl atıb müharibəni öz maraqları kontekstində dondurmasın.

Ukraynanın əks-hücum əməliyyatlarındakı uğurun sistematik təsvirlərinin təqdim edilməsi üçün Kiyevin cəbhədə uğur qazanmasından başqa çarəsi qalmır, ancaq bunun nəyin hesabına edilə biləcəyi ətrafında Qərbin özündə belə, vahid mövqe yoxdur.

Ukraynaya siyasi dəstəklərə nisbətdə hərbi dəstəklərdə limitlər tətbiq edilməsə və Rusiya nüvə şantajına keçməsə, üstəgəl, Kiyev lazımi şəkildə ordunun komplektləşdirməsini qursa, müəyyən uğurlar qazanacaq.