Gündəm / Dünya
12 sentyabr 2023
0

Dünyada İLK: 20 ildən sonra süni intellekt sayəsində danışdı

Dünyada İLK: 20 ildən sonra süni intellekt sayəsində danışdı

ABŞ-da 20 ilə yaxındır iflic olan xəstə süni intellektin dəstəklədiyi neyrotexnologiya sayəsində mücərrəd anlayışlarla mürəkkəb cümlələr qura bilib.

ABŞ alimləri bu kəşfi öz sahəsində bir ilk kimi qiymətləndirirlər.

ABŞ-da Ann Conson adlı qadın təxminən 20 il əvvəl, 30 yaşlarında olarkən voleybol oynayarkən keçirdiyi qəzadan sonra beyin sapı insult sindromundan əziyyət çəkib. Conson uzun müddət bədənində heç bir əzələni hərəkət etdirə bilməyib və danışma qabiliyyətini itirib.

İllərdir vegetativ vəziyyətdə yaşayan Conson sonradan nəfəsini idarə etmək, boynunu hərəkət etdirmək və yalnız bir neçə söz danışmaq qabiliyyətini bərpa etsə də, vəziyyəti uzun müddət sabit qalıb.

Kaliforniya Universiteti (San-Fransisko-UCSF) və Kaliforniya Berkli Universiteti (UBC) tərəfindən birgə həyata keçirilən layihə çərçivəsində Ann Conson beyin ilə nitq və üz ifadələrini müəyyən edə bilən novator neyrotexnologiyadan uğurla istifadə edən ilk xəstə olub.

Layihəyə rəhbərlik edən elm adamlarının iddialarına görə, inkişaf etdirilən beyin implantı ilə Consonun beyninə 253 elektroddan ibarət nazik təbəqə yerləşdirilib və bu sistem zehni siqnalları oxuyan və deşifrə edən süni intellekt texnologiyası ilə dəstəklənib.

Daha sonra əldə edilən məlumatlar daha ətraflı araşdırılmış və nəticələr dünyanın ən nüfuzlu resenziyalı tibbi jurnallarından biri olan "Nature"da dərc edilib.