Gündəm / Cəmiyyət
02 noyabr 2023
0

Netanyahunun vəzifədə sayılı günləri qalıb


ABŞ prezidenti Co Bayden və köməkçiləri İsrailin baş naziri Benyamin Netanyahunun tezliklə istefaya getməyə məcbur ola biləcəyinə inanırlar.

Bu barədə "Politico" Bayden administrasiyasının hazırkı və keçmiş yüksək vəzifəli məmurlarına istinadən yazır.

Onların sözlərinə görə, Ağ Ev əmindir ki, Netanyahunun hökumət başçısı kimi günləri sayılı qalıb. Məlumata görə, Baydenin Təl-Əvivə səfəri dəstək xarakteri daşıyırdı, lakin özəl olaraq o, İsrailin baş nazirini ehtiyatlı davranmağa çağırıb. Xüsusilə, ABŞ prezidenti Netanyahuya mümkün varislə bölüşə biləcəyi dərslər barədə artıq düşünməyi tövsiyə edib. Bu, yəqin ki, onun İsraildəki müharibə bitənə qədər postunu tutmayacağına inamından xəbər verir.

Qeyd olunur ki, Ağ Evin mövqeyi Netanyahunun oktyabrın 7-də HƏMAS-ın hücumuna görə vətəndaşların qəzəbindən zəiflədiyi fərziyyəsinə əsaslanır.

Eyni zamanda administrasiya nümayəndəsi qeyd edir ki, İsrailin baş naziri üçün “siyasi nekroloq” vaxtından əvvəl yazılıb.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS terrorçuları İsrail ərazisinə kütləvi hücuma keçərək, sərhəd yaşayış məntəqələrinə soxularaq orada çoxlu insanı öldürüb, girov götürüblər. İsrail Müdafiə Qüvvələri (IDF) ərazini yaraqlılardan təmizləyib, Qəzza zolağına zərbələri gücləndirib və HƏMAS-ı tamamilə məhv etmək üçün əməliyyat elan edib.