Gündəm / İqtisadiyyat
17 yanvar 2024
0
Alıcılar razı, satıcılar narazıdır: "Trendyol" yerli bazarı "öldürür"?
Azərbaycanda fəaliyyət göstərən kiçik sahibkarlar "Trendyol"la bağlı narazılıqlarını dilə gətirirlər. Kiçik bizneslə məşğul olanlar, bəzi xırda sahibkarlar “Trendyol”un yerli bazarı “öldürürdüyünü” söyləyir.
Həqiqətən son dövrlərdə Azərbaycanda xaricdən geyim və digər məhsullar sifariş vermək olduqca populyarlaşıb. Məsələn, Türkiyənin aparıcı elektron ticarət platformalarından biri olan “Trendyol”dan və digər platformalardan istifadə halları artıb. Artıq insanlar arzuladıqları brend əşya və geyimləri bu platformalar vasitəsi ilə həm ucuz qiymətə, həm daha keyfiyyətli olanını təmin edə bilir. Ötən ilin mayın 3-dən etibarən “Trendyol”dan Azərbaycana birbaşa göndərişlər başlayıb. Azərbaycan vətəndaşları sayta daxil olarkən, onlara yeni seçim imkanı təklif edilir. Vətəndaşlar qeydiyyatdan keçərək asan şəkildə sifariş verə, sifarişlərini ev adreslərinə və ya yaxınlarındakı məntəqələrdən götürə bilərlər.
Bu platformanın Azərbaycan bazarına daxil olması istehlakçıların xoşuna gəlsə də, satıcıları narahat edir. Kiçik sahibkarlar "Trendyol" kimi platformaların haqsız rəqabətə səbəb olduğunu və yerli bazarı məhv etdiyini deyirlər. İstehlakçılar isə yerli bazarda satılan geyim və digər məhsulların baha olmasından və keyfiyyətsizliyindən şikayətçidir. Onlar Azərbaycan bazarlarında alış-veriş etməkdənsə, bu ticarət platformalarından istifadəni daha üstün tutur.
Qısaca, "Trendyol" Azərbaycanda alıcıları sevindirsə də, satıcıların etirazına səbəb olub. Belə olan halda çıxış yolu nədir?
Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev "Trendyol" kimi onlayn ticarət platformalarının vətəndaşlara rahatlıq yaratdığını bildirib:
“Demokratik ölkədə yaşayırıq. Bazar iqtisadiyyatı yolu ilə gedirik. Bütün ölkələrdə “Trendyol” və buna bənzər onlarla alış-veriş saytları var. Təbii ki, müəyyən məhdudiyyətlər xaricdə də, bizdə də mövcuddur. Bunlar olmalıdır. Adam var ki özünə kitab, ətir, ayaqqabı və başqa məhsulları sifariş etdirib alır. Biz insanların dərmanları da xarici ölkələrdən bu yolla almasının tərəfdarıyıq. Lakin təbii olaraq, qiymət və həcm kimi məsələlərdə müəyyən məhdudiyyətlər olmalıdır.
İndi necə edək? Biz deyirik ki, bazar iqtisadiyyatını inkişaf etdirək. İnsanlar üçün rahatlıq yaratmaq istəyirik. Digər yandan “Trendyol”, “Ali express” və digərlərini bağlatdırmaq istəyirik. Axı burada böyük ziddiyət var.Elələri var ki, il ərzində 3-4 dəfə onlayn sifariş verir və daha ucuz, eləcə də keyfiyyətli məhsul alır. Bu, onun üçün rahatdır".
R.Quliyev "Trendyol"un yerli sahibkarlar üçün hansısa təhlükə yaratmadığını düşünür:
"Mənə elə gəlir ki, sözügedən onlayn ticarət şirkəti "Trendyol" yerli istehsalçı sahibkarlara heç bir problem yaratmır. Mənim "CBC" televiziyasında həftədə bir dəfə yayımlanan verilişim var. Bura yerli istehsalçı sahibkarlar qatılırlar. Onlardan bəziləri 3-5, bəziləri isə 20 nəfər işçi çalışdırır, məhsul istehsal edib, xidmət göstərir. Onlara “Trendyol” və bunun kimi vasitəçilər heç bir mane törətmir. Bu məsələyə toxunmaq lazım deyil. Proses normal şəkildə işləməlidir".
İqtisadçı ekspert Eldəniz Əmirov elektron ticarətin qarşısıalınmaz proses olduğunu vurğulayıb:
“Ümumiyyətlə elektron ticarət qarşısıalınmaz və müsbət bir prosesdir. Gəlin prosesə nəzər yetirək. Birinci halda Azərbaycanda fəaliyyət göstərən mağazalardan biri Türkiyədə istehsal olunan məhsulu alır və onu 100 manata satır. Digər variantda isə 100 manat ödəyən vətəndaş onlayn ticarət üzərindən həmin məhsulu 60-70 manata əldə edir. Belə olan halda biz dükan sahibi pul qazansın deyə vətəndaşın pul itirməsini qəbul etməliyikmi? Aydın görünür ki, ikinci hal daha uğurludur. Bir daha deyirəm ki, bu elektron ticarətdir və onun qarşısını almaq mümkün deyil. Onun qarşısını almağa cəhd olduqca böyük səhvdir. Çoxluğun mənafeyi deyə bir anlayış var. Çoxluq hazırda elektron ticarətin tərəfdarıdır. Mən sahibkarlarımızı bütün istiqamətlərdə dəstəkləyən adamam. Amma söhbət 10 milyon Azərbaycan vətəndaşından gedir. Azərbaycan vətəndaşının mənafeyi hər şeydən üstündür".
E.Əmirov vəziyyətdən çıxış yolu ilə bağlı da danışıb:
"Çıxış yolu kimi, hazırda yaranmış reallıq qəbul olunmalıdır. Mağaza sahibləri alternativ yollar axtarmalıdır. Nə qədər bir məhsulu satmaq olar? Məhsulu istehsal etmək, yaxud məhsulların xaricdən gəlməsi üçün digər xidmətləri təklif etmək olar. Azərbaycan sahibkarı da “Trendyol” kimi brend yaratsın. Azərbaycan vətəndaşının pulu niyə “Trendyola” getməlidir? Təsəvvür edin ki, məhsulu istehsal edən də, onu çatdıran da türk şirkətidir. Məhsuliu istehsal edə bilmiriksə, heç olmasa belə bir şirkətin yaradılmasına cəhd etmək lazımdır. Nə vaxta qədər kiminsə istehsal etdiyi məhsul alınıb satılacaq. İstəsək də, istəməsək də proses belədir. Elektron dünyaya doğru gedirik. Bundan qaçmaq olmayacaq. Reallığı qəbul etmək lazımdır".
Daha çox xəbər:
"Trendyol"dan sifariş edənlərə ŞAD XƏBƏR
Gündəm / CəmiyyətSahibkarlar "Trendyol"un əlindən dad edir - AXI NİYƏ?
Gündəm / İqtisadiyyat300 dollarlıq gömrük limiti azaldılır? - Komitə sədri AÇIQLADI
Gündəm / CəmiyyətSahibkarlara mənşə sertifikatını “Bakı KOB evi” verəcək - RƏSMİ
İqtisadiyyatBu məhsullar kəskin BAHALAŞDI
Gündəm / İqtisadiyyat