Gündəm / Cəmiyyət
08 mart 2024
0
“Toplum TV”nin maliyyə mənbəyi haradan qaynaqlanır?
“Toplum TV” domen adı, redaksiya heyəti, rekvizitləri olan KİV qurumudur. İnternet səhifəsində qeyd edilib ki, “2016-ci ilin oktyabr ayından yaradılmış müstəqil informasiya resursudur” (https://toplum.tv/sehife/biz-kimik).
“Media haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, ölkə ərazisində fəaliyyət göstərən KİV qurumları Media Reyestrində qeydiyyatdan keçməlidirlər. Düzdür, bu tələb sosial şəbəkə platformalarını əhatə etmir. O cümlədən, "Toplum TV"nin yutub sosial şəbəkə platforması üzərindən yayımlanan versiyası da mübahisələndirilə bilər. Amma yutub üzərindən yayımlanan verilişlər onun məhsulunun bir qismidir. “Toplum TV” domen adı, veb-səhifəsi, rekvizitləri olan xəbər portalıdır. Bu cür redaksiyalar üçün reyestrə düşmək zəruri şərtdir. Bu tələb “Media haqqında Qanun”da çox aydın şəkildə təsvir edilib.
“Toplum TV” qanunun tələbini pozub, reyestrdə qeydiyyatdan keçməyib. Saytın rəsmi təsisçisi olan Ələsgər Məmmədlinin, həmçinin, baş redaktor Xədicə İsmayılın açıqlamalarından görünür ki, onlar qanunun tələbini bilərəkdən pozublar. Arqumentləri budur ki, “Media haqqında” Azərbaycan Respublikası Qanununun şərtləri ilə razılaşmırlar. Nəzərə almırlar ki, dünyanın heç bir ölkəsində legitim qanunlara tabelilik könüllük prinsipinə söykənmir.
Xədicə İsmayılın dünən xarici KİV-lərə verdiyi açıqlamalardan belə məlum olur ki, "Toplum TV" redaksiyasının 10-15 nəfərlik işçi heyəti vardır. Gündəlik iş rejimində çalışırlar, əmək haqqı alırlar. Amma redaksiyanın əmək haqqı fondunun hansı mənbədən formalaşdırılması barədə bilgi vermir. Nəzərə alaq ki, “Toplum TV” abunə sistemi ilə işləmir. Onun hazırladığı məhsulların daimi alıcıları yoxdur. Oxucular üçün kod sistemi də tətbiq etməyiblər. Yəni, öz məhsullarını, informasiyalarını ödənişsiz əsaslarla təqdim edirlər.
Saytda elan, reklam, bir sözlə, müstəqil KİV qurumu üçün qazanc gətirən legitim maliyyə qaynağı görünmür. Hansı ki, nə milli, nə də beynəlxlaq sənədlər KİV qurumlarının maliyyələşməsi üçün fərqli mənbə tanımır. Beynəlxalq sənədlərdə qeyd edilir ki, normal fəaliyyət göstərən KİV qurumunun legitim maliyyə mənbəyi reklam və elanlardır. Maliyyəsinin ən azı 75 faizi reklam və elandan formalaşmalıdır ki, müstəqil fəaliyyət göstərə bilsin. Digər 25 faiz isə satışdan, abunədən, ianələrdən, qrantlardan, təsisçinin yardımından və sair qaynaqlardan formalaşmalıdır. Əgər bunların heç biri yoxdursa, “Toplum TV”nın maliyyə mənbəyi haradan qaynaqlanır? Əgər stabil maliyyə qaynağı yoxdursa, redaksiya ofisinin icarəsi, işçilərin əmək haqqı, texniki avadanlıqlar təminatı və digər xərclər üçün zəruri olan vəsait hansı mənbədən ödənilir? Xədicə İsmayıl və Ələsgər Məmmədli bu sualların cavablandırılmasından yayınırlar. Araşdırmalar göstərir ki, “Toplum TV”nin kifayət qədər böyük maliyyə dövriyyəsi mövcuddur. Sadəcə maliyyənin qaynağı şəffaf deyil.
“Toplum TV”nin maliyyə qaynaqları sırasında görünən yalnız bir mənbə var ki, o da qrantlardır. Amma portalın sahibləri qrant vəsaitlərini hansı donorlardan və hansı həcmdə aldıqlarını da qapalı saxlayırlar. Portalın sahibləri bu suallara toxunmurlar. Sanki normal bir hal imiş kimi üzərindən keçirlər. Bu özü də ciddi qanun pozuntusudur. “Qrantların qeydiyyatı haqqında qanun”a əsasən, alınmış vəsaitlər Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilməlidir. “Toplum TV” bu qanunu pozub. Qrantları qanuni deyil, qaçaqmalçılıq yolu ilə alaraq realizə edib.
Qrantlara münasibətdə “Toplum TV” təkcə “Qrantların qeydiyyatı haqqında qanun”u deyil, həm də “Media haqqında qanun”u pozmuş olur. “Media haqqında Qanun” maliyyə qaynağı xarici mənbələrdən formalaşan KİV-lər üçün xüsusi şərtlər müəyyən edir. “Toplum TV”nin fəaliyyəti bu şərtlərlə də zidiyyat halındadır.
Xədicə İsmayıl dünən xarici KİV-lərə verdiyi müsahibədə qeyd edib ki, “Toplum TV” hüquq-mühafizə orqanları tərəfindən onun ofisində axtarış aparılmasına zəmin yaradan heç bir hüquq pozuntusuna yol verməyib”. Sual yaranır: görəsən hüquq pozuntusu necə olur? Yaxud, Xədicə ismayıl qanun pozuntusu deyəndə nəyi nəzərdə tutur? Yuxarıdakı nümunələrdən də görünür ki, “Toplum TV” öz fəaliyyəti dairəsində Azərbaycanın əksər qanunlarına sayqısız yanaşıb. Onların tələb və prinsiplərini kobud şəkildə pozub.
Portalın veb səhifəsində qeyd edilib ki, “Toplim TV” qrant layihələrini Demokratik Təşəbbüslər İnstitutu (IDI) ilə koordinasiya edir. Problem ondadır ki, Demokratik Təşəbbüslər İnstitutu Azərbaycan qanunlarına sayqısızlıq baxımından “Toplum TV”dən geri qalmır. Xaricdən aldığı layihələri Ədliyyə Nazirliyində qeydiyyatdan keçirmir. Bu təşkilatın və onun sədri olan Akif Qurbanovun adı qanunsuz maliyyə maxinasiyalarının həyata keçirilməsində hallanır. Qeyd edilir ki, Qərb institutları tərəfindən Gürcüstan vasitəsilə Azərbaycana qanunsuz qrant vəsaitlərinin ötürülüb realizə edilməsində İDİ də mühüm rol oynayır. Bu məqsədlə təşkilat Gürcüstanda rəsmən qeydiyyatdan keçib.
Müşahidələr göstərir ki, ABŞ başda olmaqla Qərb mərkəzləri Azərbaycanda ictimai rəyi çaşdırmaq üçün çoxlu sayda təsir agentləri yetişdiriblər. İzi azdırmaq üçün onların adını “KİV qurumu”, “QHT”, “Siyasi partiya” qoyublar. Yəni, öz agentlərini məsuliyyətdən yayındırmaq üçün bir növ hüquqi platforma yaradıblar. Qarant vermək adı altında onlar üçün “qanunu maliyyə mənbəyi” təmin ediblər. Azərbaycan 2000-ci illərdən başlayaraq, bu şəbəkəni qismən ifşa edib. Zərərsizləşdirmək üçün qanunvericiliyi yeniləyib. 2014-cü ildə qrant alma prosedurlarını sərtləşdirib. Digər zəruri tədbirlər görüb. Amma indi bəlli olur ki, Azərbaycan ehtiyat tədbirləri gördüyü kimi, “qrant şəbəkəsi” də çevik tərpənib. Qeyri-leqal vəsaitin ölkəyə gətirilib agentura şəbəkəsinə çatdırılması üçün son 6 il ərzində tamamilə yeni metodlardan istifadə ediblər. “Abzas Media”, “Kanal-13”, “Toplum TV”, “Demokratik Təşəbbüslər İnstitutu” və digərlərinin fəaliyyətinin araşdırılması bu yöndə çoxsaylı nümunələr verir.
Bu təşkilatlar öz fəaliyyətlərini Azərbaycan qanunları əsasında deyil, ABŞ-dən gələn direktivlər əsasında qururlar. Maliyyə xərcləri kimi, informasiya tezisləri də Qərbdən gəlir. Hansı ki, bu tezislər milli maraqlarla daban-dabana ziddir. Onlar Azərbaycanda ictimai rəyi çaşdırmağa çalışırlar. Qarabağ üzərində qazanılmış zəfərə kölgə salmaq istəyirlər. Xalqla dövlət arasında inamsızlıq yaratmaq, cəmiyyəti parçalamaq və ölkəni qarşıdurma zonasına çevirmək niyyətindədirlər. Proseslər göstərir ki, Qərb mərkəzləri Azərbaycan Ordusunun əzib dağıtdığı işğalçı Ermənistan ordusunu yenidən dirçəldirlər. Azərbaycanla Ermənistan arasında münasibətləri yenidən gərginləşdirmək, bu gərginlik fonunda Cənubi Qafqaza daxil olmaq və regionu təsir dairələrində saxlamaq üçün planlar qururlar. “Abzas Media”, “Kanal-13”, “Toplum TV”, “Demokratik Təşəbbüslər İnstitutu” və Qərbin agentura şəbəkəsinə daxil olan digər “QHT” və “KİV”-lər isə aldıqları qrant qarşılığında bu neokolonolist siyasəti təbliğ edirlər. Bu mövzuda Azərbaycan KİV-lərində yetərincə araşdırma yazıları dərc edilib.
Toplum TV”nin Qərbdən gələn sifarişlər üzrə necə təxribatlar törətdiyi arqumentlərlə isbat edilib. İndi hüququ araşdırma aparılır. Ümid edirik ki, istintaq prosesi bütün bu suallara aydınlıq gətirəcək.(Trend)
Daha çox xəbər:
“Media haqqında” qanun layihəsinə yeni maddə əlavə edilir
Gündəm / CəmiyyətMedia Reyestri fəaliyyətə başladı - VİDEO
Gündəm / SiyasətSərtləşdirilmiş Xüsusi Karantin Rejimində KİV-lərin fəaliyyətinə dair Operativ Qərargahın məlumatı
Gündəm / Cəmiyyət / SosialKeçmiş məhkumları yenidən cinayətə təhrik edən səbəb: İşsizlik - NƏ ETMƏLİ?
Gündəm / CəmiyyətBaş prokurorluq sosial şəbəkə istifadəçilərinə və KİV nümayəndələrinə xəbərdarlıq edib
Gündəm