Gündəm / Cəmiyyət
04 may 2024
0
Hicabı reytinqə alət edənlər... – SƏRT REAKSİYALAR
Bu gün telekanallar reytinq yığmaq üçün öz verilişlərində müxtəlif üsullara əl atır. Çox təəssüf ki, həmin üsulların çoxu da tamaşaçıların etirazına səbəb olur. Hətta bəzi hallarda bu ikrah doğurur. Məsələn, müğənni Xuraman Şuşalı qonaq olduğu “Elgizlə izlə” verilişində deyib ki, hamı özündən belə ideyalar çıxarır ki, Xuraman başını açır, əvvəlki tərzinə qayıdır:
“Hətta bəzi aparıcılar zəng edib deyirlər ki, belə fikrin varsa, bizim verilişdə et. Bu, oyun deyil! Sizin üçün uşaq deyiləm, ağlım və əqlim başımdadır. Yüksək analitik qabiliyyətim var”.
Göründüyü kimi, bəzi telekanallar reytinq üçün ikrah doğuran yollara əl atırlar. Təbii ki, bu da heç zaman normal qarşılana bilməz.
“Ən pisi də odur ki...”
Məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən Xalq artisti Əbdül Mahmudov bildirib ki, telekanallardakı şou proqramlar bağlanmalıdır:
“Bu proqramlar Azərbaycan cəmiyyətinə, Azərbaycan dövlətinə düşmənlərdən çox ziyan vurur. Bəzi teleşouların hədəfi birbaşa xalqın mənəvi dəyərləri və milli kimliyimizdir. Bəzi aparıcılar reytinq yığmaq üçün bu cür hərəkətlərə yol verirlər. Baxmayaraq ki, özləri də bilirlər, bu cür yaramaz, düşük çıxışları ilə nifrət və hətta söyüş qazanırlar. Amma pul xatirinə söyülməyi belə qəbul edirlər. Ən pisi də odur ki, pul üçün təhqir olunmağı gözə alanlar hər gün efirdən xalqa əxlaq dərsi keçir. Dəhşətdir…”.
“Başına hicab örtən, sözünə də hicab örtməlidir”
Məsələ ilə bağlı ilahiyyatçı Tural İrfan isə deyib ki, hicab, qapalı geyinmək qadın üçün həyalı olmaq, diqqət çəkməmək, pis niyyətli insanların nəzər nöqtəsindən uzaq qalmaq üçündür:
“Təəssüf ki, bəziləri dini dəyərləri ucuzlaşdırır, alətə, pilləkənə, qalxana çevirir, alver predmetinə döndərirlər. Qadının baş örtüsü ata-babadan da, milli ənənəmizdə də, dinimizdə də namus-ar, qadının ismət əlaməti sayılıb. İndi isə o müqəddəs dəyəri Xuraman Şuşalı efirdə müzakirə predmetinə çevirir. Başına hicab örtən, sözünə də hicab örtməlidir. Əgər o geyimi dəbinə, zövqünə görə geyinirsə, onu dini dəyərlərlə bağlamamalıdır. Yoxsa dini dəyər kimi, dinin əmri kimi qəbul edib istifadə edirsə o zaman dinə uyğun davranmalıdır.
Yüngül verilişlər, şou proqramlar, yaxud "hicabını açsan bizim verilişdə aç" kimi təkliflər edən adamların hüzurunda bu dəyərləri ucuzlaşdırmaq, adiləşdirmək olmaz. Başına hicab örtən gərək davranışlarına da, sözünə də hicab örtsün”.
“Təkcə başı örtməklə iş bitmir”
İlahiyyatçı qeyd edib ki, bir hədisdə deyilir ki, əgər kimsə iman gətirib tövbə etdiyini deyir, lakin əməllərini, davranışını, yaşayışını, ətrafını, dostlarını, yeməyini, geyimini, danışığını dəyişməyibsə o tövbə etməyib:
“Yəni, təkcə başı örtməklə iş bitmir. Əsas şərt başqa məsələlərə riayət etməkdir. Baş örtüsü ilə şou proqramlarda bayağı sözlərə hədəf olmaq o hicabı da, özünü də ucuzlaşdırmaqdır. Görünür Xuraman xanım geyimini dəyişib ancaq ətrafını dəyişə bilməyib. Yaxud ətrafı da dəyişməyib. Ən azı ona münasibətdə dəyişməyiblər. Ümumiyyətlə dini dəyərlərin şou verilişlərdə müzakirəsinin tərəfdarı deyiləm”.
Daha çox xəbər:
Bu kanalların rəhbərləri PA-ya çağırıldı
Gündəm / CəmiyyətMətanət İsgəndərli bu sözləri Elgizə yox, başqa aparıcıya deyib
Gündəm / Mədəniyyət“Çelsi”nin futbolçusu: “Bəzi komanda yoldaşlarım mənə “eşşək” deyirlər”
Gündəm / İdmanBəzi mahnılar qadağan olunsun! - TƏKLİF
Gündəm / CəmiyyətToyların keçirilməsinə QADAĞA QOYULUR?
Gündəm / Cəmiyyət