Gündəm / Siyasət
06 may 2024
0

Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək xahiş olunur - Nazir


 
Dost ölkələr Ankaradan Türkiyə ordusuna bənzər silahlı qüvvələrin yaradılmasına yardım etməsini xahiş edirlər.

Bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Baş qərargah rəisi və hərbi hissələrin komandirlərinin iştirakı ilə keçirilən müşavirədə deyib.

Onun sözlərinə görə, Türkiyə Silahlı Qüvvələrinin strukturuna bənzər silahlı qüvvələrin formalaşdırılmasına səy göstərilməsinin özü müasir Türkiyənin nüfuzunun və uğurlarının göstəricisidir.

“Bu gün Ankara həm müttəfiq dövlətlərlə birgə strategiyaların işlənib hazırlanmasına, həm də ailəsinin bir hissəsi olduğu türk dövlətlərinin gücünün potensialını tam şəkildə ortaya qoymağa çalışır”, – deyə nazir vurğulayıb.

Müdafiə naziri Türkiyənin regionda terrorizm təhdidinin aradan qaldırılması ilə bağlı səylərinə də diqqət çəkib: “Bizim məqsədimiz yaraqlılar ölkəmizin sərhədlərini təhdid etməzdən əvvəl təhlükələri mənbəyində aradan qaldırmaqdır”.

Yaşar Gülər qeyd edib ki, bölgədə məhdud hərbi əməliyyatlar müəyyən dövriliklə həyata keçirilən genişmiqyaslı əməliyyatlarla əvəzlənib.

“Bu cür strategiya qanlı təşkilatlarla mübarizədə ciddi uğurları təmin edərək terror təşkilatlarına güclü zərbə vurur”, – deyə nazir bildirib.