Gündəm / Siyasət
16 may 2024
0
Tarixi ədalətə üz çevirib, özləri tarix olan MİNSK QRUPU – TƏHLİL
Xəbər verdiyimiz kimi ATƏT-in sədri, Maltanın xarici işlər və ticarət naziri İan Borq rəhbərlik etdiyi nümayəndə heyəti ilə bu günlərdə Cənubi Qafqaza səfər etdi. Əvvəlcə Ermənistana gələn nümayəndə heyəti, mayın 14-də Bakıda Azərbaycanın siyasi rəhbərliyi ilə görüşdü. Ötən günsə İan Borq Tiflisdə səfərini yekunlaşdırıb.
ATƏT region üçün maraqsız bir təşkilatdır.
Əslində bu səfərin məqsədi və məramı, hətta nəticəsi barədə fikir söyləmək bir qədər çətindir. Çünki bu qurum Cənubi Qafqazda çox biabırçı bir imicə sahibdir. Ona görə də səfər heç bir ölkədə məmnunluqla qarşılanmadı. Bakıda isə ATƏT-in sədri hətta sərt təpki ilə qarşılaşdı.
Azərbaycan Prezidenti İlham Əliyev mayın 14-də ATƏT-in fəaliyyətdə olan sədri İan Borqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bəyan etdi ki, ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən aparılan danışıqlar prosesi Azərbaycan ərazilərinin işğalının davam etdirilməsinə xidmət göstərib:
“Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün və torpaqlarımızın işğalının nəticələrinin aradan qaldırılması ATƏT-in yaranmasından bu təsisatın gündəliyində olmasına baxmayaraq, nə bu təşkilat, nə də ATƏT-in Minsk qrupunun həmsədrlik mexanizmi münaqişənin nəticələrinin aradan qaldırılması, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi, məcburi köçkünlərin geri qayıtması üçün heç nə etmədi”.
Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan öz iradəsi və gücü hesabına beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Nizamnaməsinə uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini təmin edərək, işğala son qoyub. Ona görə də Azərbaycan Prezidenti bəyan etdi ki, ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtıdır.
ATƏT-in Minsk qrupu fəaliyyətdə olduğu müddətdə ancaq münaqişənin dondurulmasına və uzanmasına çalışıb.
Baxmayaraq ki, Minsk qrupunun həmsədrləri ABŞ, Fransa və Rusiya kimi böyük dövlətlər idi. Halbuki, bu dövlətlər bütün dövrlərdə və hətta bu gün də dünyada sülhün bərqərar olmasından və dövlətlərin suveren hüquqlarının müdafiəsindən danışırlar.
Amma deyilənlərin heç bir real təsdiqi yoxdur. Bu da o deməkdir ki, ATƏT, AŞPA və hətta BMT qlobal güclərin əlində bir alətdir. Böyük dövlətlər bu təşkilatların əliylə istədikləri ölkəyə təzyiq edə bilir. Necə ki, 30 ilə yaxın məhz həmin təşkilatların gözü qarşısında Azərbaycan torpaqları işğal altında saxlanıldı.
Halbuki, Ermənistanın işğalı ilə bağlı BMT-nin 4 qətnaməsi vardı. Üstəlik, bu problemin həlli üçün ABŞ, Fransa və Rusiya dövlətlərinin təmsilçiliyi ilə xüsusi qrup yaradılmışdı. Guya həmin Minsk qrupu Ermənistan-Azərbaycan münaqişəsini sülh və danışıqlar yolu ilə həll edəcəkdi. Amma yaşadığımız tarix göstərdi ki, ATƏT-in Minsk qrupunun məqsədi problemi həll etmək yox, prosesi sadəcə nəzarət altında saxlamaqdır.
Ona görə də 27 sentyabr 2020-ci ildə Azərbaycan dövləti, Azərbaycan xalqı növbəti erməni təxribatından sonra ayağa qalxdı və BMT və ATƏT-in Minsk qrupunun 28 ildə həll edə bilmədiyi problem cəmi 44 gündə həll etdi.
Minsk qrupunun 28 ildəki fəaliyyəti Azərbaycan xalqına qarşı yönəldilmişdi…
Təsadüfi deyil ki, mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edərkən şəhərə köçmüş ilk sakinlərlə görüşündə bildirdi ki, Minsk qrupunun 28 ildəki fəaliyyəti Azərbaycan xalqına qarşı yönəldilmişdi:
“Onların yalançı vədləri və fəaliyyətsizliyi təsadüfi deyildi. Onlar məsələni həll etmək istəmirdilər. Onlar bu torpaqları ermənilərə vəd vermişdilər. Necə ki, sovet dövründə ermənipərəst Qorbaçov və ondan sonra Yeltsin bu torpaqları ermənilərə vəd vermişdilər və Fransa da, Amerika da, həmçinin. Bu gün də baxın bizə qarşı, kimlər, necə deyərlər əsas rol oynayırlar - Fransa və Amerika”.
Reallıqlar dəyişib.
Artıq 20-30 il əvvəlki dövr deyil. Azərbaycan öz ərazi bütövlüyünü və suveren hüquqlarını bərpa edib. İndi isə Azərbaycan regional təhlükəsizlik üçün çalışır. Di gəl ki, ABŞ və Fransa buna da qarşı çıxmaq istəyir. Təsadüfi deyil ki, Azərbaycan lideri Şuşadakı məlum çıxışında bu məsələyə də toxunub:
“İkinci Qarabağ müharibəsindən sonra biz Ermənistana demişik ki, gəlin, sərhədi ədalətli müəyyən eləyək. Yox, istəmirsinizsə, onda biz deyəcəyik, harada istəyirik orada da sərhəd olacaq. Neyləyəcək, kimə zəng edəcək, lap 100 dəfə zəng etsin, nəticəsi nə olacaq? Həm Azərbaycan xalqına, həm də bu bölgəyə maraq göstərənlərə bir daha demək istəyirəm ki, bizimlə hesablaşmadan burada bir addım da atılmamalıdır bundan sonra. Əminəm ki, mənim sözümü eşidirlər, bilirlər mən nəyi deyirəmsə, onu da edirəm”.
Əslində Dövlətimizin Başçısının bu qətiyyəti Qərbə ən layiqli mesaj idi. Bəlkə də ona görə ATƏT-in sədri bölgəyə səfəri zamanı öz çıxışlarını korrektə etmək məcburiyyətində qalıb. Məsələn, Qarabağdan çıxan bir qrup erməni İrəvanda olan ATƏT-in sədri, Maltanın xarici işlər və ticarət naziri İan Borqa məktub təqdim ediblər.
Məktubda Qarabağ ermənilərinin geri qayıtmaq istədiyi yer almışdı. Lakin ATƏT-in fəaliyyətdə olan sədrinin cavabı erməniləri məyus etdi. Onun sözlərinə görə, ATƏT özünün iştirak etmədiyi prosesə daxil ola bilməz və iki ölkənin mövqeyinə hörmətlə yanaşır.
Beləcə, İan Borqu bölgəyə göndərən ABŞ və Fransanın, həm də Ermənistanın planları suya düşdü.
Mesaj verildi
Artıq regionda gündəmi Azərbaycan diqtə edir. Ona görə də çətin də olsa, Ermənistanla Azərbaycan addım-addım sülhə yaxınlaşır. Bundan sonra təkcə Azərbaycana yox, bölgəyə burnunu soxmaq istəyənlər layiqli cavab alacaq.
Azərbaycan Prezidenti Şuşada bununla bağlı da açıq mesaj verdi:
“Onlar da bilməlidirlər ki, bizim iradəmizdən kənar bu bölgədə heç bir məsələ həll olunası deyil. Burada, bu torpaqda söz sahibi bizik. Bizim siyasətimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır”.
Bizim.Media
Daha çox xəbər:
Normallaşma prosesi ikitərəfli xarakter daşıyır - İlham Əliyev
Gündəm / SiyasətPrezident ATƏT-in fəaliyyətdə olan sədrini qəbul edib
Gündəm / CəmiyyətXİN rəhbəri: Azərbaycan Malta ilə ikitərəfli əməkdaşlığı genişləndirməyə hazırdır
SiyasətATƏT-in sədri Azərbaycana səfər edəcək
Dünyaİlham Əliyev ATƏT-in sədrini qəbul etdi - YENİLƏNİB
Gündəm / Siyasət