Gündəm / Təhsil
12 iyun 2024
0

694 bal toplayan Şəbnəm: “Bu yolda çox çalışıb, mübarizə apardım”


Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə 26 may 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

II ixtisas qrupu üzrə ən yüksək nəticəni Xırdalan şəhər 2 saylı orta məktəbin məzunu Novruzova Şəbnəm Ramin qızı göstərib.

O, imtahanın birinci mərhələsində 300, ikinci mərhələsində isə 393.9 bal toplayıb.

Şəbnəm Novruzova təəssüratlarını "AzEdu.az" Təhsil Portalı ilə bölüşüb.

“Bu nəticəni göstərmək üçün çox çalışdım. Onu da qeyd edim ki, bu balı toplamaq mənə heç də asan olmayıb. Çünki bu yolda çox çalışıb, mübarizə aparmışam.

Fənlər arasında ən çox sevdiyim riyaziyyat fənnidir. Bu fənn üzrə çox misal-məsələlər həll etməklə daha çox bal toplamağa çalışmışam. Mənə bu yolda ən çox ailəm və direktorumuz Gülnaz xanım olub”.

Şəbnəm Novruzova Bakı Ali Neft Məktəbinə qəbul olmaq istədiyini dilə gətirib:

“Yüksək bal toplamağımda əsas sirrim fənləri ardıcıl şəkildə yerinə yetirməyim olub. Hər bir fənnə müəyyən qədər vaxt ayırıb, saatlara bölürdüm.

Sınaqlarda zəif olduğum yerləri müəyyən edərək həmin zəifləri yerlərimi təkmilləşdirməyə çalışmışam.

Ən böyük hədəfim Bakı Ali Neft Məktəbinin (BANM) Biznesin idarə olunması fakültəsində təhsil almaqdır. Eyni zamanda seçdiyim ixtisas üzrə yaxşı mütəxəssis olmaq arzumdur”.