Gündəm / Siyasət
08 iyul 2024
0
Cənubi Qafqazla bağlı ABŞ və Türkiyə arasında fikir ayrılıqları var - Hakan Fidandan Vaşinqtona mesajlar - ŞƏRH
İyulun 6-da Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) dövlət və hökumət başçılarının qeyri- rəsmi Zirvə Görüşündə və xarici işlər nazirləri şurasının iclasında mühüm mesajlar verildi.
Türkiyənin xarici işlər naziri Hakan Fidan Cənubi Qafqazdakı proseslər barədə danışarkən bildirdi ki, bir sıra Qərb dövlətlərinin Bakı ilə İrəvan arasında münasibətlərin nizamlanması ilə bağlı mövqeyi Türkiyəni qane etmir.
“Səmimi qəlbdən inanırıq ki, Azərbaycan və Ermənistan arasında hazırkı danışıqlar prosesi tezliklə sülh sazişinin imzalanmasına səbəb olacaq. Bu kontekstdə biz Azərbaycanın bu sazişin imzalanması ilə bağlı güclü qətiyyətini və müsbət yanaşmasını xüsusilə yüksək qiymətləndiririk. Amma bəzi Qərb dövlətlərinin açıq şəkildə Ermənistana üstünlük verildiyi, Azərbaycanın narahatlığına diqqət yetirilmədiyi və balanslı olmayan münasibəti bizi qane etmir. Biz türk dünyası olaraq bu prosesin uğur qazanmasını istəyirik”, - o vurğuladı.
Məsələ ondan ibarətdir ki, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsindən sonra bölgədə yeni reallıqlar yaranıb. Bu reallıqların əsas təzahürü regionda sülh və sabitliyin, həmçinin qarşılıqlı əməkdaşlıq mühitinin təmin olunmasıdır.
Son dövrlər baş verən bir çox hadisələr, o cümlədən Bakı və İrəvan arasında birbaşa təmasların başlanması, sərhədlərin müəyyənləşdirilməsi işinə start verilməsi onu deməyə əsas verir ki, Ermənistan da sülhdə maraqlıdır. Çünki Qərb tərəfindən təzyiqlərə məruz qalan Ermənistana yeni təhlükəsizlik çətiri lazımdır. Bunun üçün ən optimal yol isə Bakı və Ankara ilə münasibətlərin normallaşmasından keçir.
Lakin prosesə mane olan “gizli əllər” var. ABŞ ən müxtəlif səviyyələrdə sülhü dəstəklədiyini bildirsə də, bunu əməldə təsdiqləmir. Bir çox geosiyasi aktorun, o cümlədən ABŞ-nin Cənubi Qafqazla bağlı maraqları var. Bu maraqlar regiondakı təsir imkanlarının artırılmasını nəzərdə tutur. ABŞ və digər oyunçular özlərinin bölgə ilə bağlı maraqlarını təmin etmək məqsədilə Cənubi Qafqazın ən zəif bəndi olan Ermənistandan istifadə edirlər. Çünki Azərbaycana təsir etmək mümkün deyil.
Mümkün sülh kənar güclərin regiona müdaxiləsinin qarşısının alınması, o cümlədən buradakı təsir imkanlarının azalması deməkdir. Bu, ABŞ-nin xarici siyasət kursuna uyğun deyil. Əksinə, Vaşinqton mümkün qədər çalışır ki, bölgəyə girsin və Moskvanın buradakı “rıçak"larını zəiflətsin. Bu ritorika, əlbəttə, Türkiyənin gözündən qaçmır.
Ankara regionda sülhün təmin olunması üçün ən səmimi səy göstərən oyunçulardandır. Birincisi, ona görə ki, Ankara və Bakı strateji müttəfiqdir. İkincisi isə regionda sülh olması Türkiyənin də maraqlarına uyğundur. Türkiyənin regional sülhdə oynadığı və oynaya biləcəyi rolu Ermənistan da yaxşı anlayır.
Dediyimiz kimi, bu gün Ermənistana yeni təhlükəsizlik çətiri lazımdır. Perspektivdə Ankara ilə münasibətlərin normallaşması İrəvanı iqtisadi cəhətdən müəyyənləşdirə bilər. Bu isə Ermənistanı həm də siyasi cəhətdən kənar güclərin təsirindən çıxara bilər. Yəni Türkiyə ilə diplomatik münasibətlərin bərpası Ermənistana hava, su qədər lazımdır. Amma Türkiyənin diplomatik münasibətlərin bərpası üçün konkret tələbi var: Ermənistan Azərbaycanın şərtlərini yerinə yetirməlidir.
ABŞ – Ermənistan əlaqələrinin region üçün yaxşı nə isə vəd etmədiyini baş nazir Nikol Paşinyan da anlamamış deyil. Hər halda ABŞ-nin Ukraynada, Gürcüstanda, Yaxın Şərqdə etdikləri Ermənistan hakimiyyətinə yaxşı məlumdur. Amma Ermənistan getdikcə Qərbdən asılı hala düşməklə onun sifarişlərini yerinə yetirməli olur. ABŞ və Fransa Ermənistanı silahlandırır, onu Rusiya ilə üz- üzə qoyur. Əgər İrəvan Vaşinqtonun direktivlərini yerinə yetirməkdən imtina edərsə, onda ABŞ Ermənistanı Rusiya ilə üzbəüz qoymaqla şantaj edə bilər.
Beləliklə, ABŞ və Türkiyənin Cənubi Qafqazla bağlı siyasəti faktiki olaraq uzlaşmır. Bu, perspektivdə iki tərəf arasında onsuz da mövcud olan diplomatik fikir ayrılıqlarını daha da artıra bilər.
Rəsmi Ankaranın da dəfələrlə bəyan etdiyi kimi, Cənubi Qafqazda sülhə gedən ən qısa və bəlkə də, yeganə yol birbaşa təmaslardır. Bunun üçün Ermənistan üçüncü güclərin, o cümlədən ABŞ-nin təsirindən çıxmalı, Qərbin təhriklərinə getməməlidir.(Report)
Daha çox xəbər:
Türk dövlətlərinin liderləri Şuşada toplaşacaq
Gündəm / DünyaÖzbəkistan Prezidenti: Azərbaycanda keçiriləcək COP29 ciddi tarixi hadisə olacaq
Gündəm / Cəmiyyət"Bakı ilə İrəvan arasında sülh sazişi region dövlətlərinin xeyrinə olacaq" - TBMM sədri
Gündəm / DünyaDövlət başçıları Ankara bəyannaməsini imzaladılar
Gündəm / SiyasətHakan Fidanın Bakıda dediyi bu sözlər erməniləri QORXUYA SALDI
Dünya