Gündəm / Cəmiyyət
16 iyul 2024
0

Bu gün Azərbaycanda Aşuradır

Bu gün Azərbaycanda Aşuradır

Bu gün İslam təqvimi ilə Azərbaycanda Aşuradır.

Aşura Məhərrəm ayının 10-cu günü qeyd olunur. Bu il Məhərrəm ayının 10-u, yəni Aşura günü iyulun 16-na təsadüf edib.Aşura İmam Hüseynin (ə), onun ailə üzvlərinin və tərəfdarlarının qətl olunduğu gündür.

Azərbaycanda Aşura günündə ənənəvi olaraq qanvermə aksiyaları keçirilir. Son illər Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşəbbüsü ilə gerçəkləşən və xalq tərəfindən təqdir edilən aksiya, tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi ən münasib əzadarlıq nümunəsidir.

Bu gün - iyul ayının 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutunda qanvermə aksiyası keçiriləcək.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı, Gənclər Fondu, Milli QHT Forumu, Azərbaycan Könüllü Təşkilatları İttifaqının dəstəyi ilə Aşura günündə keçiriləcək aksiyaya könüllü şəxslər, millət vəkilləri, ziyalılar və ictimaiyyət nümayəndələri qatılacaqlar.

Qeyd edək ki, bu il aksiyalar Naxçıvan Muxtar Respublikası daxil olmaqla Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin müəyyən etdiyi ünvanlarda (ali təhsil müəssisələri, xəstəxana, məscid və ziyarətgahlar) təşkil ediləcək. Sevindirici haldır ki, İslam dünyası üçün nümunə olan aksiyaya ildən ilə maraq artır, Aşurada qan donorluğu təşəbbüsü cəmiyyətdə geniş dəstək qazanır. Qan vermək sağlamlığımıza faydalı olmaqla yanaşı, hemofiliyalı və talassemiyalı xəstələrin, həmçinin qana ehtiyacı olan insanların həyatını xilas edir.