Gündəm / İqtisadiyyat
14 oktyabr 2024
0
Orta aylıq maaş 997,1 manata çatıb
2024-cü il sentyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1754,9 min nəfər olub. Onlardan 878,3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 876,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.
Bildirilib ki, muzdla işləyənlərin 18,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,2 faizi təhsil, 12,8 faizi sənaye, 8,3 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,9 faizi tikinti, 6,4 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,8 faizi peşə, elmi və texniki fəaliyyət, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2 faizi maliyyə və sığorta fəaliyyəti, 14,9 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.
2024-cü ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,0 faiz artaraq 997,1 manat təşkil edib.
İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.