Gündəm / Siyasət
23 oktyabr 2024
0
Fürsətcil Ermənistan - sanksiyalardan necə yan keçilir? - ŞƏRH
Ermənistanı forpostuna çevirməyə çalışan Qərb ona istədiyi addımı atmağa, hətta Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara əməl etməməsinə belə göz yumur.
Mediada yer alan xəbərlərə görə, Ermənistan Rusiya-Ukrayna müharibəsi və Qərbin sanksiyaları fonunda növbəti dəfə beynəlxalq qalmaqalın mərkəzinə düşüb. İkili oyun oynayır, nə Qərbə yox deyir, nə də Rusiyadan uzaqlaşır. Sözdə Rusiyanın himayəsi altında olan təşkilatlardan uzaqlaşdığını bəyan edir, əslində isə onunla hərtərəfli əlaqələrini günbəgün artırır.
Sözdə Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini iddia edir, əslində isə bunun əksini həyata keçirir. Daha çox qazanc və mənfəət əldə etməyə çalışır, Rusiyaya Qərb sanksiyalarından yan keçməyə kömək edir. Və nəhayət ki, "Euronews" telekanalı da buna yer ayırıb. Bəs Qərbin reaksiyası niyə ortada yoxdur? Erməni lobbisinin təsiri altında olan Avropa parlamenti və digərləri Azərbaycan əleyhinə qətnamə və bəyanatlar səsləndirmək əvəzinə, Ermənistana da təpgi göstərsə yaxşı olardı. Amma çətin ki, bunu müşahidə edə biləcəyik.
"Euronews" telekanalının bununla bağlı araşdırmasında bildirilir ki, Ermənistan münaqişədə birbaşa iştirakçı olmasa da, onun Rusiya ilə iqtisadi əlaqələri tənqid obyektinə çevrilib. Xüsusən də, malların yenidən ixracı və sanksiya altında olan şirkətlərlə beynəlxalq bazar arasında ticarətə yardım etməsi bu tənqidlərə rəvac verib.
Telekanal doğru olaraq qeyd edib ki, rəsmi İrəvanın Rusiya ilə iqtisadi münasibətləri, Rusiyaya qarşı Qərb sanksiyaları tətbiq edildikdən sonra xüsusilə çiçəklənib. Rusiya iki ölkə arasında ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artdığını, ötən il bu rəqəmin 7,4 milyard dollara çatdığını bəyan edib. Bu ilin birinci yarısında bu göstərici 2,5 dəfə artaraq 8,3 milyard dolları ötüb. Hazırkı templə davam edərsə, o zaman ticarət həcminin ilin sonuna qədər 14-16 milyard dollara çata biləcəyi təxmin edilir.
Ticarət dövriyyəsinin ciddi şəkildə artması Ermənistanın Rusiyanın Qərb sanksiyalarından yan keçməsinə imkan yaradan yenidən ixrac mərkəzi statusundan istifadəsi kimi şərh oluna bilər.
Ermənistanın geosiyasi sahədə mühüm rola yüksəlməsi dolayısı ilə Rusiyanın sanksiyalar şəraitində iqtisadi dayanıqlılığını gücləndirib. Ölkə, əlbəttə ki, öz maraqlarını irəli çəkməyə diqqət yetirir, lakin bu dinamika Rusiyanı təcrid etməklə bağlı qlobal səylərin pozulmasına dair narahatlıq doğurur.
Yenidən ixraca icazə verməklə və güclü ticarət əlaqələrini dəstəkləməklə Ermənistan Rusiyaya qadağan olunmuş mallara və texnologiyalara davamlı çıxış təmin edərək sanksiyaların təsirini yumşaltmağa kömək edir. Ermənistan Moskvanın sanksiyalardan yan keçməsində mühüm alətə çevrilib, o cümlədən ölkə Rusiyanın qiymətli daşlarının və qızılının yenidən ixracı ilə məşğul olur.
"2023-cü ildə Ermənistan 4,5 milyon karat almaz ixrac edib ki, bu da respublikanın özündə hasil ediləndən 30 dəfə çoxdur", - telekanal qeyd edib.
Ermənistanın Rusiya ilə sıx əlaqələri diqqətdən kənarda qalmayıb, lakin Qərbin reaksiyası nisbətən təmkinli olaraq qalır. Pərdə arxasında yaxşı təşkil olunmuş lobbi səyləri görünür və ehtimal ki, nüfuzlu elitalar tərəfindən həyata keçirilir. Bununla yanaşı, böyük PR və kommunikasiya şirkətləri tərəfindən dəstəklənir.
Bildirilib ki, Ermənistanın Rusiyayla ticarətinin artması sayəsində stimullaşdırılan iqtisadi artımı dolayısıyla Ukraynada müharibə ilə subsidiyalaşdırılır.
Eyni zamanda, diplomatik arenada Ermənistanın baş naziri Nikol Paşinyan, xüsusən də Ukraynada münaqişə başladıqdan sonra Rusiyadan nümayişkaranə şəkildə məsafə saxlamağa çalışır.
"Ermənistanın diplomatik səylərinin həqiqətən səmimi olduğunu, yoxsa qlobal qeyri-sabitlikdən, xüsusən də davam edən müharibə kontekstində faydalanmağa yönəlmiş təfriqəçi manevrlər olduğunu müəyyən etmək getdikcə çətinləşir", - məqalədə vurğulanıb.
Qeyd edək ki, "Euronews" bundan əvvəl Ermənistanla bağlı daha bir qalmaqallı xəbər dərc etmişdi. Bir müddət əvvəl aparılan araşdırmalarla bəlli olub ki, İrəvan Rusiyaya kimyəvi maddələrin tədarükündə sanksiyalardan yan keçmə sxemində bir həlqə olub. İspaniya hakimiyyəti Rusiya üçün nəzərdə tutulmuş böyük bir partiya kimyəvi maddələri ələ keçirib. Bunların arasında kimyəvi silah üçün prekursorlar ola bilər. Polisin məlumatına görə, Rusiya şirkəti Ermənistanda olan şirkətlər də daxil olmaqla saxta firmalar vasitəsilə mürəkkəb tədarük sxemi təşkil edib. Telekanalın qeyd etdiyi kimi, bu ölkə tranzit məntəqəsi kimi çıxış edərək Ukraynada müharibə ilə əlaqədar Rusiyaya qarşı tətbiq edilmiş beynəlxalq sanksiyalardan yan keçməyə kömək edib.
Əlavə edilir ki, Ermənistan bu cür sxemlərə cəlb olunmasına, risklərə baxmayaraq Rusiya ilə sıx iqtisadi əlaqələri qoruyub saxlayır. Bu yaxınlarda Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak Mərkəzi Asiya və Qafqaz üçün tədarük adı altında sanksiya tətbiq edilmiş malların Aİ-dən Rusiyaya daxil olduğu saxta tranzit sxeminə görə narazılığını bildirib. Lakin Ermənistanı əsas iştirakçı kimi qeyd etməyib. Ermənistan Ukraynada müharibə hesabına qazanc əldə edir və Rusiya Federasiyasına Qərb sanksiyalarından yan keçməyə kömək edir.
Bütün bunlara isə bir ad qoymaq olar – fürsətcil Ermənistan. Yenə də Qərbin susqunluğunu müşahidə edirik. Həm ABŞ, həm də Avropa sanksiyalarını görməzdən gələn Ermənistana heç bir təzyiq göstərilmir. Belə getsə, Ermənistan qadağan olunan digər malların tranzitində əsas ölkəyə çevriləcək, plasdarm rolunu oynayacaq.(Report)
Daha çox xəbər:
Avropa Parlamenti tam şəkildə erməni lobbisini təmsil edir - Milli Məclis
Gündəm / Cəmiyyətİkibaşlı oyunun ACI SONLUĞU – Ermənistan “minalanmış sahə”dən sağ çıxa BİLƏCƏKMİ?
Gündəm / SiyasətAzərbaycanda Rusiya telekanallarına və “Sputnik Azərbaycan”a “stop” qoyulmalıdır? - TƏHLİL
Gündəm / Sosial2-ci hökumət Ermənistana uğur, bölgəyə sülh gətirəcəkmi? - Paşinyan dilemma ilə üz-üzə
Gündəm / CəmiyyətAzərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında ikiüzlü Fransaya yer yoxdur - TƏHLİL
Gündəm / Siyasət