Gündəm
25 oktyabr 2020
53

Prezident İlham Əliyev: “Onlar tərəf tutsalar, vasitəçi ola bilməzlər”

Prezident İlham Əliyev: “Onlar tərəf tutsalar, vasitəçi ola bilməzlər”

Milliinfo.az

“Bəli, mən vitse-prezident Baydenlə dörd il bundan əvvəl Vaşinqtonda Prezident Obama tərəfindən təşkil olunan Nüvə Sammitində görüşmüşəm. Mənim cənab Baydenlə ikitərəfli görüşüm olub”.

APA xəbər verir ki, Prezident İlham Əliyev bunu ABŞ-ın “Fox News” telekanalına müsahibəsində “Co Bayden vitse-prezident olanda onunla hər hansı bir təmaslarınız olubmu" sualına cavabında deyib.

Dövlət başçısı bildirib ki, mən onun regional məsələlərə dərindən cəlb olunduğunu gördüm:

“Biz ikitərəfli münasibətlərimizin bir çox məsələlərini, əlbəttə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını da müzakirə etdik. Sizə deyə bilərəm ki, Obama administrasiyası Dağlıq Qarabağ məsələsində çox fəal idi. Buna görə mən əminəm ki, cənab Bayden və onu dəstəkləyən insanlar bu haqda yaxşı məlumatlıdırlar. Beləliklə, mənim onunla görüşümdən çox yaxşı xatirələrim var”.

Prezident İlham Əliyev “Sizcə o, Sizin mövqeyinizi dəstəkləyəcək? Yoxsa o, Ermənistanı dəstəkləyəcək” sualına belə cavab verib:

“Hesab edirəm, bizim müzakirə etdiklərimizi Amerikada, Fransada və Rusiyada erməni lobbi təşkilatlarını nəzərə alaraq Azərbaycan üçün ən yaxşı vəziyyət ondan ibarət olardı ki, bu üç ölkənin rəhbərləri münaqişə ilə bağlı bitərəf qalsınlar və tərəf tutmasınlar. Əslində, onların mandatı da onlardan bunu tələb edir. Onlar tərəf tutsalar, vasitəçi ola bilməzlər”.