Gündəm
24 dekabr 2020
34

İlham Əliyev – güclü dövlətin qalib Prezidenti

 İlham Əliyev – güclü dövlətin qalib Prezidenti

Milliinfo.az

Bir neçə gündən sonra 2020-ci ili yola salacağıq. Adətən il başa çatanda onun yekunları təhlil olunur. Biz də Prezident İlham Əliyevin ötən birillik fəaliyyətinə nəzər salıb, onun Prezidentliyi dövründə Azərbaycanın əldə etdiyi uğurlardan bəhs edəcəyik.

Bu il bəşəriyyət üçün çox ağır keçdi. Koronavirus dünyanı az qala iflic vəziyyətinə salıb. Azərbaycan Prezidenti pandemiyaya qarşı ölkə daxilində və qlobal miqyasda mübarizədə aparıcı rol oynayır. Dövlət başçısının təşəbbüsü ilə Qoşulmayanlar Hərəkatna üzv dövlətlərin, BMT Baş Assambleyasının və Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının koronavirusa həsr olunan iclasları keçirilib. Prezident MDB Dövlət Başçıları Şurasının sammitində Azərbaycanın pandemiyaya qarşı mübarizədə beynəlxalq səviyyədə oynadığı rolu diqqətə çatdırıb: “Ümumdünya Səhiyyə Təşkilatının büdcəsinə 10 milyon ABŞ dolları məbləğində könüllü ianə etmişik. Pandemiyanın birinci günündən etibarən biz bu təşkilatla daim əlaqədə olmuşuq, Azərbaycan 30-dan çox ölkəyə maliyyə yardımı və humanitar yardım göstərib”. Bu, İlham Əliyevin beynəlxalq problemlərin həllində verdiyi töhfəyə nümunə sayıla bilər.


İlham Əliyevin hakimiyyətdə olduğu 17 il ərzində həyata keçirdiyi siyasətin strateji hədəfi güclü Azərbaycan dövləti formalaşdırmaq olub və bu siyasət indi də davam edir. Prezident 2018-ci il fevralın 8-də Yeni Azərbaycan Partiyasının VI qurultayındakı çıxışında bu istiqamətlərə də bir daha toxunub. Dövlət başçısının həyata keçirdiyi daxili siyasətin əsasını Azərbaycanda sabitliyin mövcud olması təşkil edir.

“Bizim son illər apardığımız siyasət özünü tam doğrultdu, Azərbaycanda sabitlik mövcuddur. Qeyd etdiyim kimi, sabitlik hər bir inkişafın əsas şərtidir. Biz görürük ki, son 5-6 il ərzində dünyanın müxtəlif yerlərində, bizim regionumuzda çox ciddi, narahatedici proseslər gedir. Qanlı toqquşmalar, müharibələr, vətəndaş müharibələri, ölkələrin bir-birinin işinə kobudcasına qarışması, hərbi müdaxilələr - bütün bunlar bizim gözümüzün önündə baş verən məsələlərdir. Biz görürük və bütün bəşəriyyət əyani şəkildə görür ki, sabitlik pozulduqda heç bir inkişafdan söhbət gedə bilməz. Bu, xalqlara, ölkələrə böyük bəlalar, faciələr gətirir. Bu gün dağılmış vəziyyətdə olan və daxili inteqrasiyanı tamamilə itirən ölkələrin gələcək taleyi böyük sual altındadır. Ona görə həyat və yaxın tarixin mənzərəsi göstərir ki, sabitlik əsas amildir və sabitlik necə təmin edilməlidir? Ancaq düzgün siyasətlə. O siyasət ki, onun mərkəzində xalq dayanır, ölkə vətəndaşı dayanır. Biz məhz bu siyasəti aparırıq. Mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun problemləri, onun qayğıları, onun rifahı dayanır. Xalq-iqtidar birliyi Azərbaycanda sabitliyi şərtləndirən əsas amildir, bu gün var və gündən-günə güclənir. Bu gün Azərbaycan dünya miqyasında ən sabit ölkələrdən biridir və o ölkədir ki, xalq-iqtidar birliyi onun uğurlu inkişafını müəyyən edir. Çünki bizim siyasətimiz ictimaiyyət tərəfindən dəstəklənir və ictimaiyyət də görür ki, bizim siyasətimiz real, konkret nəticələrə gətirib çıxarır”, - Prezident bildirmişdi.