Gündəm / Siyasət
09 iyul 2021
16

Britaniya minaların təmizlənməsində Azərbaycana yardım üçün bütün mümkün variantları öyrənir - Səfir

Britaniya minaların təmizlənməsində Azərbaycana yardım üçün bütün mümkün variantları öyrənir - Səfir


Böyük Britaniya Azərbaycanın ərazilərinin minalardan təmizlənməsində bilik və təcrübə mübadiləsi ilə dəstək göstərilməsi ilə bağlı bütün mümkün variantları nəzərdən keçirməkdə davam edir.

Bunu Trend-ə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp deyib.

Onun sözlərinə görə, Azərbaycanın qarşısında ərazilərin bütün mina və partlamamış sursatların zərərsizləşdirilməsi ilə bağlı nəhəng iş dayanır:

“Mən şadam ki, Böyük Britaniya şirkətləri və vətəndaşları insanların həyatlarını xilas etməkdə davam edir. Britaniyalı ekspertlər artıq bu ərazilərdə işləyir və biz minalardan təmizlənmə sahəsində bütün bilik və təcrübə mübadiləsi, dəstək göstərilməsi variantlarını nəzərdən keçirməkdə davam edirik. Bu işlər bizim Müdafiə Nazirliyi tərəfindən həyata keçirilə bilər”.

Səfir bildirib ki, Britaniya şirkətlərindən biri Füzuli rayonunda inşa olunacaq hava limanının ərazisini təhlükəsizləşdirmək məqsədilə minalardan təmizləmə üçün avadanlıq tədarük edir, təlimlər keçir:

“Bu uzunmüddətli işə daha çox Britaniya şirkətinin cəlb olunacağını gözləyirəm”.

C.Şarp qeyd edib ki, mina əleyhinə fəaliyyət təkcə minaların təmizlənməsi deyil, həm də insanların, xüsusilə uşaqların mina təhlükəsi ilə bağlı maarifləndirilməsidir:

“Biz Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyini mina və partlamamış sursatlardan zərər çəkmiş rayonlarda mina təhlükəsi ilə bağlı məlumatlılığın yüksəldilməsi işində dəstəkləmişik. May ayında mən bu fəaliyyətin yekunları ilə tanış olmaq üçün Tərtərdə oldum və məlumat lövhələri və plakatlarla tanış oldum, bu proqramda iştirak edən insanlarla görüşdüm”.

O qeyd edib ki, Böyük Britaniya artıq uzun müddətdir ki, insanlar arasında heç bir fərq qoymadan öldürən və yaralayan piyadalar əleyhinə minaların qadağan olunması ilə bağlı kampaniya keçirir:

“Ona görə də Böyük Britaniya bu minaların istifadəsini qadağan edib və 1997-ci ildə Ottava sazişini imzalayıb. Mən Azərbaycanı da bu sazişə qoşulmağa çağırıram.

Onu da qeyd edim ki, biz Ermənistanla Azərbaycan arasında mina xəritələri müqabilində saxlanan şəxslərin mübadiləsini alqışlayırıq. Ümid edirik ki, bu humanitar məqsədlər üçün xüsusi ilə vacib olanson razılaşma deyil”.

Böyük Britaniyanın Azərbaycanın azad edilmiş ərazilərinin bərpası prosesində iştirak etməkdə maraqlı olub-olmaması barədə sualı cavablandıran səfir əmin olduğunu bildirib ki, Britaniya şirkətləri bu cür layihələrdə iştirak etmək istəyəcək:

“Biz Prezident İlham Əliyevin “yaşıl enerji” və “ağıllı şəhər” sahələrində layihələrə diqqətini yüksək qiymətləndiririk. Britaniya şirkətləri bu istiqamətlərdə öz təcrübəsini təklif edə bilər. Ona görə də mən Azərbaycanın Energetika Nazirliyi ilə BP arasında həmin bölgədə günəş elektrik stansiyasının tikintisi layihəsi ilə bağlı saziş imzalandığını öyrənəndə məmnun oldum. Fikrimcə, bu, qaytarılmış ərazilərdə “yaşıl” zonaların yaradılması işində Britaniya şirkətlərinin iştirakı üçün yaxşı imkandır. Bu təkcə Azərbaycanın xeyrinə deyil, həmçinin iqlim dəyişikliyi ilə qlobal mübarizəni dəstəkləyir”.

Səfir əlavə edib ki, iqtisadiyyatın digər sektorlarında, xüsusilə dağ-mədən sənayesi, turizm və kənd təsərrüfatında əməkdaşlıq imkanları Böyük Britaniyanın ixracat naziri Qrehem Stüartın Bakıya səfəri zamanı nəzərdən keçirilmişdi:

“Əlbəttə ki, səhiyyə və tədris sahələrində tələbat yaranacaq və Britaniya şirkətləri bu sferalarda çox güclüdür. Ümid edirəm ki, Britaniya şirkətləri bu işlərə cəlb olunacaq. Amma mina və partlamamış sursatların nə qədər olduğunu nəzərə alsaq, unutmamalıyıq ki, ərazilərin bərpası uzun prosesdir”.