Gündəm / Siyasət
29 iyul 2021
28

“Atəşkəsin pozulmasının səbəblərindən biri də Qarabağda daşnakların aktiv fəaliyyətdə olmasıdır...” - NƏ ETMƏLİ?

“Atəşkəsin pozulmasının səbəblərindən biri də Qarabağda daşnakların aktiv fəaliyyətdə olmasıdır...” - NƏ ETMƏLİ?

Son aylar, xüsusən iyulun əvvəllərindən bəri həm Azərbaycan-Ermənistan sərhədində, həm də Yuxarı Qarabağda atəşkəsin yaralı və hətta itkilərlə müşayiət olunan mütəmadi pozulması müşayiət olunur. İyulun 28-ə keçən gecə Kəlbəcərlə sərhəddə vəziyyət daha da gərginləşib. Ermənistan ordusu 3 itki verib. Atəşkəsin mütəmadi pozulması səbəblərini izah edən əsasən 3 versiya səslənir:

1. Paşinyan bunu təşkil etməklə dünyanın, Avropa və ABŞ-ın diqqətini Ermənistana cəlb etməyə, eyni zamanda bununla ermənilərin diqqətini daxili problemlərdən, o cümlədən seçkilərin nəticələrindən yayındırmağa çalışır.

2. Qərb ölkələri, xüsusən Fransa və ABŞ atəşkəs pozuntusunu təşkil edərək Rusiyanın bölgədə sabitliyi təmin edə bilmədiyi təəssüratını yaratmaqla və Minsk Qrupunun fəaliyyətini bərpa etməklə Ermənistana təsir rıçaqlarını öz əlinə almağa, o cümlədən sərhəd və Qarabağ ərazisinə müşahidəçi, yaxud sülhməramlı adıyla öz qoşunlarını yeritməyə çalışır. Bu versiyanı Rusiya tərəfi də mütəmadi səsləndirir.

3. Atəşkəsi Rusiya pozdurur ki, həm Azərbaycan, həm də Ermənistan bilsin ki, o, olmasa, regionda sabitlik olmayacaq və yenidən genişmiqyaslı əməlliyyatlar başlayacaq. Və Moskva bunu bəhanə edib. Qarabağdakı sülhməramlı adlanan hərbi kontingentin sayını artırmağa, eləcə də Ermənistanın Azərbaycanla sərhədini bütövlükdə nəzarətə götürməyə çalışır.
Görəsən, bu versiyalardan hansı gerçəkliyə daha yaxındır?

İstanbul Universitetinin Beynəlxalq Münasibətlər üzrə doktorantı, beynəlxalq münasibətlər üzrə analitik Teymur Qasımlı Moderator.az-a açıqlamasında gərginliyin daha çox Rusiya tərəfindən yaradılması versiyası üzərində dayanıb.

"Hesab edirəm ki, atəşkəsin pozulması haqda sadaladığınız versiyalardan üçüncüsü gerçəkliyə daha yaxındır. Çünki Rusiya son zamanlar Ermənistanın Avropaya çox yaxınlaşmasından narahatdır. Bu baxımdan Moskva Ermənistanda ABŞ, yaxud Fransanın güclənməsini istəmir. Son vaxtlar Avropa Birliyinin Ermənistana yardımı da Kremli bərk narahat edir”- bunu söyləyən analitik qəsbkar ölkənin “Daşnaksütyun” partiyasının Robert Köçəryan tərəfdarlarıyla birlikdə Yuxarı Qarabağda fəallaşmasının da atəşkəsin pozulmasında rolu olduğunu qeyd edib.
“Zənnimcə, atəşkəsin pozulmasının səbəblərindən biri də Qarabağda daşnakların aktiv fəaliyyətdə olmasıdır. Eyni zamanda sovet dövründən bəri Moskvanın adamı, Putinin dostu olan Xocalı qatili terrorçu eks-prezident Robert Köçəryan və daşnaklar oyuncaq separatçı rejim tör-töküntüsünün rəhbəri Araik Arutyunyanı devirmək üçün birlikdə hərəkət edirlər. Ona görə də atəşkəsin pozulmasında maraqlıdırlar. Araikin yenə də Moskvaya gizli səfəri gözlənilir. Hətta yeni bir məlumata görə, Araik yaxın ətrafına bildirib ki, oyuncaq qurumda “seçki”lər olacaq və o, siyasətdən getmək istəyir” – T.Qasımlı belə deyib.

Analitik hesab edir ki, Moskva sərhəddəki gərginlikdən yararlanaraq Ermənistanın Azərbaycanla sərhədinin daha çox hissəsinin mühafizəsini öz əlinə keçirməyə çalışır.

“O da var ki, Nikol Paşinyan da Ermənistan silahlı qüvələrindəki Rusiyameyilli qüvvələri zərəsizləşdirmək istəyir və bunun üçün addımlar atır. Rusiya isə bu gərginlikdən istifadə edib Ermənistanın Azərbaycanla olan bütün sərhədlərinin mühafizəsini öz əlinə keçirmək istəyir. Məqsəd Rusiya qoşunlarının Kəlbəcərlə sərhəddəki Zod kəndindən başlayaraq cənubda Laçın rayonuyla sərhəddəki Xəzinəvar kəndinə qədər olan sərhəd zolağında yerləşdirilməsidir. Hələki Paşinyan buna qarşı çıxır...

Ən vacib məsələlərdən biri də üzdə açıq bildirməsə də, əslində Kremlin dolayı təzyiqlərlə Azərbaycan dövlətindən Qarabağdakı ermənilərə status istəməsidir. Çünki Rusiya Azərbaycan Ermənistan arasında, o cümlədən sərhədlərdə gərginliyin daimi olmasında çox maraqlıdır. Bu imperiya 208 ildir ki, eyni siyasəti aparır” –deyə beynəlxalq analitik vurğulayıb.