Gündəm / Siyasət
30 iyul 2021
19

Milli Məclisdən polisi döyən deputatla bağlı - Açıqlama

Milli Məclisdən polisi döyən deputatla bağlı - Açıqlama

Deputat Eldəniz Səlimovun Nabranda polisi döyərək xəsarət yetirməsi faktı Milli Məclisin İntizam Komissiyasında müzakirə ediləcək.

Bu barədə parlamentin İntizam Komissiyasının sədr müavini, deputat Fəzail Ağamalı məlumat verib. O bildirib ki, hazırda deputatlar məzuniyyətdədir:

“Çox güman ki, məzuniyyət müddəti başa çatan kimi bu barədə iclas çağırılacaq. İclasda baş vermiş hadisənin detalları müzakirə ediləcək. Deputat öz cəzasını alacaq. Sözsüz ki, birinci növbədə ona töhmət veriləcək. Başqa hansı cəzaların olacağı isə müzakirələrin nəticəsində bəlli olacaq. Çünki ortada xuliqanlıq, zorakılıq, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, karantin rejiminin pozulması halları var”.

F. Ağamalı qeyd edib ki, baş vermiş hadisə təəssüf doğurur: “Belə hal olmalı deyil. Deputatın öz vəzifə səlahiyyətlərinə görə belə hala yol verməsi qəbuledilən deyil. Statusundan asılı olmayaraq hər kəs qanun qarşısında cavabdehdir”.

Xatırladaq ki, insident iyulun 29-da gecə 12-dən sonra Xaçmaz rayonunun Nabran qəsəbəsi ərazisində deputat Eldəniz Səlimovun qohumuna məxsus iaşə obyektində qeydə alınıb. Belə ki, E. Səlimov karantin rejimi qaydalarına uyğun olaraq obyektin bağlanmasını tələb edən polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğlunu döyərək ona xəsarət yetirib.