Gündəm / Siyasət
31 avqust 2021
31
Zəngəzur dəhlizi təkcə Azərbaycanın MARAĞINDADIRMI? - AKTUAL
Ermənistan Təhlükəsizlik Şurasının Baş katibi Armen Qriqoryan "Azadlıq" radiosunun Ermənistan xidmətinə müsahibə verib. Müsahibədə əsas mövzu Azərbaycanla danışıqlar və regional kommunikasiyaların açılması barədə olub. Armen Qriqoryan Azərbaycanla delimitasiya prosesinə hazırlıq görüldüyünü deyib. O bildirib ki, Ermənistan delimitasiya prosesinə hazırdır və Azərbaycandan müvafiq reaksiyanı gözləyir. Onun sözlərinə görə, Rusiya sərhədçiləri Bakı ilə Yerevan arasında delimitasiya və demarkasiya prosesi bitdikdən sonra iki ölkənin sərhədinə yerləşdiriləcək. Qriqoryan Zəngəzur dəhlizi məsələsinə toxunub və ölkəsini Rusiya ilə birləşdirmək üçün Azərbaycandan dəhliz istədiklərini əlavə edib: "Regiondakı bütün nəqliyyat kommunikasiyalarının açılması nəzərdə tutulur.
Ermənistan da Rusiya ilə əlaqə üçün Azərbaycan ərazisindən istifadə edə biləcək. Əgər Azərbaycan Zəngəzur dəhlizinin olduğunu hesab edirsə, biz də Rusiyaya dəhliz əldə edəcəyik". Bəs, bu dəhlizin Azərbaycan üçün hansı əhəmiyyəti var?
Zəngəzur dəhlizinin açılmasının labüd olduğunu vurğulayan politoloq Natiq Miri "Şərq"ə açıqlamasında vurğulayıb ki, bu dəhliz ilk növbədə bütün ölkələrin geosiyasi maraqlarına xidmət edir. Politoloq diqqətə çatdırıb ki, Armen Qriqoryanın açıqlaması da Ermənistan hökumətinin indiyə qədər sabotaj etdiyi bütün arqumentlərdən tamamilə geri çəkildiyini göstərir:
"Xatırladım ki, Ermənistan hökumət başçısı Nikol Paşinyan bu prosesə üçüncü, dördüncü xarici qüvvələrin müdaxiləsini və beynəlxalq müşahidəçilərin sərhədlərin müəyyənləşməsi prosesində iştirakını təmin etmək istəyirdi. Həmçinin, birmənalı olaraq dəhliz məsələsinin 10 noyabr Bəyanatında olmadığını və bunun mümkün olmayacağını iddia edirdi. Ancaq Qriqoryanın indiki açıqlaması onu göstərir ki, bütün bu məsələlərin hamısından vaz keçilib. Dolayısıyla onun açıqlaması əslində Azərbaycanın istədikləridir. Sadəcə bu açıqlama elə bir təqdimatda verilib ki, sanki bu məsələlərdə Ermənistan da müəyyən mənada özünün geosiyasi maraqlarını təmin edir. Yəni söhbət əgər Zəngəzur dəhlizinin açılmasından gedirsə, burda Ermənistanın da Rusiya ilə əlaqə yarada biləcəyi və ya birləşəcəyi arqumenti ortaya qoyulur. Çox maraqlıdır ki, əgər ana Azərbaycan Naxçıvanla birləşirsə və bu kontekstdə Zəngəzur dəhlizi həm dəmir yolu xətti, həm də avtomobil yolu ilə açılacaq və o zaman avtomatik olaraq dəmir yolu xətti ilə Ermənistan Rusiyaya birləşdiriləcək. Azərbaycanın Naxçıvana açılacaq avtomobil yolundan Rusiya da, daha doğrusu, Ermənistan da istifadə edə biləcək. Həmçinin, gələcək perspektivdə Azərbaycan-Gürcüstan sərhədində Ermənistanın Gürcüstanla quru və digər əlaqələri də təmin oluna bilər".
Politoloq əlavə edib ki, ermənilərin işğalı altında olan Qazaxın 7 kəndinin də qaytarılması məsələsi labüddür:
"Bu kəndlər qaytarıldığı təqdirdə Ermənistanın Gürcüstanla əlaqəsi Azərbaycanın kəndlərindən keçəcək ki, bu da Azərbaycanı Ermənistana növbəti təzyiq imkanlarını özündə saxlayır. Bu xüsusda düşünürəm ki, Ermənistan həm də bütün bu məsələləri nəzərə alaraq bu yöndə müsbət açıqlamalar verir. Düşünürəm ki, bu məsələdə təbii ki, son Gorus-Qafan yolunun Azərbaycan tərəfindən birtərəfli qaydada bağlanması, xüsusilə də İranla Ermənistan arasında mövcud olan yeganə ticarət yolunun bağlanması hadisəsi bu açıqlamalarda gedilən güzəştlərdə xüsusi rol oynadı. Çünki Azərbaycan ortaya konkret bir siyasi iradə qoydu, yolları bağladı. İranın verdiyi bəyanata rəğmən Azərbaycan öz şərtlərinin qəbul olunmadığı təqdirdə yolun açılmayacağı iradəsini ortaya qoydu.
Düşünürəm ki, Azərbaycanın şərtləri müəyyən mənada qəbul olunub. Çünki Ermənistanın hökumət başçısı Nikol Paşinyanın parlamentdə bu hadisədən sonra açıqlamalar, Türkiyə ilə yeni münasibətlər sistemindən danışması da göstərdi ki, üfüqdə artıq müəyyən güzəşt fikirləri özünü göstərməkdədir. Ən nəhayət, Armen Qriqoryanın da açıqlaması göstərir ki, Ermənistanda artıq regional əməkdaşlıq platformasından istifadə etmək istəyənlərin sayı getdikcə çoxalır.
Əslində Nikol Paşinyanın rəhbərlik etdiyi siyasi güc mərkəzinə xalq tərəfindən verilən siyasi mandatın mahiyyəti də bundadır. Xalq sülh və təhlükəsizlik üçün Nikol Paşinyanın rəhbərlik etdiyi siyasi komandaya səs verdi, yəni bu səs müharibəni davam etdirmək üçün verilmədi. Ona görə də mütləq mənada iqtisadi-ticari əməkdaşlığı gücləndirmək, bu platformanı inkişaf elətdirmək, regional əməkdaşlığı gücləndirmək lazımdır. Diplomatik danışıqların bərpası və yeni siyasi münasibətlər sisteminin qurulması əslində regionun sülh və təhlükəsizliyinin yeganə təminatıdır və bu çox vacib məsələdir.
Çünki bu məsələ təkcə Ermənistan Azərbaycan məsələsi deyil, bu məsələ Rusiya, İran, Türkiyənin də daxil olduğu regionda ciddi sülh və təhlükəsizlik qarantı olan bir platformadır. Bu platformanın inkişafı isə bütün ölkələri həm iqtisadi cəhətdən, həm də ticarət cəhətdən qazandıracaq. Eyni zamanda Ermənistana yeni maliyyə bazarlarına çıxış imkanı tanıyacaq ki, bu da Ermənistana müəyyən mənada investorlar cəlb edəcək. Təbii ki, bu da xüsusi məqamdır.
Ayrıca, Avropa Birliyinin Ermənistana ayırdığı 2,5 milyard avro dəyərində bir qrant layihəsi var. Bu proqramda isə konkret 5 prioritet nəzərdə tutulur. Bu proqramın əsas cəhətlərindən biri də bütün kommunikasiyaların açılması və Ermənistanın bloklanmış bir ölkədən tranzit ölkəsinə çevrilməsidir. Təbii ki, tranzit ölkəyə çevrilmək Ermənistana yeni pullar qazandıracaq. Eyni zamanda bütün qlobal layihələrdə iştirak imkanı əldə edəcək və maliyyə bazarlarına çıxış imkanını təmin edəcək. Habelə, özünü kənd təsərrüfatı məhsullarını və digər ixrac edə biləcək məhsullar üçün yeni bazarlar qazanacaq. Təkcə Rusiya və MDB deyil, Naxçıvandan İrana açılan dəmir yolu xətti ilə Hindistana, Mərkəzi, Cənub-Şərqi Asiyaya qədər bu prosesi götürə biləcək. Ona görə də əlbəttə ki, Zəngəzur dəhlizinin açılması labüddür, realdır. Bu, bütün ölkələrin geosiyasi maraqlarına xidmət edir".
Politoloq diqqətə çatdırıb ki, Azərbaycan və Türkiyə üçün bu əslində geostrateji bir layihədir:
"Birincisi, Azərbaycanla qardaş Türkiyəni, yəni iki Türk Cümhuriyyətini birləşdirəcək. İkincisi isə Azərbaycan bir növ türk dünyasına açılışda körpü rolunu oynayacaq. Bunlar çox əhəmiyyətli məqamdır. Düşünürəm ki, həm qardaş Türkiyənin, həm də Azərbaycanın Mərkəzi Asiya ölkələrində, qardaş Türk Cümhuriyyətlərində mövqelərini gücləndirəcək. Həmçinin, iqtisadi və digər yöndə əlaqələri gücləndirəcək ki, bu da gələcəkdə ortaq təsəvvürlərin inkişafına rəvac verəcək. Düşünürəm ki, Zəngəzur dəhlizinin açılmasının alternativi yoxdu və bunu da Ermənistan çox yaxşı anlayır. Bunun alternativinin yalnız müharibə olacağını Nikol Paşinyan da dərk edir və bunu dəfələrlə dilə gətirib. O hətta bunun Ermənistan üçün arzuolunmaz olduğunu dəfələrlə bəyan edib. Bu çox xüsusi məqamdır və düşünürəm ki, diqqətəlayiqdir.
Armen Qriqoryanın da dedikləri təxminən bu xüsusdadır. Dolayısıyla Zəngəzur dəhlizinin açılacağına şərait yaradan bir açıqlamadır və erməni ictimai rəyini bu dəhlizinin açılmasına hazırlayır".
Daha çox xəbər:
“Zəngəzur dəhlizinin açılması Ermənistana hava-su kimi lazımdır” - RƏY
Gündəm / Siyasət“Zəngəzur dəhlizinin açılmasında həm Rusiya, həm də Türkiyə maraqlıdır” - MÜSAHİBƏ
Gündəm / Siyasət"Biz Zəngəzur dəhlizindən istifadə edərək..." - Prezident
Gündəm / Siyasət“Şərqi Zəngəzur qərbə doğru genişlənəcək? Bakı və Moskvadan siqnallar” - VİDEO
Gündəm / SiyasətAZAL-dan Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Gündəm / Cəmiyyət