Gündəm / Cəmiyyət
16 sentyabr 2021
22

DYP-dən yeni dərs ilinin başlanması ilə bağlı MÜRACİƏT

DYP-dən yeni dərs ilinin başlanması ilə bağlı MÜRACİƏT

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

Məlumatda deyilir:

"Yeni dərs ilində ölkəmizin ümumi təhsil müəssisələrində, eləcə də ali, orta ixtisas və digər təhsil ocaqlarında tədrisin ənənəvi şəkildə təşkili küçə və yollarda təhsilalanların, xüsusilə uşaq və yeniyetmələrin yol hərəkəti ilə bağlı həyat və sağlamlıqlarının qorunması işində daha kəsərli tədbirlərin görülməsini tələb edir.

Elə bu səbəbdən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq göstərişinə əsasən, sentyabr ayının 20-dən oktyabr ayının 20-dək ölkə ərazisində “Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığı keçiriləcək.

Tədbir çərçivəsində uşaq və yeniyetmələrin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində nəzarət-profilaktiki tədbirlərin gücləndirilməsi ilə yanaşı, onların hərəkət marşrutlarında, təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə yol şəraitinin müayinə olunması, müvafiq yol nişanlarının qoyulması, nişanlanma xətlərinin çəkilməsi və ya yenilənməsi, eləcə də ölkədə mövcud olan sanitar-epidemioloji vəziyyət nəzərə alınmaqla təhsil işçiləri, valideynlər və ictimai təsisatlarla birgə təhsilalanlar arasında maarifləndirilmə və təbliğat-təşviqat işinin daha da canlandırılması nəzərdə tutulur.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi yollarda uşaq travmatizminin minimuma endirilməsi istiqamətində hər birimizi ictimai iştirakçılığa və yol hərəkəti qaydalarına riayət etməkdə azyaşlılara şəxsi nümunə olmağa dəvət edir".