Gündəm / Cəmiyyət
24 sentyabr 2021
28

“İcra başçısı bələdiyyə torpaqlarını satır” - GİLEY

“İcra başçısı bələdiyyə torpaqlarını satır” - GİLEY

“Göyçay rayon icra başçısı Mehdi Səlimzadə uzun müddət bizim ailənin istifadəsində olan bələdiyyəyə məxsus torpaq sahəsini 5 000 manat rüşvət alaraq, Göyçay rayon Təhsil Şöbəsinin keçmiş müdiri Elnur İsmayılovun oğlu Rəvan İsmayılova satıb”.
Bu sözləri Bizimyol.info-ya Göyçayın Ulaşlı-Şıxlı kənd sakini İsmayılova Kəmalə Ağsəf qızı bildirib. Onun sözlərinə görə, Rəvan İsmayılov özü etiraf edib ki, bu torpaq sahəsi artıq ona məxsusdur və icra başçısı Mehdi Səlimzadəyə 5000 manat pul ödəyərək alıb.

“Bu cinayət əməlidir, çünki bələdiyyəyə məxsus torpaq sahəsini icra başçısının kiməsə satması qanunsuzluqdur. Qeyd edim ki, Mehdi Səlimzadə Göyçayı feodal qanunları ilə idarə edib, harada, kimə gəldi torpağı sənədləşmə aparılmadan qanunsuz satır. Buna görə təkcə Göyçay şəhərinin mərkəzi küçələrində 100-dən çox sənədsiz inşa edilmiş obyektlər var”,-deyə şikayətçi bildirir.

Məsələ ilə bağlı Göyçay rayon İcra Hakimiyyətindən Bizimyol.info-ya açıqlama verilərək bildirilib ki, bələdiyyələr yalnız bələdiyyəyə məxsus olan torpaq sahələrinin digər şəxslərin mülkiyyətinə, icarəsinə və ya istifadəsinə verilməsi barədə qərarlar qəbul edə bilərlər: “Potu bələdiyyəsi tərəfindən torpaq sahəsinin ayrılmasından imtina edilməsini əsassız hesab etdiyi halda, həmçinin bələdiyyənin qanunsuz hərəkətləri barədə Göyçay Regional Ədliyyə İdarəsinə müraciət etməyi tövsiyə olunur. Pay torpaq sahəsinin Rəvan İsmayılova müəyyən məbləğ qarşılığında satılması faktı əsassızdır”.