Gündəm / Siyasət
28 sentyabr 2021
14
Qonşu qonşu olmayanda: Prezidentdən şimal və cənuba mesajlar - İNCƏLƏMƏ...
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin “Anadolu” dövlət informasiya agentliyinə müsahibəsində İranın və Rusiyanın Laçın dəhlizində fəaliyyətindən açıq narazılığını bildirib. Bu, Moskvanın bölgədəki qanunsuz hərəkətlərindən ilk dəfə səsləndirilən narazılıq olmasa da, Tehrana yönəlik ən yüksək səviyyədə etirazdır. Dövlət başçısı burada iki əsas problemi göstərib: Laçın dəhlizindən Ermənistanın və əcnəbilərin qanunsuz istifadəsi və xidmətdə olan sülhməramlıların özlərini mövcud siyasi razılaşmalara uyğun aparmaması. “Biz istərdik ki, müstəqilliyimizə, ərazi bütövlüyümüzə tam şəkildə hörmət göstərilsin”, – deyə İlham Əliyev vurğulayıb.
Prezident müsahibəsində qeyd edib ki, Laçın dəhlizində sabotaj qruplarının fəaliyyəti ilə bağlı Rusiyaya şikayətlərini çatdırıblar: “Sabotaj qruplarının ora girməsi o vaxt baş verdi ki, rus sülhməramlıları hələ əraziyə tam yerləşməmişd. Orada boşluqlar çoxdur. Ədalətli olmağa məcburuq. Onlar bölgəni hələ tam nəzarət altına almamışdı. Ermənilər də bunu fürsət bilərək, bizim işğaldan azad etdiyimiz torpaqlara sızdılar. Amma ümumi olaraq rus sülhməramlılarının fəaliyyətini müsbət dəyərləndirirəm”.
Prezident İranın bölgədəki fəaliyyətini sərt şəkildə qınayıb və bununla Tehranın təsir dairəsində olan siyasi və dini qrupların ortaya atdığı manipulyasiyalara son qoyub. Sosial şəbəkələrdə və xaricdən idarə olunan bəzi internet səhifələrində Azərbaycanın Qərbin, xüsusən, İsarilin təsiri altında İranla münasibətləri qəsdən gərginləşdirdiyi iddia olunurdu. İlham Əliyev isə müsahibəsində bildirib ki, Tehran Azərbaycanın müstəqilliyinə və suverenliyinə zidd fəaliyyətlə məşğuldur:
“İran TIR-larının qanunsuz olaraq Qarabağ bölgəsinə getməsi birinci dəfə baş vermir. Bu, işğal dövründə də dəfələrlə olan hadisələrdir. Bu TIR-lar müntəzəm olaraq ora gedirdi. Bizim məlumatımız var idi. Ancaq indiki qədər dəqiq məlumat, əlbəttə ki, yox idi. Biz yenə gördük ki, bu TIR-lar müharibədən sonra da ora getməyə davam edir. Belə olan halda mən Prezident Administrasiyasının əməkdaşlarına göstəriş verdim ki, İranın Azərbaycandakı səfiri ilə danışsınlar. Biz bunu rəsmiyyətə salmaq istəmirik. Dostcasına danışsınlar və desinlər ki, buna son qoyulmalıdır. Bu bizə qarşı hörmətsizlikdir. Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlikdir, buna son qoyulmalıdır”.
Azərbaycan Prezidenti hadisələrin sonrakı inkişaf trayektoriyasını açıqlayıb və sərt addımların əslində qarşı tərəfin təhrikedici hərəkətlərindən qaynaqlandığını vurğulayıb:
“Avqustun 11-dən sentyabrın 11-dək yenə də İrandan gələn 60-a yaxın TIR qanunsuz olaraq Qarabağa hərəkət edib. Bunun qabağını almaq üçün biz əməli, praktiki addımlara keçdik. Bizim davranışımız və addımlarımız məsuliyyətlidir, dostluq əlaqələrinə əsaslanandır. Birinci dəfə şifahi xəbərdarlıq etdik, ikinci dəfə rəsmi nota verdik, üçüncü dəfə gömrük, sərhəd, polis postları qurduq. Beləliklə, biz Ermənistan ərazisindən keçən və Azərbaycan ərazisindən keçən yola artıq nəzarət etməyə başladıq və ondan sonra Qarabağa gedən TIR -larin sayı sıfıra endi. Baxın, buna gətirib çıxartmaq lazım idi? İndi orada – Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olan Qarabağ bölgəsində cəmi 25 min adam yaşayır. Bu bazar o qədər önəmlidir? O ticarət o qədər önəmlidir ki, dost və qardaş saydığın ölkəyə qarşı nümayişkaranə şəkildə belə hörmətsizlik edirsən?”
İlham Əliyev İran ordusunun Azərbaycanla sərhəd ərazilərdə hərbi manevrlərə başlamasına da toxunaraq, Tehranın bu addımına təəccüb etdiyini vurğulayıb:
“30 illik müstəqillik dövründə belə hadisələr olmamışdı. İlk növbədə deməliyəm ki, hər bir ölkə öz ərazisində istədiyi hərbi təlimi keçirə bilər. Bu, onun suveren hüququdur, söz ola bilməz. Ancaq bunu zaman kəsiyində analiz edərkən görürük ki, bu, heç vaxt olmamışdı. Nə üçün məhz indi? Nə üçün bizim sərhədimizdə? Bu sualları mən yox, Azərbaycan cəmiyyəti verir. Bu sualı dünya azərbaycanlıları verir. Bir sual da verilir ki, nə üçün işğal dövründə o bölgədə təlim keçirilmirdi? Ermənilər Cəbrayılda, Zəngilanda, Füzulidə oturduğu dövrdə nə üçün təlimlər keçirilmirdi? Nə üçün biz bu torpaqları azad edəndən sonra, 30 illik əsarətə və işğala son qoyandan sonra bu keçirilir? Bu suallar legitim suallardır. Əlbəttə, biz istəyirik ki, bölgədə uzunmüddətli əməkdaşlığa xələl gətirəcək heç bir hal olmasın”.
Beləliklə, Azərbaycan rəhbərliyi ən yüksək səviyyədə iki böyük qonşusunun bölgədəki fəaliyyətindən narazılığını ifadə edir. Bu, ölkələr arasında hər hansı iqtisadi, ticarət məsələləri deyil, söhbət Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə və suverenliyinə qarşı hörmətsizlikdən gedir. Ortaya çıxan mənzərədə Rusiya və İranın ortaq razılaşma ilə hərəkət etdiyi görünməsə də, hər halda, onların fəaliyyətində bir sinxronluq var. Kreml tam nəzarət etdiyi Laçın dəhlizinə iran maşınlarını manesiz buraxır və bu zaman Bakıdan icazə almağa lüzum görmür. İran da bu istiqamətdə hərəkət edən şirkətlərinə Azərbaycan ərazisinə daxil olduqları barədə xəbərdarlıq etmir. Əksinə, Bakının gördüyü qanuni tədbirlərə Tehranın reaksiyası diplomatik etiketdən kənara çıxmaqla, hərbi təhdid elementləri ilə doludur.
Bu gün vəziyyət nisbətən sabit görünür, amma bu, o demək deyil ki, Rusiya və İran Azərbaycanın narazılıq və şikayətlərini nəzərə alıb geri çəkiləcək, hərəkətlərinə çəki-düzən verəcək. Buna nail olmaq üçün Bakının atmalı olduğu çox vacib addımlar var.
İlk növbədə Türkiyə ilə hərbi-siyasi müttəfqiliyi daha da irəli aparan xarici təcavüzdən birgə müdafiə haqqında saziş imzalana bilər. Bu, hazırda iki ölkə arasındaki müqavilələrdən üstündür və müharibə riskləri yaranarsa, dövlətlərin üzərinə götürdüyü öhdəliklərin konkret dairəsini müəyyən edir.
İkincisi, Azərbaycan Ordusunun modernləşdirilməsi istiqamətində aparılan islahatlar sürətləndirlməli və peşəkar orduya keçid təmin olunmalıdır. Hazırda bu istiqamətdə addımlar atılır, elə Moskva və Tehranı qıcıqlandıran əsas məsələlərdən biri də bununla bağlıdır.
Üçüncüsü, hazırda potensialdan qat-qat aşağı olan Qərblə münasibətlərin yenidən canlandırılmasına ehtiyac var. Avropa İttifaqı ilə tərəfdaşlıq sazişinin imzalanması, GUAM çərçivəsində fəaliyyətin aktivləşdirilməsi zəruridir. Bu günlərdə Nyu-Yorkda BMT-nin 76-cı sessiyası çərçivəsində təşkilata daxil olan ölkələrin XİN başçılarının bir araya gəlməsi müsbət hadisədir. Qeyd edək ki, son bir neçə ildə bu tədbirdə iştirak Bakının GUAM çərçivəsində atdığı ilk addım idi. Təşkilat həm Kiyevdə, həm də Batumda Azərbaycansız toplaşmışdı və bu, həssas dövrdə Bakının ehtiyatlı xarici siyasət yürütməsi ilə izah olunurdu. Bu platforma Azərbaycanın Qərblə sıx əməkdaşlığı üçün vacibdir, gələcəkdə Türkiyənin də buraya inteqrasiyası proqnozlaşdırıla bilən məsələdir.
Nəhayət, ölkə daxilində siyasi və idarəetmə islahatlarının həyata keçirilməsi, sosial-iqtisadi problemlərin həlli istiqamətində ciddi addımların atılması vacibdir. Çünki müharibənin də həllini ertələdiyi bu problemlər kifayət qədər şişib və daxili sabitlik üçün təhlükə mənbəyinə çevrilməkdədir. Milli həmrəyiliyin güclənməsi, siyasi qüvvələr arasında etimad mühtinin yaradılması, əhalinin problemlərinin həll edilməsi milli təhlükəsizliyi təhdid edən xarici faktorlara qarşı ən dayanıqlı müdafiə strategiyasıdır. //pressklub.az//
Daha çox xəbər:
"Kəlbəcər-Laçın yolu ən yüksək səviyyədə qurulacaq" - Prezident
Gündəm / Siyasətİlham Əliyev Kəlbəcər-Laçın yolunun üzərində tikiləcək tunelin təməlini qoydu
Gündəm / Siyasətİlham Əliyev "Anadolu" agentliyinə müsahibə verdi - VİDEO
Gündəm / Siyasətİlham Əliyev Ermənistana növbəti dəfə xəbərdarlıq ETDİ
Gündəm / SiyasətPrezidentdən Kəlbəcər və Laçınla bağlı SƏRƏNCAM
Gündəm / Siyasət