Gündəm / Hadisə
15 oktyabr 2021
36

Nazirliyin vəzifəli şəxsləri və sahibkar barəsində cinayət işi başlandı

Nazirliyin vəzifəli şəxsləri və sahibkar barəsində cinayət işi başlandı

Zaqatala rayonunda ağacları qanunsuz olaraq kəsən mebel sexi sahibi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanılıb.

Baş Prokurorluqdan verilən məlumata görə, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Qalid Ağalarovun vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi nəticəsində ona məxsus mebel sexində, eləcə də, Balakən rayon sakini Ramiz Seyidovun idarə etdiyi yük avtomobilində “Meşə məhsullarının buraxılış orderi” – meşə bileti olmadan işlik material şəklində qanunsuz kəsilmiş fıstıq və qoz cinsindən olan ağaclar aşkar edilmiş və bunun nəticəsində dövlətin qanunla qorunan mənafelərinə ümumilikdə 39 min manat məbləğində ziyan vurulub.

Bundan başqa, Zaqatala rayonu Makov kənd sakini Muhuma Qardaşovun 2020 və 2021-ci illər ərzində faktiki olaraq cəmi 3 ədəd “Meşə məhsullarının buraxılış orderi” əsasında meşədən işlik material gətirməsinə baxmayaraq, Zaqatala Regional Meşə Təsərrüfatı Mərkəzinin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilməklə tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edilərək, Mohuma Qardaşovun adına 12 ədəd əlavə order yazılaraq 110 m3-dən çox məhsulunun meşədən çıxarılması müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 259.1-ci (meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq istintaqın aparılması İstintaq idarəsinə həvalə edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.