Gündəm / Siyasət
19 oktyabr 2021
12

Obyektlərin icbari sığortasında iddia müddəti 3 ildir - Rəsmilər açıqladı

Obyektlərin icbari sığortasında iddia müddəti 3 ildir - Rəsmilər açıqladı

Azərbaycanda mülki və iqtisadi məhkəmə mübahisələri zamanı qarışıq və müzakirələrə səbəb olan, həmçinin şərh olunaraq yekun cavab tapılmalı bir məsələ ortaya çıxıb. Belə ki, sual doğuran məsələ 2013-cü il mayın 14-də “İcbari Sığortalar haqqında” qanunun 74-cü maddəsinin ləğvindən sonra gündəmə gəlib. Bu maddə sığorta tələbi üzrə iddia müddətinin 3 il olduğunu qəti olaraq müəyyən edirdi.

Son illər Azərbaycanda müxtəlif ticarət mərkəzlərindəki böyük yanğınları nəzərə alsaq, mövzu sahibkarlar üçün də kifayət qədər önəmlidir. Sözügedən maddənin mübahisəsi həmin yanğınlardan sonra obyekt sahiblərinin neçə il ərzində məhkəməyə müraciət edərək sığorta ilə bağlı iddia qaldırmasını tənzimləyir.

Hazırda iddia müddəti ilə bağlı prosesi Mülki Məcəllə tənzimləyir. Bu Məcəllənin 373.2-ci maddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı iddia müddəti isə altı ildir. Yenə də həmin Məcəllənin 883.1-ci maddəsində deyilir ki, sığorta müqaviləsi sığorta obyektinə dəyən zərərin əvəzinin ödənilməsini nəzərdə tutan razılaşmadır. “Sığorta fəaliyyəti haqqında” qanununun 1.1.13-cü maddəsinə əsasən sığorta obyekti - sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyidir.

Maddələrin məzmunundan göründüyü kimi sığorta müqaviləsi konkret əmlakın yox, “sığorta obyektinin” yəni, əmlak mənafeyinin məruz qala biləcəyi risklərlə bağlı öhdəlikdir. Buradan belə bir qənaətə gəlmək olar ki, sığorta müqaviləsi ilə daşınmaz əmlak icbari qaydada sığortalanarkən şəxsin maddi marağı, mənafeyi sığortalandığı üçün iddia müddəti məsələsinə müqavilə tələbləri baxımından yanaşılmalıdır.

İddia müddəti institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, hüquq və qanuni maraqların müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması, işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı.

Oxşar hüquqi mövqe Rusiya Federasiyasının Mülki Məcəlləsinin 966-cı maddəsində öz əksini tapıb. Maddənin məzmununa görə, sığorta tələbləri üzrə iddia müddətləri 2 ildir.

Sığorta obyektinin əmlak mənafeyi olduğunu nəzərə alaraq, belə bir sual yaranır: Sığorta müqaviləsi ilə daşınmaz əmlak icbari qaydada sığortalandığı təqdirdə iddia müddəti neçə il olmalıdır: 3, ya 6?

Məsələ ilə bağlı Milli Məclisin İqtisadi qanunvericilik şöbəsindən bildirilib ki, əmlakın icbari sığorta müqaviləsi üzrə tələbin obyekti kimi birbaşa olaraq daşınmaz əmlakın özü deyil, onunla bağlı itkilər, dəyən zərərin əvəzi və ya razılaşdırılan pul məbləği çıxış edir.
Obyektlərin icbari sığortasında iddia müddəti 3 ildir - Rəsmilər açıqladı

Ədliyyə Nazirliyi də qanunun tələbi ilə bağlı mövqeyini bildirib. Nazirliyin qanunlara izah vermək səlahiyyəti olan Qanunvericilik Baş İdarəsindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, iddia müddətləri ilə bağlı münasibətlər Mülki Məcəllənin 18-ci fəsli ilə tənzimlənir: “Məcəllənin 886.1 və 886.2-ci maddələrinə görə sığorta obyekti (əmlak sığortasının obyekti Məcəllənin 888.1-ci maddəsi) sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyi, sığorta predmeti isə sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu fiziki şəxs, əmlak və ya haldır.

Eyni zamanda Məcəllənin 888.2-ci maddəsinə əsasən əmlakın sığortası zamanı əmlakın zədələnməsi, itirilməsi (məhv olması) və çatışmazlığı, eyni zamanda əmlak hüquqlarının itirilməsi ilə bağlı risklər sığortalanır. Həmçinin daşınmaz əmlakın icbari sığortasının məqsədi “İcbari sığortalar haqqında” Qanunun 4.1 və 35.1-ci maddələrinə görə daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsidir. Qeyd olunanlara əsasən belə qənaətə gəlmək olar ki, daşınmaz əmlakın icbari sığortası müqaviləsi üzrə iddia tələblərinə müqavilə tələbləri üzrə 3 illik müddət şamil olunur”.
Obyektlərin icbari sığortasında iddia müddəti 3 ildir - Rəsmilər açıqladı

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Kamal Cəfərov da sorğumuza cavab olaraq bu mövqeni dəstəkləyib və iddia müddətinin 3 il olduğunu bildirib: “Sığorta müqavilələri üzrə mübahisə yarandıqda, tərəfin məhkəməyə müraciət etməsi üçün 3 il müddət müəyyən olunur. Hazırkı sualın mahiyyəti ondan ibarətdir ki, normanın ikinci hissəsindən göründüyü kimi mübahisə daşınmaz əşyalarla bağlı müqavilədən irəli gəldiyi hallarda iddia müddəti 3 il deyil, 6 il müddətinə müəyyən olunur.

Lakin, nəzərə almaq lazımdır ki, daşınmaz əmlakın sığortası üzrə müqavilənin obyekti məhz daşınmaz əmlakın özü yox, sığortalanmış əmlaka dəyən zərərə görə müqavilə ilə müəyyən edilmiş sığorta ödənişidir. Daşınmaz əmlakı sığorta etdiyiniz halda, müəyyən məbləğin ödənişi müqabilində daşınmaz əmlakınıza dair müvafiq sığorta ödənişi məbləğini müəyyən edirsiniz və sığorta hadisəsi baş verdiyi zaman sizə sığortalanmış əmlakınıza dəymiş zərərdən asılı olaraq müqavilədə göstərilən məbləğdə kompensasiya ödənilir. Yəni müqavilənin mahiyyəti daşınmaz əmlak deyil, məhz ödənilən məbləğdir. Bu səbəbdən bu tip mübahisələrdə müqavilə tələblərinə dair yaranan mübahisələr üzrə müəyyən edilmiş 3 il iddia müddəti tətbiq edilməlidir”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov da məsələni şərh edib. Millət vəkili bildirib ki, qanuna əsasən, faktiki olaraq daşınmaz əmlakın icbari sığortası ilə bağlı mübahisələrdə məhkəməyə müraciət etmək üçün iddia müddəti 3 ildir: “Burada daşınmaz əmlakın özü yox, onunla bağlı imzalanan müqavilə əsas predmetdir. Yekun olaraq müddət 3 ildir”.
Obyektlərin icbari sığortasında iddia müddəti 3 ildir - Rəsmilər açıqladı

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Erkin Qədirli də “Qafqazinfo”ya açıqlamasında həmkarları ilə eyni mövqeni bölüşüb. Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin müəllimi olmuş E.Qədirli bildirib ki, daşınmaz əmlak icbari qaydada sığortalandığı təqdirdə yaranan mübahisə üzrə məhkəməyə müraciət etmək üçün müəyyən edilən iddia müddəti 3 ildir.

Bununla bağlı ölkənin məhkəmə sistemi də yaxın günlərdə yekun qərar verib. Bakı Kommersiya Məhkəməsi icbari sığorta müqaviləsi ilə əmlakını sığortalatdıran şirkətin iddiasına baxaraq qərar qəbul edib.
Obyektlərin icbari sığortasında iddia müddəti 3 ildir - Rəsmilər açıqladı

Məhkəmənin 2021-ci il oktyabrın 4-də qəbul etdiyi qərarında qeyd edilib ki, Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilədən irəli gələn tələblər üzrə iddia müddətinin üç il olmasını nəzərə aldıqda, sığorta müqavilələri üzrə iddia müddəti də 3 il qəbul edilməlidir. Beləliklə, məhkəmə sistemi də daşınmaz əmlakın icbari sığortası üzrə iddia müddətinin 3 il olduğuna qərar verib.

Yazı Medianın İnkişafı Agentliyinin yardımı ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artrılması” mövzusu üzrə dərc olunub.
Obyektlərin icbari sığortasında iddia müddəti 3 ildir - Rəsmilər açıqladı