Gündəm / Cəmiyyət
04 dekabr 2021
96

Sima Yaqubova Mediasiya Şurasının İdarə Heyətinin üzvü seçildi

Sima Yaqubova Mediasiya Şurasının İdarə Heyətinin üzvü seçildi
Dekabrın 3-də Mediasiya Şurasının Ümumi Yığıncağının növbədənkənar iclası keçirilib.

İclası açıq elan edən Şuranın İdarə Heyətinin Sədri Nadir Adilov gündəlikdə duran məsələlər barədə iclas iştirakçılarına məlumat verib, mövcud problemlər və qarşıda duran hədəfləri mediatorların diqqətinə çatdırıb.

İclasda Azərbaycan Respublikası Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının Mediasiya Şurasına ünvanladığı müraciətə baxılıb. Mediasiya xidmətləri və məhkəmə fəaliyyəti arasında səmərəli koordinasiyanın həyata keçirilməsi, bu sahədə vətəndaş məmnunluğunun təmini, mediasiya və məhkəmə istifadəçilərinin münasibətlərinin sağlam meyarlar üzərində qurulması, ümumilikdə, Şuranın fəaliyyətinə dəstək məqsədilə Azərbaycan Respublikası Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının Şuranın təsisçiləri sırasına qəbul edilməsi məsələsinə baxılaraq müsbət qərar qəbul edilib.

Eyni zamanda Şuranın İdarə Heyətinin üzvü Yusif Asif oğlu Allahverdiyevin İdarə Heyətinin üzvü kimi fəaliyyətinə öz arzusu ilə xitam verilməsi məsələsinə baxılıb və onun İdarə Heyətinin üzvlüyünə xitam verilib.

İclas həmçinin ölkəmizdə mediasiyanın inkişaf etdirilməsi ilə əlaqədar qarşıda duran mühüm vəzifələrin və tapşırıqların sistemli icrasının təşkili, geniş spektrli iş yükünün bölüşdürülməsinin təmini məqsədilə Şuranın İdarə Heyətinin 5 mediatordan ibarət tərkibdə müəyyən edilməsi ilə bağlı dəyişikliklər də qəbul edilib.

Qeyd edilib ki, dəyişikliklər müvafiq qeydiyyat orqanı tərəfindən qeydə alındıqdan sonra növbəti ildə keçiriləcək Mediasiya Şurasının Ümumi Yığıncağının növbədənkənar iclasında İdarə Heyətinə digər iki üzvün seçilməsi məsələsinə baxılacaq.

​Yusif Allahverdiyevin Mediasiya Şurasının İdarə Heyətinin üzvlüyünə öz ərizəsi əsasında xitam verildikdən sonra boş qalan İdarə Heyəti üzvü vəzifəsinə mediator, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Sima Yaqubova seçilib.

İclasda mediatorlardan ibarət Say Komissiyasının üzvləri və sədri seçilib.

Komissiyanın sədri Günel Sadıqova, üzvləri Araz Yusifov, Esmira Hüseynova, Leyla Nəsibova, Elçin Həsənov seçilib. Say Komissiyasının hesabalamalarına görə, açıq prinsiplərlə və şəffaf səsvermə üsulu ilə təşkil edilən iclasda qərarlar yekdilliklə və səs çoxluğu ilə qəbul edilib.

İclasda Azərbaycan Respublikası Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının sədri Ələddin Cəfərov, Mediasiya Şurasında təlim qurumu kimi təmsil olunan Ədliyyə Akademiyasının rektor əvəzi Elçin Xələfov çıxış edərək fikirlərini bölüşüblər.

Mediasiya Şurası İdarə Heyətinin üzvü Əli Nəbiyev, Mediasiya Şurasının Naxçıvan Muxtar Respublikası üzrə Koordinatoru Yusif Həsənov, mediatorlardan Bəylər Məmişov, Şaiq Mirzəyev, Cabbar Həsənov, Orxan Cəfərbəyli, Elmira Sarıyeva, Bulud Yusifov, Cavid Hüseynov, Çingiz Məmmədov, Absələddin Əliyev, Taleh İbrahimov, Vüqar Qaracayev, Mayıl Əhməd gündəlikdə qoyulan məsələlərlə bağlı çıxış ediblər.

Digər mediatorlar Dilarə Əfrasiyabova, Fərhad Mehdiyev, Könül Yaqubova, Əli Adıgözəlov, İbrahim Cəfərov, Ayxan Rüstəmzadə, Ramil Şükürov, Mübariz Yolçiyev, Gülşən Salmanova, Elçin Məmmədov, Arslan Mikayılov, Jalə Hacıyeva, Qasım Şalıyev, Samir Əliyev, Aynur Kərimova, Günel İsmayılbəyli, Elçin Usub, Seymur Səfərov, Mehriban Məmmədova, İlham Rəhimov, İbrahim Cəfərov, İlkin İbrahimov, Lyudmila Rəhimova Ümumi Yığıncağın növbədənkənar iclasında müzakirəyə çıxarılan məsələlər üzrə rəy və təkliflərini bildiriblər