Gündəm / İqtisadiyyat
10 dekabr 2021
33
Lirənin ucuzlaşması Azərbaycan iqtisadiyyatına necə təsir göstərir?
"Lirə ucuzlaşmaqda davam edir. Bir ay əvvəl 1 dollar almaq üçün 9.85 lirə ödəmək lazım idisə, indi bu rəqəm 13.87-dək dəyişib. Bu o deməkdir ki, 1 ay ərzində 30 faizə yaxın dəyər itirib".
Bunu "Unikal"a açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib. Onun sözlərinə görə, lirənin ucuzlaşmasının əsas səbəbləri Türkiyənin cari hesablaşmalar balansındakı kəsir və özəl sektorun böyük həcmdə xarici borclanması olsa da, siyasi faktorlar da az təsirə malik deyil.
"Digər tərəfdən, siyasi səbəblər Türkiyənin valyuta bazarına təsirlərini gücləndirməkdədir. Hələlik, qardaş ölkənin uçot stavkasını dəyişməklə bağlı qərarları lirəni qoruya bilmir. Əslində, Mərkəzi Bankın uçot stavkası aləti ilə vəziyyətin kardinal dəyişəcəyinə ümid edənlər də çox deyil. Türkiyəyə daxil olan valyutanın həcmi azalıb və və dollar tələbinin ödənilməsinə neqativ təsir göstərir. Bu baxımdan, lirənin ucuzlaşmasının qarşısının alınması üçün iqtisadi intervensiyalar ilə yanaşı, Qərb ölkələri ilə münasibətlərdə siyasi stabillik də önəmlidir".
Deputat bildirib ki, lirənin ucuzlaşması Azərbaycanın ticarət dövriyyəsinə ciddi təsir göstərməsə də, həm iqtisadi, həm də psixoloji baxımdan qardaş ölkədə milli valyutanın dəyərsizləşməsi bizim üçün arzuolunan deyil:
"Türkiyə İtaliyadan sonra Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır. Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 2020-ci ildə 4,5 milyard ABŞ dollarına yaxın olub. Eyni zamanda Türkiyə Azərbaycanın qeyri-neft ixracatında Rusiyadan sonra ikinci ən böyük tərəfdaşdır. Azərbaycanın qeyri-neft ixracatının təxminən 33 %-ə yaxını Türkiyə bazarına yönəlib. Azərbaycan Türkiyə ilə ticarət dövriyyəsində təxminən 1,7 milyard ABŞ dolları həcmində müsbət saldoya malikdir. Biz həm ümumi ticarət dövriyyəsi, həm də qeyri-neft ixracatında Türkiyəyə ixrac edilən və Türkiyədən idxal edilən məhsulların strukturuna diqqət yetirsək, deyə bilərik ki, türk lirəsinin ucuzlaşması bizim ticarət dövriyyəmizə ciddi təsir göstərməyəcək. Çünki Azərbaycanla Türkiyənin ticarət dövriyyəsində enerji ixracatının payı yenə yüksək olaraq qalır. 2021-ci ildə də bu iki dövlət arasında enerji sahəsində əməkdaşlıq yüksək olacaq. Belə ki, 2021-ci ildə Azərbaycan Türkiyəyə səkkiz milyard kubmetr təbii qaz nəql edəcək. Qazın qiyməti və ödəniş valyutası məhz ABŞ dolları ilə müəyyənləşdirildiyinə görə milli valyutadakı məzənnə dəyişikliyi buna təsir göstərmir".
Milli Məclisin üzvü qeyd edib ki, lirənin ucuzlaşması Türkiyədən Azərbaycana idxal edilən məhsulların xərcinin azalmasına və Türkiyədən daha çox məhsulun idxal edilməsinə gətirib çıxara bilər.
"Güman edilir ki, Türkiyədə infilyasiya optimallaşarsa, qardaş ölkənin məhsulları dünya və Azərbaycan bazarında ucuzlaşacaq. Çünki lirə dəyər itirməkdə davam edərsə, digər xərclərdə, xüsusilə istehsal xərclərində lirə ifadəsində dəyişiklik baş verməzsə, bu həmin məhsulların digər valyutalarda, o cümlədən Azərbaycan manatında xərcinin azalmasına və ucuzlaşmasına gətirib çıxara bilər. O baxımdan güman olunur ki, lirənin ucuzlaşması davam edərsə, Türkiyədən Azərbaycana idxalın həcmində də artımlar ola bilər. Əsas ticarət tərəfdaşlarımızdan olan Türkiyənin valyuta bazarında dəyişikliklər fonunda manatın məzənnəsinin necə dəyişəcəyinə gəldikdə, bütövlükdə, milli valyutamızın kursuna təsir göstərən əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir. Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Bu baxımdan Fondun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur.
Azərbaycanda hələ ki, üzən məzənnə rejiminə keçilməyib. Praktiki olaraq, manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının yanaşmasından asılıdır. Nəticə etibarilə, Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də növbəti dövrlərdə manatın məzənnəsinin necə dəyişməsi birbaşa məhz Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq".
Daha çox xəbər:
Türk lirəsinin ucuzlaşması Azərbaycan iqtisadiyyatına necə təsir edir – ekspert danışır
İqtisadiyyatGələn il manatın məzənnəsi dəyişəcək? - AÇIQLAMA
Gündəm / İqtisadiyyatTürkiyə yanğınların ziyanını necə aradan qaldıracaq?
Gündəm / İqtisadiyyatValyuta gəliri azalır, xaricə kapital axını güclənir… - MANATIMIZ TƏHLÜKƏDƏ...
İqtisadiyyatGürcüstan Milli Bankı uçot dərəcəsini azaltdı
İqtisadiyyat / Dünya