İqtisadiyyat
16 iyul 2021
74
Valyuta gəliri azalır, xaricə kapital axını güclənir… - MANATIMIZ TƏHLÜKƏDƏ...
Dünya bazarında ABŞ dolları əsas valyutalara nisbətən möhkəmlənməkdə davam edir. Son bir ayda dollar avroya nisbətən 4 faizə yaxın dəyər qazanıb.
Dolların möhkəmlənməsi neft hasilatının azalması səbəbindən valyuta gəlirləri azalan Azərbaycanı da narahat etməlidir. Çünki ölkə əsas istehlak (ərzaq başda olmaqla) mallarını idxal edir, hər il valyuta ilə xarici borc qaytarır. (Bu il büdcədə 2,2 milyard manat xarici borc ödənişi nəzərdə tutulub.) Üstəlik, SOCAR kimi dövlət şirkətlərinin, böyük holdinqlərin, xarici maliyyə təşkilatlarından vəsait cəlb etmiş bankların gözünü dikəcəyi cəmi bir mənbə var: Neft Fondunun keçirdiyi valyuta hərracları. Banklar əldə etdikləri dollar və avronun bir qismini onlara satmalıdırlar ki, ehtiyaclarını qarşılaya bilsinlər.
Bu arada 2021-ci ilin ilk yarısında Azəri-Çıraq-Günəşli yatağından daxil olan gəlirlər 1 milyard 850,2 milyon dollar, “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 62,176 milyon dollar, “Şahdəniz”dən çıxarılan qazın satışından əldə olunan gəlirlər 57,131 millyon dollar təşkil edib. Bütün bu gəlirlər 2020-ci ilin eyni dövrü ilə müqayisədə 10-12 faiz azalıb. Beləliklə, dünya bazarlarında qiymətlərin yüksək olmasına baxmayaraq, yarım ildə ölkənin valyuta gəlirləri cəmi 2 milyard dollar civarında olub.
Azərbaycandan xaricə qeyri-rəsmi valyuta axınının həcmi kifayət qədər yüksəkdir. Vaşinqtonda yerləşən “Global Financial Integrity” təşkilatının son hesabatına görə, 2004-2013-cü illər ərzində Azərbaycandan orta hesabla hər il 9,5 milyard dollar kapital qanunsuz çıxarılıb. Ümumilikdə 10 ildə Azərbaycandan qanunsuz çıxarılan vəsaitin həcmi 95 milyard dollar edir. 2020-ci ildə isə Azərbaycandan 1,1 milyard manat dəyərində xarici valyuta çıxıb. Bu barədə Hesablama Palatasının son hesabatında bildirilir. Hesabata görə, həmin vəsaiti 7 rezident bank xaricə “müxbir hesaba göndəriş” adı altında ixrac edib: “Bu pul vəsaitlərinin də son təyinat ünvanı – xaricdəki bankların müvafiq müxbir hesablarına mədaxilini nəzərdə tutan təsdiqedici sənədlər gömrük rəsmiləşdirilməsi prosesində mövcud olmayıb”.
Aprelin əvvəlində Mərkəzi Bank Azərbaycanın ötənilki tədiyyə balansına dair göstəriciləri açıqlamışdı. Bankın məlumatına görə, ölkənin tədiyyə balansında 1 milyard 987 milyon 700 min dollar kəsir yaranıb. Qurumun açıqlamasına görə, tədiyyə balansında kəsirin ən önəmli səbəbi 2,4 milyard dollar həcmindəki xalis kapital çıxışıdır. Bildirilir ki, kapital çıxışının 1 milyard dolları ölkədən xaricə birbaşa və portfel investisiya formasında, 1,4 milyard dollarıq hissəsi isə “digər investisiyalar” (depozitlər, nağd valyuta, kreditlər və s.) formasında kapital transferidir. Mərkəzi Bankdan bildirilib ki, Hesablama Palatasının hesabatı 2020-ci ilin deyil, 2019-cu ilin nəticələrini əhatə edir: “Qeyd edilən faktlar Hava Nəqliyyatında Baş Gömrük İdarəsində aparılmış yoxlamalar çərçivəsində gömrük inzibatçılığı sahəsindəki natamamlıqları əks etdirir…”
Gürcüstan Milli Bankının bu gün yaydığı məlumatda isə bildirilir ki, ilin I yarısında Azərbaycandan Gürcüstana 42,5 milyon ABŞ dolları həcmində pul köçürmələri həyata keçirilib. Bu, ötən ilin eyni dövrünə nisbətdə həcmdə 2,5 dəfə artım deməkdir.
Beləliklə, yaranan mənzərə ondan ibarətdir ki, dünyada dolların mövqeyi möhkəmlənir, Azərbaycanın valyuta gəlirləri kəskin azalır, buna baxmayaraq, ölkədən kapital axını davam edir, üstəlik, valyuta ilə ödənilməli olan xarici öhdəliklər hər il yüksəlir. Bu şəraitdə Azərbaycan nə etməlidir, manatın məzənnəsinə hansısa risklər varmı?
İqtisadçı, millət vəkili Vüqar Bayramov bildirib ki, dolların dünya bazarında güclənməsi Birləşmiş Ştatlar iqtisadiyyatı ilə bağlı pozitiv xəbərlər və proqnozlarla bağlı olmaqla yanaşı, texnoloji şirkətlərin səhmlərinin dəyərinin yüksəlməsi, valyuta və qiymətli kağızlar bazarı vasitəsilə istehlak malları indeksi göstəriciləri ilə əlaqələndirilir:
“Digər tərəfdən, ABŞ-da sürətli vaksinasiya da dolların məzənnəsinə təsir göstərir. Əhalinin yarıdan çoxu artıq vaksinasiya prosesindən keçib”.
Millət vəkili xatırladıb ki, dolların möhkəmlənməsi strateji məhsullar bazarına da təsirsiz ötüşməyib. Son bir ayda dünya bazarında qızılın qiyməti 2,8 faiz ucuzlaşıb:
“Dolların dünya bazarında möhkəmlənməsi fonunda region ölkələrinin bazarlarında ciddi volatillik müşahidə olunmasa da, qonşu Rusiyada rubl son bir ayda 3 faizə yaxın dəyər itirib. Azərbaycanda üzən valyuta məzənnəsinə tam keçilmədiyi üçün manatın məzənnəsi yenə də birbaşa Mərkəzi Bankın mövqeyindən asılıdır. Ölkəyə daxil olan valyutada əsas paya malik olan neftin dünya bazar qiyməti məqbul səviyyədədir. 2021-ci il dövlət büdcəsində neftin qiyməti hər barel üçün 40 dollar nəzərdə tutulsa da, qlobal vaksinasiya səbəbindən enerji bazarında tələbin artması müşahidə olundu. Bununla yanaşı, qlobal bazardakı volatilliyi nəzərə alaraq Mərkəzi Bankın Azərbaycanın valyuta bazarını mərhələli şəkildə liberallaşdırması məqsədəuyğundur. Qlobal bazarlarda yeni sıçrayış risklərini nəzərə aldıqda, uzunmüddətli dövr üçün liberal valyuta bazarı daha sığortalanmış hesab olunur”.
İqtisadçı ekspert Rövşən Ağayev “Press Klub”a şərhində bildirdi ki, Azərbaycanda milli valyutanın bazar prinsiplərinə uyğun olaraq tənzimlənməsinə tərəfdardır. Bununla belə, ekspert hazırkı şərtlər daxilində bu addımın atılmasını qeyri-real hesab edir. İqtisadçı bildirir ki, Azərbaycanın valyuta gəlirlərinin diversifikasiya olunmaması manatın kursunun yumşaldılmasına imkan vermir:
“Məlumdur ki, Azərbaycanın əsas valyuta gəlirləri neft-qaz sektorundan daxil olur. Ölkə valyutaya olan bütün ehtiyaclarını bu mənbədən daxil olan gəlirlər hesabına ödəyir. Başqa mənbələrdən valyuta gəlirləri minimaldır. Ona görə də ilk növbədə bu problemin aradan qaldırılması istiqamətində addımlar atılmalıdır”.
R. Ağayev yaxın aylarda ölkədə devalvasiyanın olacağını güman etmir:
“Doğrudur, Azərbaycanda bu məsələ ilə bağlı proqnoz vermək çətindir, çünki hökumət istənilən gözlənilməz qərarı qəbul edə bilər. Bununla belə, yaxın 6 ay ərzində devalvasiyaya gedəcəklərini düşünmürəm. Bu barədə danışmaq üçün ölkənin tədiyyə balansının göstəricilərinə baxmaq lazımdır. Bu da payızda açıqlanacaq. Əgər tədiyyə balansında mənfi saldo yaranacaqsa, bu halda manatın kursunun dəyişdiriləcəyi barədə ehtimallar səsləndirmək mümkündür”.
İqtisadı onu da diqqətə çatdırdı ki, hazırda Azərbaycan işğaldan azad edilmiş ərazilərdə geniş bərpa işləri aparır və bura çoxlu sayda xarici şirkətləri cəlb edib:
“Nəzərə almaq lazımdır ki, həmin şirkətlər qazanclarını valyutaya çevirib ölkədən çıxarırlar. Əlbəttə, aldıqları vəsaiti Azərbaycanın valyuta gəlirləri ilə dəyişirlər. Bundan başqa, tikintilərdə istifadə olunan mal-materialların əhəmiyyətli hissəsi xaricdən gətirilir, yerli istehsal burada az rol oynayır. Ona görə də tədiyyə balansının göstəriciləri açıqlananda biz ölkədən nə qədər valyuta çıxdığını görə biləcəyik”.
Daha çox xəbər:
Neft Fondu cari ildə “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə 1,9 milyard dollar qazanıb
İqtisadiyyatAzərbaycanda valyuta hərracında dollara tələb artıb
İqtisadiyyat / CəmiyyətMərkəzi Bankın valyuta hərracında dollara tələb kəskin artdı
İqtisadiyyat3 ayda Azərbaycan əhalisinin gəlirləri nə qədər olub?
İqtisadiyyatBeynəlxalq əmtəə, fond və valyuta bazarlarının əsas göstəriciləri (25.07.2020)
İqtisadiyyat