Gündəm / Siyasət
08 fevral 2022
26

Əmək pensiyaçılarına 200 manat maddi yardım ödəniləcək

Əmək pensiyaçılarına 200 manat maddi yardım ödəniləcək

Prezident İlham Əliyev "Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 16 oktyabr tarixli 2965 nömrəli Sərəncamının icrası olaraq əmək pensiyaçılarının sosial müdafiəsini gücləndirmək, COVID-19 pandemiyasının, habelə beynəlxalq bazarlardakı proseslərin ölkədaxili qiymətlərə sirayət etməsinin əmək pensiyaçılarının sosial rifahına mənfi təsirlərini yumşaltmaq, həmçinin postmüharibə dövründə xüsusi əhali qruplarına dövlət qayğısını artırmaq məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:

1.1. 2022-ci il yanvarın 1-nə 2021-ci il üzrə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi:

1.1.1. orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 2022-ci il yanvarın 1-dək təyin edilmiş bütün növ əmək pensiyalarının sığorta hissəsinin;

1.1.2. istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində 2022-ci il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin;

1.2. bu Sərəncamın 1.1-ci bəndində nəzərdə tutulmuş indeksləşdirməyə əlavə olaraq, 2022-ci il yanvarın 1-dək pensiya təyin edilmiş əmək pensiyaçılarına (qulluq stajına görə əlavələr alan əmək pensiyaçıları istisna olmaqla) 2022-ci il üzrə 200 (iki yüz) manat məbləğində maddi yardımın bərabər hissələrlə rübdə bir dəfə olmaqla ödənilməsini təmin etsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. bir ay müddətində:

2.1.1. bu Sərəncamın 1.2-ci bəndində nəzərdə tutulan maddi yardımın 2023-cü il yanvarın 1-dən etibarən onun şamil edildiyi əmək pensiyaçılarının illik pensiyalarının tərkibinə daxil edilməsinə dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.1.2. qulluq stajına görə əlavə alan əmək pensiyaçılarının əmək pensiyalarının indeksləşdirilməklə artırılması mexanizminə, habelə həmin şəxslərə 2022-ci ildə maddi dəstək göstərilməsinə dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.1.3. bu Sərəncamın 1.2-ci bəndində nəzərdə tutulmuş maddi yardımın dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi üçün tədbirlər görsün;

2.1.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.