Gündəm / Dünya
28 fevral 2022
1 080
Rusiya-Ukrayna böhranına bu iki liderin vasitəçiliyi son qoya bilər – Əliyev və Ərdoğan
Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Rusiya ilə danışıqları təşkil etməyi təklif etdiyini açıqlayıb. Zelenski həmkarlarının təklifini xoş qarşıladığını bildirib. Danışıqların keçirəcəyi yerə gəldikdə isə o qeyd edib ki, Rusiya ilə danışıqlar Polşa, Türkiyə və Azərbaycanın paytaxtlarında keçirilə bilər: "Varşava, İstanbul, Bakı - biz bu şəhərləri danışıqlar üçün Rusiyaya təklif etmişik, eləcə də raketlərin Ukraynaya uçmadığı hər hansı digər şəhəri".
Zelenskinin Rusiya ilə danışıqlar üçün Türkiyə və Azərbaycanın adını çəkməsi təsadüfi deyil. Məsələ ondadır ki, rəsmi Bakı və Ankara mövcud Ukrayna-Rusiya müharibəsi öncəsi Kremllə Kiyev arasında təmaslar saxlayır, tərəfləri sakitləşdirərək problemləri danışıqlar masasında həll etməyi təklif edirdi. Hətta tərəflərə Ankara və ya Bakıda görüşün təşkil edilə biləcəyi də təklif edilirdi.
Hazırda müharibənin getməsinə baxmayaraq, İlham Əliyev və Ərdoğanın tərəfləri danışıqlar masasına qaytarmaq səyləri davam edir. Fevralın 22-də Moskvada keçirilən yüksək səviyyəli Rusiya-Azərbaycan danışıqlarının davamı olaraq Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyevin ikitərəfli və regional gündəliyin bir sıra aktual məsələləri ətrafında fikir mübadiləsi apararkən Ukrayna məsələsini də müzakirə etməsi bunu təsdiq edir.
Qərblə bütün körpüləri yandıran Putinin Azərbaycan və Türkiyədən başqa seçimi yoxdur!
Aydın məsələdir ki, Rusiyanın Ukrayna hücumu Prezident Vladimir Putinin istədiyi kimi baş tutmadı. Qərbin Ukraynaya hərbi-siyasi və iqtisadi dəstəyi artırması, paralel olaraq Rusiyaya qarşı sanksiyaların sərtləşməsi Kremli çıxılmaz vəziyyətdə qoyur. Müharibənin hazırkı gedişi Putinin istədiyi kimi olmadığına görə, Moskvanın Kiyevlə danışıqlara getməsi qaçılmazdır.
Qərblə bütün körpüləri yandıran Putin isə belə bir danışığın təşkilini Bakı və Ankaradan istəyə bilər. Bu, Ukrayna üçün də məqbul bir təklifdir. Belə ki, Ukrayna nümayəndə heyəti Rusiya nümayəndə heyəti ilə Ukrayna-Belarus sərhədində, Pripyat çayı yaxınlığındakı görüşə helikopterlə gəlib. Bu ondan xəbər verir ki, Zelenski danışıqlara başlamaq istəsə də, bunun Belarus ərazisində olmasını istəmir. Nəzərə alsaq ki, Rusiya qoşunları Ukraynaya həm də Belarus ərazisindən hücum edib, Kiyevin danışıqlar üçün Minskə etibar etməməsi normaldır. Buna görə də indiki mərhələdə tərəflərin real danışıqları Azərbaycan və ya Türkiyədə etməsi mümkündür.
Prinsip etibarilə, Azərbaycan və Türkiyə müharibənin başından Qərbin sanksiyalarına qoşulmamaqla yanaşı Ukraynaya humanitar yardımlar edir. Bu, həm də hər iki ölkənin tərəflərə münasibətdə eyni məsafədə dayandığının göstəricisidir və danışıqlara başlamaq üçün zəmin yaratdığından xəbər verir.
Daha çox xəbər:
Ərdoğan bu gün Ukraynaya gedir
Gündəm / Dünya"Biz Ukrayna ilə mümkün qədər tez razılaşmaq istəyirik" - Rusiya
Gündəm / DünyaƏrdoğan Putin və Merkellə danışıqlar aparacaq
Gündəm / DünyaƏrdoğanla Zelenski ABŞ-da görüşdü
Gündəm / CəmiyyətRusiya Ukrayna ilə sərhəddə ballistik raket yerləşdirdi - VİDEO
Gündəm / Cəmiyyət