Gündəm / Cəmiyyət
10 mart 2022
21
Azərbaycanla Rusiya arasında uçuşlar niyə dayandırıldı - NƏ BAŞ VERİR?
Martın 6-dan Azərbaycan və Rusiya aviaşirkətləri qarşılıqlı olaraq uçuşları dayandırıb. Sosial mediada Azərbaycana və ya Rusiyaya səfər planlaşdırmış və artıq bilet almış insanlar qeyri-müəyyən vəziyyətlə üzləşdiklərini yazırlar. Azərbaycan milli aviadaçıyıcısı AZAL Azərbaycanla Rusiya arasında uçuşların dayandırılmasının beynəlxalq uçuşlar zamanı yarana biləcək risklərlə əlaqəli olduğunu açıqlayıb. AZAL-dan söhbətin hansı risklərdən getdiyi açıqlanmayıb. Qurumun mətbuat xidmətindən yalnız o bildirilib ki, uçuşlar qeyri-müəyyən müddətə təxirə salınır.
Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) isə bildirilib ki, Rusiya ilə Azərbaycan arasında uçuşlar dayanandan sonra hər iki ölkədə qalan vətəndaşlarla bağlı müvafiq işlər aparılır. Lakin XİN də hansı müvafiq işlərin aparıldığını, potensial risklərin nələrdən ibarət olduğunu açıqlamayıb.
Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən iki ildir ki, Azərbaycanla Rusiya arasında quru sərhədləri də bağlıdır. Belə olan halda, "vətəndaşların gediş-gəlişi necə olacaq?" sualı açıq qalır.
Onu da bildirək ki, qarşılıqlı uçuşların dayandırılması Rusiyanın Ukraynada 10 gündən çoxdur müharibə aparması fonunda baş verir. Bu halda müxtəlif fikirlər səsləndirilir. Bəziləri bildirirlər ki, bu, Rusiya ilə Azərbaycan arasında münasibətlərin soyumasının göstəricisidir. Bəziləri isə qeyd edirlər ki, hazırda Ukrayna ilə müharibə aparan bir ölkəyə uçuşların dayandırılmasında qeyri-adi nəsə yoxdur. Çünki müharibə şəraitində uçuşlar müəyyən risklər yarada bilər. Milli Məclisin üzvü Elman Nəsirov AYNA-ya deyib ki, məsələ ilə bağlı sosial platformalarda müxtəlif yanaşmalar var, hər kəs öz fikrini bildirir: "Bu, fikir plüralizminin nəticəsidir. Lakin onu deyim ki, bununla bağlı mənfi yöndə mülahizələr söyləyən şəxslərin heç birinin əlində tutarlı fakt və arqumentlər yoxdur. Fərziyyələr müxtəlifdir və bu, normaldır. Mülahizələrini ortaya qoyanlar bilsinlər ki, Rusiya ilə Azərbaycan arasında müttəfiqlik münasibətlərini özündə ehtiva edən Moskva Bəyannaməsinin imzalanmasından heç bir ar keçməyib. Bəyannamə bütün sferalardakı əlaqələrimizi ən ali səviyyəyə qaldırır. Ona görə də, hava əlaqəsinin qarşılıqlı dayandırılmasında hansısa subyektiv səbəb, amil axtarmağın mənası yoxdur".
Deputat bildirib ki, burada məsələ sırf təhlükəsizliklə bağlıdır: "Bu gün Rusiya ilə Ukrayna arasında müharibə gedir. Bu müharibə nəinki səngiyir, əksinə, günü-gündən daha da qızışır və müharibənin nə qədər çəkəcəyi bəlli deyil. Müharibə o deməkdir ki, bütün beynəlxalq prinsip və normaların üstündən xətt çəkilib. Faktiki olaraq aviasiya ilə bağlı beynəlxalq hüququn da üstündən xətt çəkilib. Hüququn işləmədiyi, beynəlxalq nizamlanma prosesinin effektivsizliyi şəraitində hava məkanı da təhlükəli olur".
"Mövcud reallıqlar, risklər nəzərə alınıb və Azərbaycan dövləti lazımi addım atıb. Bu, əlbəttə, qarşılıqlı razılıq əsasındadır və heç bir halda Rusiya-Azərbaycan münasibətlərindəki soyuqluq kimi amillərlə bağlı deyil. Buna hansısa siyasi rəng qatmağın mənası yoxdur", - deyə həmsöhbətimiz vurğulayıb.
Quru sərhədlərinin də bağlı olduğu bir dönəmdə hava məkanının bağlamasının doğuracağı nəticələrə gəlincə, Nəsirov söyləyib ki, pandemiya ilə mübarizə tədbirləri real nəticələr verməkdədir: “Artıq bir çox ölkələr, o cümlədən Azərbaycan bir çox karantin yumşalmaları həyata keçirib. Bəzi məhdudiyyətlər var ki, onlardan biri də quru sərhədləri ilə bağlıdır. Quru sərhədlərinin açılması istiqamətində də bir sıra müsbət qərarların veriləcəyini gözləmək olar. İstisna deyil ki, yaxın perspektivdə Azərbaycan qonşu ölkələrlə quru sərhədlərinin açılması ilə bağlı müəyyən addımlar atacaq. Hava xətlərinin bağlanması fonunda quru sərhədlərinin açılmasına daha böyük ehtiyac var".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə E.Nəsirovdan fərqli düşünür. O, AYNA-ya şərhində qeyd edib ki, Rusiya ilə uçuşların dayandırılması AZAL-ın qərarı deyil, hökumətin siyasi qərarıdır: "Çünki məsələyə konkret rəsmi izah verilmir. Demək ki, burada siyasi səbəblər axtarmaq mümkündür. Ümumiyyətlə, hesab edirəm ki, bütün reyslərin qarşılıqlı dayandırılması qərarı rəsmi Bakının yox, Moskvanın qərarıdır. Çünki Azərbaycan tərəfi indiki halda belə addım atmağa risk etməzdi. Bu, ikitərəfli münasibətlərə də mənfi təsir edərdi".
"Necə olur ki, İrəvana reyslər var, Bakıya yoxdur? Bakıya uçuşlar Avropadan keçib getmir. Bizim birbaşa quru və hava sərhədimiz var. Təyyarə Ukrayna ərazisindən də uçmur ki, güman edəsən ki, orada nəsə ola bilər. Bu, birbaşa marşrutdur. Söhbət hansı təhlükədən gedə bilər? Məncə, AZAL-dan verilən məlumatdakı "risklər" məsələsi bəhanədir. Ləğvin arxasında siyasi səbəblər var və sadəcə bu haqda danışılmır", - deyə analitik əlavə edib.
Şahinoğlu ehtimal edir ki, belə bir qərarın verilməsinə səbəb Rusiya hakimiyyətinin Azərbaycandan müəyyən narazılığının olması ilə əlaqədar olar bilər: "Çünki Azərbaycan Ukrayna ətrafında baş verənlərlə bağlı neytrallıq nümayiş etdirir. Bu, əlbəttə ki, Moskvada xoş qarşılanmır. Lakin Rusiya anlamalıdır ki, Azərbaycan münaqişələrdə, işğallarda ərazi bütovlüyü prinsipindən çıxış edir".
"Uçuşların dayandırılması Rusiyanın başlatdığı müharibə səbəbindən bank köçürmələrində yaranan problemlər və qarşıdan gələn Novruz bayramına görə ölkəyə qayıda bilməyən azərbaycanlılar üçün çox böyük problemlər yaradacaq. Hesab edirəm ki, hökumətimiz bunu nəzərə almalıdır, tədbirlər görməlidir", - deyə politoloq fikrini tamamlayıb.
Daha çox xəbər:
Bu gün Rusiyada Türkiyə kurortlarına uçuşlar bərpa olunub
Cəmiyyət / Dünya / Sosial / MədəniyyətAZAL-dan sərnişinlərə müraciət: Bu təkliflərə inanmayın!
GündəmBakı ilə Dubay arasında uçuşlar bu tarixdən bərpa olunacaq
Gündəm / Cəmiyyət / Dünya / Sosialİki il keçsə də, AZAL biletlərin pulunu qaytarmır
CəmiyyətAzərbaycanla Ermənistan arasında humanitar məqsədlərlə atəşkəs elan olunur
Siyasət / Dünya