Gündəm / İqtisadiyyat
17 iyun 2022
16
Manatın ağlamalı günləri qabaqdadır, yoxsa?.. - Bəs bahalaşan neftimiz NƏ İŞƏ YARAYIR?
ABŞ Federal Ehtiyat Sistemi (FED) siyasət faizini 75 faiz bəndi artıraraq 1,50-1,75 faiz aralığına çatdırıb. Bu, 1994-cü ildən bəri ən sürətli faiz artımıdır. FED-dən verilən açıqlamaya görə, faizin artırılması qərarına 1-ə qarşı 10 nəfər səs verib - “Kanzas Siti Fed”in sədri Ester Corc 50 faiz bənd artırılmasına səs verib.
FED rəhbəri Cerom Pauell qərarın açıqlandığı mətbuat konfransında bəyan edib ki, uçot dərəcəsinin artırılması ilin əvvəlində nəzərdə tutulandan daha sürətlə həyata keçiriləcək. Nəticədə ilin sonuna uçot dərəcəsi martda proqnozlaşdırılan 1,9 faizə qarşı 3,4 faiz təşkil edəcək. Pauellin dediyinə görə, iyul ayında FED faiz dərəcəsini daha 50-75 baza bəndi artıra bilər. Belə sərt siyasətin arxasında ABŞ-da inflyasiyanın cilovlanması məqsədi dayanır: “Biz ABŞ-da inflyasiyanı azaltmaq mövqeyimizdə qətiyik və buna nail olmaq üçün təcili addımlar atırıq. Bizim qiymət sabitliyini bərpa etmək üçün bütün zəruri alətlərimiz və qətiyyətimiz var”.
Qeyd edək ki, ABŞ-da son 30 ilin ən yüksək inflyasiyası qeydə alınmaqdadır. Bu isə iqtisadiyyatın barometri rolunu oynayan alıcılıq qabiliyyətini azaldır. May ayında ölkədə pərakəndə satış aprellə müqayisədə 0,3 faiz azalıb. Halbuki ekspertlər “Bloomberg”ə 0,1 faiz artım proqnozlaşdırmışdılar. Dəqiqləşdirmədən sonra aprel ayında pərakəndə satışın həcminin əvvəl elan olunan 0,9 faiz deyil, 0,7 faiz artdığı məlum olub.
FED həmçinin pul kütləsinin dövriyyədən yığılması prosesini də sürətləndirir. Hazırda dövlət istiqrazları üzrə ayda 30 milyard dollar, ipoteka kağızları üzrə isə 17,5 milyard dollar dövriyyədən çıxarılır. Gələn ay bu həcmin müvafiq olaraq 60 milyard dollar və 35 milyard dollara çatdırılması nəzərdə tutulur.
May ayında ABŞ-da illik inflyasiya 8,6 faizə çatıb. Bir ayda inflyasiya 1 faiz artıb. O cümlədən enerji qiymətləri 39 faiz(benzin 4,1 faiz, qaz 8 faiz), ərzaq qiymətləri 1,2 faiz artıb. Bu iki faktor nəzərə alınmadan baza inflyasiyası isə 0,6 faiz təşkil edib. FED-in yenilənən qiymətləndirməsində 2022-ci ilin yekununda 5,2 faiz (əvvəlki proqnoz 4,3 faiz), gələn il isə 2,6 faiz (əvvəlki proqnoz 2,7 faiz) inflyasiya proqnozlaşdırılır. Bu zaman ümumi daxili məhsul artımı martdakı 2,8 faizdən 1,7 faizə, 2023-cü il üzrə 2,2 faizdən 1,7 faizə endirilib. FED-in proqnozlarına əsasən 2022-ci ilin yekununda işsizlik 3,5 faiz deyil, 3,7 faiz, növbəti ildə isə 3,5 faiz deyil, 3,9 faiz təşkil edəcək.
FED-in sərt monetar siyasəti qlobal iqtisadiyyat üçün nələr vəd edir? Regionumuzda, ölkəmizdə hansı proseslərə rəvac verə bilər? İqtisadçı-alim, Milli Məclisin üzvü Vüqar Bayramovun sözlərinə görə, inflyasiyasını tənzimləmək üçün FED uçot stavkasını yüksəltməkdə israrlı görünür: “Ekspertlər uçot dərəcəsinin ilin sonunadək daha 175 baza bəndi artırılaraq 3.4 faizə çatdırılacağını bildirirlər. FED bu il 2 faizlik inflyasiya hədəfləsə də, aprel ayında 12 aylıq qiymət artımı səviyyəsi 6.3 faizədək yüksəlib. Bu, son 40 ildə ABŞ-da ən yüksək inflyasiya göstəricisidir. Digər tərəfdən, Birləşmiş Ştatlar ÜDM-də artım 2.8 faiz proqnoza qarşı 1.7 faiz olub. Bütün bunlar FED-i kəskin dərəcə artımlarına getməyə məcbur edib.
FED uçot stavkasını artırmamışdan öncə, hətta dərəcənin yüksələcəyi ilə bağlı xəbərlər yayılandan sonra birjalar buna reaksiya verdi. Təbii ki, ən çox verilən sual ənənəvi idi: dünya bazarında dollar kəskin bahalaşacaqmı?
Artıq dollar əksər səbət valyutalara nisbətən möhkəmlənib. Ötən həftə “özünə gələn” Avropa pulu yenidən dollara qarşı ucuzlaşaraq 1 avro 1.04 dollaradək dəyər itirib. Əksər aparıcı valyutalar dollara nisbətən dəyər itirsələr də, ABŞ birjalarında aktivlik müşahidə olunur".
FED qərarından Azərbaycan manatı da təsirlənə bilərmi? Millət vəkili bildirir ki, manatın kursuna təsir göstərən əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir: “Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Neft Fondu tərəfindən ödənilir. Bu baxımdan Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur. Təbii ki, xarici ticarət tərəfdaşlarımızda milli valyutalarının məzənnələrindəki dəyişikliklər də iqtisadi faktorlardan biridir. Bütün bunlarla yanaşı, praktiki olaraq, manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarından asılıdır. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq”.
İqtisadçı-ekspert Elman Sadiqov qeyd edir ki, FED-in faiz dərəcəsini 0.75 faiz bəndi artıracağını əvvəlcədən görüb: “İki gün öncə də daha çox məhz bu qədər artımı gözlədiyimi qeyd etmişdim. Dolların gözlənilən güclənməsi davam edəcək. Hadisələr sürətlənir. Ümumiyyətlə, proqnozların doğruluğunun nə üçün vurğulanması nəyi isə doğru proqnozlaşdırıb- proqnozlaşdırmamaq məsələsində deyil. Proqnozun doğru olmaması, konkret bu halda faiz dərəcəsinin 0.75 faiz bəndindən az artırılması çoxlu suallar və nə isə anlamadığımız proseslərin getdiyi şübhəsi yaradardı. Proqnozlaşdırıla bilən addımlar nə qədər kəskin olsa da, qorxulu deyil, şok effekti və qeyri-müəyyənlik yaratmır.
FED rəhbəri mətbuat konfransında bir sıra mühüm məsələləri qeyd etdi: İnflyasiya əsas risk olaraq qalır; Rusiya-Ukrayna müharibəsi qlobal iqtisadiyyatda kiçilmənin, ərzaq inflyasiyasının səbəblərindən biridir; əmək bazarında vəziyyət yaxşıdır; eyni fikri digər ölkələrin əmək bazarları haqqında demək olmaz; bundan sonrakı iclaslarda faiz artımı inflyasiya və əmək bazarı göstəricilərindən asılı olacaq; faiz artımının davam edəcəyi şübhə doğurmur; Çində koronavirusun 2-ci rübdə bəzi şəhərlərdə davam etməsi qlobal iqtisadiyyata müəyyən təsirini göstərdi; FED aqressiv faiz artımlarını lazım gələrsə, davam etdirəcək. Qeyd etdiyim kimi, FED növbəti iclaslarda vəziyyətə görə davranacağını vurğuladı. (0.75 faiz bəndi artımı həmişə olmaya bilər. 0.5-0.75 faiz bəndi artımı istisna deyil). Bu vurğulama ona görə idi ki, bazarda gözlənti formalaşsın və inflyasiya təzyiqi azalsın. Sevindirici yeganə amil odur ki, hələlik vəziyyət və gedişat gözlənilməz və proqnozlaşdırıla bilməyən deyil. Mənzərə aydındır".
Ekspertin sözlərinə görə, ABŞ-ın əmək bazarında vəziyyət çox yaxşıdır: “Əksinə, onların hazırda ən böyük qayğısı budur ki, əmək bazarı işəgötürənlərin işçi tələblərini qarşılamaqda çətinlik çəkir. İşsizlik ən minimum hədlərdədir. Bu isə iqtisadiyyatda qızma siqnallarıdır. Bu səbəbdən ABŞ rahat bir şəkildə faiz artımlarına gedir. İşsizliyin 4-4.1 faizə qədər artması bizim üçün qəbul olunandır deyir. Avropada vəziyyət belə deyil. Avropada işsizlik göstəricisi ABŞ-dan 2 dəfə çoxdur (ABŞ 3.6 faiz, Avropa Birliyi 6.8 faiz). Avropa Mərkəzi Bankı FED kimi rahat və aqressiv davrana bilmir. Çəkinir. Amma onlar da məcburən faiz dərəcələrini artırmalı olacaqlar”.
FED qərarının digər ölkələrə təsirlərinə gəlincə, E.Sadiqov bildirir ki, bu, ixracı zəif olan ölkələrə əlavə təzyiq formalaşdırır: “Məni ən çox düşündürən qardaş Türkiyədir. Ucuz lirə ixracı artırdı, Avropadan Çin mallarını nisbətən Türkiyənin mallarının xeyrinə nisbətən azaltdı. Amma yüksək enerji qiymətləri həm də ixracın maliyyətini artırdı. Nəticədə tədiyə balansı 40 milyard dollara yaxın kəsirdədir. Yəni yüksək enerji qiymətləri ucuz lirənin faydalarını neytrallaşdırdı və əksinə, indi ciddi zərər vurmaqdadır. Məncə, Türkiyə xarici siyasətdəki manevr qabiliyyətini iqtisadiyyatda da nümayiş etdirməlidir”.
Türkiyə faiz dərəcələrini artıracaqmı? Ekspertə görə, bu, iyun ayının sonuna qədər aydın olacaq: “Türkiyə öz iqtisadi siyasətində müəyyən korreksiyalara gedəcək”.
ABŞ-dakı qərarın Azərbaycan iqtisadiyyatına təsirlərini E.Sadiqov yaxınmüddətli dövrdə ciddi hesab etmir: “Vurğulayaraq qeyd edirəm ki, məhz yaxın bir il ərzində resurs ölkələri bundan az təsirlənəcək. Çünki enerji qiymətlərinin çökəcəyi ehtimalı zəifdir. Amma digər inkişaf etməkdə olan ölkələr ciddi təsirlənəcək.
Qeyd edək ki, son aylarda Azərbaycanda dollara tələbatın azalması müşahidə olunur. Mərkəzi Bankda Dövlət Neft Fondunun (ARDNF) iştirakı ilə keçirilən valyuta hərraclarında bankların dollar tələbində ciddi azalma var. İyunun 7-də keçirilən hərracda tələb 18,2 milyon ABŞ dollarına qədər azalıb. Hərracda tələb olunan məbləğ 2022-ci ildə keçirilən hərraclarda qeydə alınan ən aşağı məbləğdir. İyunun 9-da keçirilən növbəti hərracda tələb 33,4 milyon ABŞ dolları olmaqla tam təmin edilib. Hərracların nəticələrinin təhlili göstərir ki, bu il dollara tələb zəifdir və tələbdə azalma may ayından bir qədər də güclənib. Belə ki, may ayında ARDNF-in hərraclarda valyuta satışının məbləği 288 milyon dollar təşkil edib. Bu, ötən ilin may ayına nisbətən 7,9 faiz, bu ilin aprel ayına nisbətən isə 47,5 faiz azdır. Aprel ayında valyuta hərraclarında 548,7 milyon dollar məbləğində xarici valyuta satılıb.
İyun ayının ilk ongünlüyündə Mərkəzi Bankda keçirilən 3 valyuta hərracında ümumilikdə 108 milyon dollar satılıb. Müqayisə üçün qeyd edək ki, ötən ilin 1-10 iyun aralığında Mərkəzi Bankda 4 valyuta hərracı keçirilib və 181,6 milyon dollar satılıb. Göründüyü kimi, cari ildə valyutaya tələb kəskin şəkildə azalıb.
Maraqlıdır ki, xarici valyuta tələb olunan idxal həcmlərində azalma baş verməyib. Rəsmi statistikadan aydın olur ki, 2022-ci ilin yanvar-may aylarında Azərbaycana 5 milyard 135 milyon dollar məbləğində məhsul xidmətlər idxal olunub. Bu, ötən ilin eyni dövründəkindən 742,8 milyon dollar artım deməkdir. Ötən ilin yanvar-mayında idxalımız 4 milyard 392 milyon dollar təşkil etmişdi. İxracda artım iki dəfədən çox olub - ötən ilin 5 ayında 7,4 milyard dollarlıq, bu ilin eyni dövründə isə 15, 4 milyard dollarlıq məhsul ixrac etmişik.
“Yeni Müsavat”
Daha çox xəbər:
Dollar bahalaşır: son 28 ilin ən sərt faiz artımı…
Gündəm / CəmiyyətSorğu: Bayden ABŞ-ın 3 əsas ştatında Trampı qabaqladı
Siyasət / DünyaAzərbaycanın xarici borcu azalıb
Gündəm / İqtisadiyyatKoronavirusla əlaqədar ərzaq təchizatçılarına kredit faizlərinə görə verilən subsidiyanın müddəti artırılıb
GündəmƏrzaq təchizatçılarına verilən subsidiyanın müddəti artırılıb
Gündəm