Gündəm / Siyasət
25 iyul 2022
30
DSX-nin 7 hərbçisi həbs olundu - RƏSMİ
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları və qeyrilərindən ibarət cinayətkar dəstə iyulun 21-də 90 kq-dan artıq narkotik vasitəni sərhəddən keçirməyə çalışarkən qanunsuz əməlləri ifşa edilib.
Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, Baş prokuror tərəfindən qeyd olunan faktla bağlı Cinayət Məcəlləsinin 206.3.2, 206.3.3 (qaçaqmalçılıq), 234.4.1, 234.4.3 (narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi), 240.3.2 (külli miqdarda güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi) və 318.2 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.
Keçirilmiş çoxsaylı istintaq hərəkləri ilə müəyyən edilib ki, DSX-nin hərbi qulluqçuları Tural Osmanov, Şəmil Abbasov, Habil Nəcəfov, Kamran Cəfərov, Nurlan Qasımov, Seymur Azadxanzadə, İlkin Qasımzadə və qeyriləri vəzifəli şəxs qismində öz qulluq mövqelərindən istifadə edərək mülki şəxs Hikmət Xəlili və qeyriləri ilə satış məqsədilə külli miqdarda narkotik vasitələrin, psixotrop və güclü təsir edən maddələrin İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə gizli keçirilməsi və satılması barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşiblər.
Cinayətkar niyyətin həyata keçirilməsi üçün qrupun İİR-nın ərazisində olan üzvləri dövriyyəsi qadağan edilən həmin vasitələri əldə edərək 2022-ci ilin iyul ayında Cəbrayıl rayonunun Mehdili kəndi ərazisindən respublikamızın dövlət sərhədinin nəzarət-buraxılış məntəqəsindən və dövlət gömrük nəzarətindən kənarda keçirməklə gizlədiblər.
Razılaşdırılmış plana uyğun olaraq hərbi qulluqçulardan 4 nəfəri iyulun 21-də saat 20 radələrində vasitələri gizlədilən yerdən götürərkən DSX-nin “Pusqu” sərhəd naryadı tərəfindən saxlanılmışlar.
Onlardan 94, 3 kq narkotik vasitələr (87, 7 kq marixuana, 7, 6 kq heroin, “metadon-40” 198 konvalyut hər birində 10 ədəd olmaqla 1980 həb), psixotrop maddə (400 qram metamfetamin) və güclü təsir edən maddə (“preqobalin-150” 831 konvalyut hər birində 15 ədəd olmaqla 12465 həb) aşkar edilərək götürülüb.
Toplanmış sübutların məcmusuna əsasən adları qeyd edilən 7 hərbi qulluqçu və Hikmət Xəlili iyulun 22-də Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsiləndirilən şəxs qismində cəlb olunub, barələrində Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bundan başqa, aparılmış istintaq hərəkətləri ilə qabaqcadan əlbir olmuş həmin cinayətkar qrupun digər üzvü - mülki şəxs Bəşir Quliyevin cinayət əməlləri ifşa edilməklə o, Cinayət Məcəlləsinin həmin maddələri ilə təqsiləndirilən şəxs qismində cəlb olunmaqla istintaqdan qaçıb gizləndiyindən barəsində axtarış elan edilib.
Hazırda kompleks istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Daha çox xəbər:
DTX və DSX əməliyyat keçirdi - Saxlanılanlar var
Gündəm / HadisəBu işlə məşğul olanlar 10 il həbs ediləcək
Gündəm / CəmiyyətDSX-nın vəzifəli şəxslərinin qanunazidd əməlləri ilə bağlı cinayət işi başlandı
SiyasətAzərbaycanda narkotik maddələrə qarşı mübarizə sərtləşdirilir
Gündəm / CəmiyyətDSX-nin hərbi qulluqçularını qətlə yetirən şəxs SAXLANILDI
Gündəm / Hadisə