Gündəm / Cəmiyyət
11 avqust 2022
29

FHN-dən hava ilə bağlı əhaliyə MÜRACİƏT

FHN-dən hava ilə bağlı əhaliyə MÜRACİƏT


Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

Milliinfo.az FHN-in saytına istinadən xəbər verir ki, müraciətdə deyilir:

"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlərdə ölkə ərazisində havanın temperaturun yüksələcəyi, bəzi yerlərdə 42 dərəcəyə çatacağı gözlənilir. Belə hava şəraitində kiçik ehtiyatsızlıq və ya diqqətsizlik müxtəlif məkanlarda, xüsusilə açıq sahələrdə və meşə massivlərində yanğınlarla nəticələnə bilər, həmçinin kondisionerlərə tələbatın yüksəlməsi elektrik naqillərinin yüklənib sonda qısaqapanmaya səbəb olma riskini artırır. Bununla əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, yüksək temperaturun yanğın təhlükəsini artırdığını nəzərə alaraq yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırır.

Həmçinin, günvurma təhlükəsindən qorunmaq üçün belə günlərdə açıq havada, o cümlədən çimərliklərdə günəş şüaları altında çox qalmamaq, habelə açıq rəngli, yüngül, xüsusilə pambıq parçadan olan geyimlərdən istifadə etmək, daha çox kölgədə və ya sərin yerdə qalmaq və bol maye qəbul etmək tövsiyə olunur. Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!"

FHN təhlükə zamanı 112-yə zəng etməyi tövsiyə edib.