Gündəm / Sosial
10 oktyabr 2022
10

Hamamda məşhur prokurorla tanış olan şəxs onu çılpaq fotoları ilə şantaj edib

Hamamda məşhur prokurorla tanış olan şəxs onu çılpaq fotoları ilə şantaj edib


Məşhur prokuror Tariyel Qurbanovu şantaj etməkdə ittiham olunan şəxslər - Ümman Əliyev, Natiq Nuriyev, Pərvin Yusifov, Ələkbər Nuriyev, İlqar Əliyev, Elnur Eldarov və Sahilə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Milliinfo.az "Musavat"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə Ümman Əliyev ifadə verib. O, elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək deyib ki, prokurora hədə-qorxu gəlməsi və ondan pul tələb etməsi ilə bağlı işdə heç bir sübut yoxdur: “Mən xəstəlik adı ilə Tariyel Qurbanovdan pul almışam. Bu səbəbdən də istintaqa verdiyim ifadəmi təsdiq etmirəm. Həmin ifadəmi təzyiq altında vermişəm. İndi həqiqəti məhkəmədə danışacam. 2001-ci ildə Qubadan işləmək məqsədilə paytaxta gəldim. İlk iş yerim Bakıxanovda yerləşən “Hamam Plaza” olub. Orada ofsiant işləyirdim. Tariyel Qurbanovu da orada tanımışam. Tariyel müəllimlə ilk tanışlığım 2006-cı ildə olub. Tariyel müəllim hamama gəlib, ona bir ilə yaxın orada qulluq etmişəm”.

Ümman Əliyevin sözlərinə görə, qardaşı Vüsalın xəstəliyi ilə əlaqədar onun müalicəsi adı ilə Tariyel müəllimdən ilk dəfə 1800 manat alıb: "Həmin pulu qardaşımın müalicəsinə xərcləmədim. Bunu Tariyel müəllim bilməyib. Həmin pulu Tariyel müəllim mənə poçt vasitəsi ilə göndərdi. Həmin pulu götürərək şəxsi ehtiyaclarıma xərclədim. Həmin dövrdə hamamdan çıxmışdım, işsiz idim. Buna görə də pula ehtiyacım var idi. İkinci dəfə 2021-ci ilin noyabrında qardaşımın xəstəliyi ilə bağlı yenə də Tariyel müəllimdən 1800 manat aldım. Həmin pulu da Tariyel müəllim poçt vasitəsi ilə göndərdi. Qubada həmin pulu poçtdan götürdük. Tariyel Qurbanovdan 2021-ci ilin sentyabrından 2022-ci lin fevralına kimi pul almışam. Müxtəlif vaxtlarda aldığım pulların ümumi məbləği yadımda qalmayıb. Tariyel Qurbanovu hamam fotoları ilə şantaj etməmişəm. İfadəmin həmin hissəsini müstəntiqin təzyiqi altında vermişəm. Tariyel Qurbanovdan pul alan zaman heç kimlə əlbir olmamışam. Pulları tək istəyib almışam".

Ü.Əliyevin İbtidai istintaqa verdiyi ifadə elan olunarkən göstərilib ki, Tariyel Qurbanovla əlaqə saxlayaraq onda çılpaq fotoları olduğunu deyib və pul tələb edib. Lakin təqsirləndirilən şəxs ifadəni məhkəmədə təsdiq etməyib. O bildirib ki, Tariyel Qurbanovun hər hansı bir formada onda fotosu olmayıb.

İstintaqda verdiyi ifadəsinə görə, Ümman Əliyev Tariyel Qurbanovdan 8 min manat bir, 15 min 400 manat bir, 20 min manat bir, 20 min manat isə sonuncu dəfə alıb. Onun sözlərinə görə, qeyd olunan məbləğləri Tariyel Qurbanovdan iş qurmaq adı ilə istəyib.

Daha sonra ifadə verən digər təqsirləndirilən Pərvin Yusifov da özünü təqsirli bilməyib. O deyib ki, Ümman ilə eyni cəzaçəkmə müəsisəsində cəza çəkiblər: “Biz eyni regiondan olduğumuz üçün orada münasibətimiz yarandı. Həbsdən azad olunandan sonra da görüşməyə başladıq. Bir gün Ümman ilə çayxanada olan zaman dedi ki, kartın var, ona pul atsınlar. Mən də anamın kartı olduğunu bildirdim. Ondan pulun problemli olub-olmadığını soruşdum. Dedi ki, heç bir problem yoxdur. Anama məxsus məndə olan kartın şəkilini çəkdim və Ümmana göndərdim. Ümman da həmin kartı kimisə yolladı. İki dəfəyə həmin karta pul göndərildi. İlk dəfə 900 manat, sonra isə 1200 manat göndərilmişdi. Mən də həmin pulları kartdan çıxararaq Ümmana verdim. Buna görə də Ümman mənə xərcləmək üçün pul verdi”.

Pərvin Yusifovun sözlərinə görə, növbəti dəfə “Azərsu”yun qarşısında Ümmanın göstərişi ilə Tariyel Qurbanovdan 1150-1200 manat alıb: “Həmin vaxt Tariyel Qurbanova zəng etmişəm. Telefon nömrəsini mənə Ümman vermişdi. Zəng etməkdə məqsədim deyilən yerə çatdığımı bildrmək olub. Mənim başqa məqsədim olmayıb. Ümmanla Tariyel Qurbanovun münasibətlərindən də xəbərim olmayıb. Həmin gün Ümman mənə zəng etdi və dedi ki, ona pul göndəriblər, xəstə olduğu üçün götürməyə gedə bilmir. Məndən həmin pulu götürərək ona çatdırmağımı istədi. Mən də Ümmanın dediyi kimi etdim və qeyd olunan yerdən pulu götürdüm. Həmin vaxt ora Tariyel Qurbanovun özü gəlmişdi. Tariyel Qurbanova Ümmanın xəstə olması barədə heç nə demədim”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, növbəti dəfə “Avesta Konserni”nin binasının yaxınlığında yenə də pul götürmək üçün Tariyel Qurbanovla görüşüb: “Tariyel Qurbanovun məndən Ümmanın səhhətini soruşdu. Mən də dedim ki, inşallah, yaxşı olar. Tariyel Qurbanov mənə 3 min manat verdi. Həmin pulu da Ümmana çatdırdım. Bu zaman Ümman mənə 500 manat verdi ki, xərcləyim. Mən də ondan həmin pulu götürdüm və şəxsi ehtiyaclarıma xərclədim”.

Təqsirləndirilən şəxs deyib ki, Ümman Əliyevlə birlikdə Tariyel Qurbanova hədə-qorxu gəlməyib, ona çılpaq fotolarını göstərməyib və pul tələb etməyib. Onun sözlərinə görə, Ümmanın belə hərəkət etməsindən isə xəbəri olmayıb.

Pərvin Yusifov deyib ki, Tariyel Qurbanovadan pul tələb etməməsinə baxmayaraq ona dəymiş ziyanın 6350 manatın 1700 manatını ödəyib: “Həmin pul da Baş Prokurorluğun depozit hesabına köçürülüb. Bundan başqa, dəymiş ziyanın 25 faiz miqdarında isə dövlət büdcəsinə ödəniş etmişəm. Həmçinin Tariyel Qurbanovla barışıq əldə etmişik. O da məndən şikatyətçi deyil”.

Növbəti proses oktyabrın 28-də davam edəcək.

İstintaq orqanı tərəfindən Natiq Nuriyev, Ümman Əliyev, Pərvin Yusifov, Ələkbər Nuriyev, İlqar Əliyev, Elnur Eldarov və Sahilə Məmmədovanın barəsində Cinayət Məcəlləsinin 182.2.1 (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham elan edilib.
İttihama görə, dəstə üzvləri Tariyel Qurbanovun hamamda çəkilmiş fotolarını ona göndəriblər və pul verməsini tələb ediblər. Əks halda həmin fotoları sosial şəbəkələrdə yaymaqla hədələyiblər.

Qeyd edək ki, Tariyel Qurbanov Qaradağ və Hacıqabul rayonlarında prokuror olub. Daha sonra isə o, Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini olub.

Bu ilin mart ayında vəzifəsindən azad olunan Tariyel Qurbanov sonradan Abşeron rayon prokurorunun böyük köməkçisi təyin olunub.

Tariyel Qurbanov həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşıdır.