Hadisə
05 aprel 2023
0

Toyda yığılan 32 mini oğurladı, 3 günə 8 min xərclədi

Bakıda avtomobildən 31 500 manat oğurlayan şəxsin məhkəməsi başa çatıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Yasamal Rayon Məhkəməsində 1983-cü il təvəllüdlü Fərid Həsənov Cinayət Məcəlləsinin 177.2.4-cü (Oğurluq-xeyli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham edilib.

Məhkəmə prosesində məlum olub ki, F.Həsənov ötən il oktyabrın 2-də gecə saat 04 radələrində Yasamal rayonu, Hüseyn Cavid prospekti 263-269 ünvanında yerləşən lüks yaşayış komplekslərndən birinin qarşısında oğurluq niyyəti ilə avtomobillərin qapılarının açıq-olub olmamasını yoxlayıb. Bu zaman o, PP dövlət qeydiyyat seriyalı “Hyundai Tucson” markalı avtomobilin qapısının açıq olduğunu görüb və maşına daxil olaraq axtarışa başlayıb. O, qabaq oturacağın altında sellofan torbada xeyli pulun olduğunu görüb və torbanı götürərək uzaqlaşıb. Bir qədər getdikdən sonra pulları sayan Fərid vəsaitin 31 500 manat olduğunu görüb.

Zərərçəkmiş şəxs qismində ifadə verən Z.M. deyib ki, hadisədən bir neçə gün əvvəl paytaxtda yerləşən şadlıq evində toyu olub və 31 500 manat pul həmin məclisdə yığılıb. Toydan sonra o, yeni evə köçüb və oğurluq hadisəsi də həmin vaxt baş verib.

O da məlum olub ki, oğurluqdan 5 gün sonra hadisəni törətmiş F.Həsənov saxlanılıb və üzərindən 24 min manata yaxın pul götürülüb. O, məhkəmədəki ifadəsində deyib: “Üzərimdə aşkarlanan pullar sahibinə qaytarıldı, yerdə qalan 8 min manatı 3 gün ərzində şəxsi ehtiyaclarıma xərcləmişəm”.

Yasamal Rayon Məhkəməsində keçirilən prosesin yekununda F.Həsənova 3 il həbs cəzası verilib. Daha əvvəl də oğurluq əməli törətdiyinə görə məhkum cəzasını ciddi rejimli müəssisədə çəkəcək.