Hadisə
13 may 2019
103
Bakıda avtomobillərin tüstüsü ətrafı bürüyüb - VİDEO
Avtomobillərdən ixrac olunan zəhərli qazların miqdarının çox olması ciddi problemlərdən biridir.
Beş.az "Report"a istinadən xəbər verir ki, oxuculardan biri Bakıda ətrafa böyük miqdarda tüstü buraxan iki avtomobilin videosunu göndərib.
Videoya baxanda tüstüsü çıxan maşınların hər ikisinin digər avtomobilə quraşdırılan müşahidə kamerasına, təxminən, eyni dəqiqələrdə düşdüyü görünür.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttarzadə istismar müddəti keçmiş nəqliyyat vasitələrinin ətraf mühitə və insan sağlamlığına vurduğu ziyanın ciddi olduğunu deyir:
“Həmin avtomobillərin mühərriklərinin işlənmiş qazlarında zərərli maddələrin miqdarı normadan qat-qat artıq olur. Çünki uzun illərdir istismarda olan avtomobil 500 min km-ə qədər məsafə qət edibsə, hərtərəfli köhnəlib. Bu həm də təhlükəsizlik baxımından narahatlıq doğurur. Tək mühərrik yox, onun kuzası da təhlükəsizlik standartlarına cavab vermir”.
Nazirlik rəsmisi qeyd edib ki, son zamanlar ölkədə avtomobil qəzalarının sayında artım müşahidə olunur:
“Çox güman ki, qəzaların faciə ilə nəticələnməsinin əsas səbəblərindən biri avtomobillərin köhnə olması ilə əlaqəlidir. Çalışırıq ki, havaya qara tüstü buraxan istismar müddəti keçmiş nəqliyyat vasitələrinin ölkəyə gətirilməsi və istifadəsinin qarşısı alınsın. İldən-ilə bu kimi avtomobillərin ölkəyə gətirilməsi artır. Aparılan araşdırmaların nəticəsi onu deməyə əsas verir ki, belə avtomobillərdən atmosferə atılan zərərli maddələr ölkədə atmosfer çirkləndirmələrinin təxminən 75 %-ni təşkil edir. Halbuki zavodlar 20-25 % atmosferi çirkləndirir. Bir sözlə, havanın çirkli olmasına səbəb zavod və fabriklər deyil, məhz istismar müddəti keçmiş avtomobillərdir. Ölkədə bu kimi avtomobillərin sayı 20%-ə yaxındır. Yəni, hər 5 avtomobildən biri 30 ildən çoxdur ki, istismar olunur”.
Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov hər iki nəqliyyat vasitəsinin sürücüsü barədə inzibati tənbeh tədbirinin görülməsi üçün araşdırma aparıldığını bildirdi:
“Sözsüz ki, texniki cəhətdən nasaz olan bu avtomobillərin istismarına görə sürücülər məsuliyyət daşıyırlar. Məlumat üçün bildiririk ki, ekoloji mühitin qorunması, ətraf mühitə atılan zərərli qazların miqdarının azaldılması məqsədi ilə il ərzində iki dəfə “Təmiz hava” adı altında təhlükəsizlik aylığı keçirilir ki, belə nöqsanlara yol verilməsin”.
“Sağlam həyata doğru” Ekoloji İctimai Birliyinin sədri Sadiq Həsənov deyib ki, avtomobil nəqliyyatı bir müddət istifadə edildikdən sonra həm də iqtisadi cəhətdən insanlar üçün əlverişsiz olur:
“İstismar müddəti keçən nəqliyyat vasitələri daha çox yanacaq sərf edir, tez-tez ehtiyat hissələrinin dəyişməsinə ehtiyac olur, həm də təhlükəsizlik baxımından müəyyən qədər sürmək riskli olur və qəzaların baş verməsinə zəmin yaradır. Həmçinin atmosferə buraxılan kifayət qədər zərərli maddələrin miqdarı həcmcə artmış olur. Bu kimi avtomobillər ucuz satıldığından əhalinin diqqətini çəkə bilir. Hansı ki, Avropa ölkələrində belə avtomobillərdən imtina edirlər. Yaxşı olardı ki, bu avtomobillərin istifadəsində limitlər tətbiq olunsun”.
O qeyd edib ki, köhnə avtomobillər həm də yeni qurulan yollar üçün sürət yığmaq baxımından standartlara cavab vermir: “Odur ki, tədricən bu kimi köhnə nəqliyyat vasitələrindən uzaqlaşmaq lazımdır. Hətta 20 ildən çox istifadə olunan avtomobillərin istismarını Bakı, Sumqayıt və Gəncə kimi iri şəhərlərə girişini məhdudlaşdırmaq məsləhətdir. Təklif edərdim ki, müəyyən rüsumlar tətbiq olunsun”.
Daha çox xəbər:
Avtomobilə “Satılır” elanı yazanlar 2 min manat cərimələnəcək
GündəmBakıda dəhşətli qəzanın görüntüsü: Piyada göyə uçdu
HadisəNazirlik: Azərbaycanda it və pişiklərin sayı artıb
GündəmDünya internet şəbəkəsində yayılan bir video çarx böyük marağa səbəb olub.
DünyaBakıda iki avtomobil toqquşdu: yaralı var - VİDEO
Hadisə