İqtisadiyyat
31 oktyabr 2020
22
İşğal olunmuş ərazilərin azad edilməsi Azərbaycan iqtisadiyyatına nə vəd edir? - Təhlil
Millliinfo.az
Azərbaycan xalqı tarixinin ən yadda qalan və şanlı dönəmlərindən birini yaşayır. Ali baş komandan, Prezident İlham Əliyevin strateji rəhbərliyi ilə Azərbaycan ordusu vaxtilə nağıl kimi görünən həqiqətləri günbəgün bərqərar edir, işğal olunmuş ərazilərdən didərgin düşmüş əhalinin uzun illərin həsrətinə son qoyulur.Hər gün yeni torpaqların işğaldan azad olunması ilə bağlı xoş müjdələrin gəldiyi bir vaxtda 27 il Azərbaycandan ayrı düşmüş, adları hər bir azərbaycanlının yaddaşında hifz olunan bu ərazilərin iqtisadi potensialı barədə yazmaq zamanı artıq yetişib. Əlbəttə, bu ərazilərin azərbaycanlılar üçün tarixi-mədəni əhəmiyyəti hər hansı iqtisadi dəyərlərdən qat-qat yüksəkdir. Son hadisələr də məhz buna dəlalət edir.
Sirr deyil ki, 2020-ci il bütün dünya ölkələri üçün çətin keçir. Pandemiya, dünya iqtisadi böhranı əksər ölkələrin iqtisadi durumuna ciddi təsirlər göstərmiş, ölkələr planlaşdırdıqları irimiqyaslı siyasətləri təxirə salmaq, xərclərini tarazlamaq məcburiyyətində qalıblar. Lakin, Azərbaycan dövləti və xalqı hər hansı iqtisadi, sosial və səhiyyə çətinliklərinə, müharibənin gətirdiyi maddi ziyanlara, çoxsaylı və çoxçeşidli maliyyə xərclərinə baxmayaraq, özünə qarşı edilmiş təcavüzə sipər gəlmiş və torpaqların azad edilməsi üçün əks hücum əməliyyatına başlayıb.
Bu bir daha Azərbaycan dövləti üçün tarixi-mədəni dəyərlərin və həqiqətlərin ali olduğunu nümayiş etdirir. Bununla belə, işğaldan azad olunan ərazilərin tarixi-mədəni dəyəri ilə yanaşı zəngin iqtisadi potensialı da mövcuddur. Və bu ərazilərin ölkə iqtisadiyyatına inteqrasiyası ilə yaradılacaq yeni iqtisadi dəyər Azərbaycan dövlətinin çəkdiyi və bundan sonra da tərəddüdsüz və xüsusi fiskal gərginlik yaşamadan çəkəcəyi bütün maliyyə xərclərini dəfələrlə üstələyəcəkdir.
Bəs işğaldan azad olunan ərazilərin iqtisadi potensialı nədən ibarətdir? İşğal olunmuş ərazilərin iqtisadi potensialının əsas parametrlərinə diqqət yetirsək görərik ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ və onun ətrafında olan Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Ağdam (rayon mərkəzi və ərazisinin böyük hissəsi), Füzuli (rayon mərkəzi və ərazisinin böyük bir hissəsi) inzibati rayonları 1989-1993-cü illərdə Ermənistan tərəfindən işğal olunmuşdur və işğal tarixindən bu günədək talançılıq, qeyri-səmərəli istismar nəticəsində regionun infrastrukturu yox səviyyəsinə gətirilib. Bu səbəbdən, gələcək bərpa işləri ümumi infrastrukturun (yollar, qaz, su, elektrik enerjisi, rabitə) və ilkin yaşayış şəraitin qurulmasından başlamalı və sonrakı mərhələdə isə iqtisadi inkişaf layihələrinə keçilməlidir.
Regionun təbii landşaftı və turizm potensialı
İşğal olunmuş regionda müxtəlif təbiət abidələri, nadir bitki və heyvan növləri yayılmışdır. İşğal olunan Kiçik Qafqazın dağlıq zonası Azərbaycanın iri meşə rayonudur. Regionun ümumi meşə sahəsi təxminən 246.7 min hektardır, o cümlədən 13197 ha qiymətli meşə sahələridir. Ölkəmizdə xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi hazırda 890 min hektara çatdırılıb ki, bunun da 42997 hektarı erməni işğalçılarının tapdağı altındadır.
Təbii landşaftı, nadir bitki və heyvanlar aləmini mühafizə etmək məqsədi ilə Kiçik Qafqazın işğal altında olan ərazilərində vaxtilə bir sıra qoruq və yasaqlıqlar təşkil olunmuşdur. Bunlardan Bəsitçay Qoruğunu, Laçın yasaqlığını göstərmək olar. Bəsitçay qoruğu Azərbaycanın cənub-qərbində bu günlərdə işğaldan azad edilmiş Zəngilan ərazilərində Bəsitçayın dərəsində 1974-cü ildə yaradılıb. Qoruğun sahəsi 107 hektardır. Burada qorunan obyekt şərq çinarıdır. Çay boyu çinar meşəliyi 12 km məsafədə uzanır. Burada bitən ağacların yaşı 500 ilə çatırdı və şərq çinarı "Qırmızı Kitab"a daxil edilib.
Laçın yasaqlığı Azərbaycanın işğal olunmuş Laçın rayonu ərazisində 1961-ci ildə təşkil edilmişdir. Sahəsi 21.4 min hektardır. Yasaqlıqda dağ keçisi, cüyür, çöl donuzu, turac, kəklik mühafizə olunurdu. Eyni zamanda, Dağlıq Qarabağda yerləşən Şuşa şəhərinin füsunkar təbiəti də turizm baxımından əlverişlidir. Azərbaycanda yeganə olaraq Şuşa rayonu ərazisində bitən xarı bülbül Qarabağın rəmzi hesab olunur.
Regionun sənaye potensialı
Sovet dövründə Dağlıq Qarabağ düzən Qarabağla və Azərbaycanın digər iqtisadi rayonları ilə sıx iqtisadi əlaqədə inkişaf edib. Bütün istiqamətlərdə keçən yollar bu iki ərazini iqtisadi cəhətdən bir-birinə möhkəm bağlamışdır. Dağlıq Qarabağın ermənilər tərəfindən işğal olunması və digər Azərbaycan rayonlarından ayrılması regionun əhalisi və təsərrüfatı üçün çox ciddi problemlər yaratdı. Uzun illərdən bəri Dağlıq Qarabağın ərazisində yerləşən müəssisələrin böyük əksəriyyəti Azərbaycanın rayonlarından gətirilən yanacaq, xammal və materiallar əsasında işləyirdilər, bir çoxları isə Bakının iri müəssisələrinin filialları kimi fəaliyyət göstərirdi.
1985-ci ildə Qarabağın Xankəndindəki iri İpək Kombinatına daxil olan barama xammalının cəmi 8%-i Dağlıq Qarabağın özündə istehsal olunurdu. Yerdə qalan 92%-i isə Azərbaycanın digər rayonlarından gətirilirdi. Dağlıq Qarabağ Vilayətinin 1986-cı ildə həyata keçirdiyi xarici iqtisadi əlaqələrin həcminin cəmi 0.3 %-i, idxalının isə 1.4 %-i Ermənistan Respublikasının payına düşdüyü halda, Azərbaycana onun ixracatının 33.3 % düşürdü.
Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi Xankəndi vaxtilə birbaşa Azərbaycan dəmir və şosse yollarına və bütövlükdə respublikanın nəqliyyat-kommunikasiya sisteminə sıx bağlanmışdır. Xankəndindən dəmir yolu ilə Bakıya qədər olan məsafə 392 km-dir. Regionun gələcək inkişafında bu çox vacib amildir və infrastruktur layihələr sovet vaxtı mövcud olan nəqliyyat loqistikasının xəritələrindən istifadə edə bilər. Təbii, zəbt olunmuş rayonlarda illərdən bəri fəaliyyət göstərən vahid nəqliyyat-kommunikasiya sistemi Ermənistanın təcavüzü nəticəsində hal-hazırda dağıdılmış və bərbad vəziyyətdədir.
Bu məqalədə zonanın sənaye potensialına 4 bucaqdan baxılır, mövcud olan digər inkişaf aspektləri isə gələcəkdə daha böyük tədqiqatlarla açıqlanacaq. Beləliklə, ilkin baxışda zəngin su təchizatı, elektrik enerjisi, sənaye rekreasiya imkanları və zəngin faydalı qazıntılar azad olunan ərazilərin sənaye potensialının karkasını təşkil edir.
Regionun su təchizatı imkanları
Bütün dünyada iqlim dəyişikliyi və onun nəticəsində su qıtlığı ən aktual problemlərdən biridir. Su qıtlığı Azərbaycan üçün də önəmlidir. Sirr deyil ki, ölkənin su ehtiyatları obyektiv coğrafi səbəblərdən daha kasaddır və əsas mənbələr qonşu ölkələrdədir. Ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli Sərəncamı ilə yaradılmış Dövlət Komissiyası fəaliyyət göstərir.
Bu kontekstdə azad olunan ərazilərin zəngin su ehtiyatları ölkənin sənayesi və kənd təsərrüfatı üçün xüsusi əhəmiyyət kəsb edir. Sərsəng su anbarı 1976-cı ildə Tərtərçayın üzərində, Ağdərə (hazırda Tərtər) rayonu ərazisində inşa edilib. Onun ümumi sututumu 560 milyon m³, bəndinin hündürlüyü isə 125 m-dir. Sərsəng su anbarı respublikada bəndinin hündürlüyünə görə ən hündür bəndli su anbarlarından biridir.
Sərsəng su anbarının daxil olduğu Ağdərə rayonunun tam azad olunması respublikanın 6 rayonunda (Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi) 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin etməyə imkan yaradacaqdır. Qeyd etmək lazımdır ki, işğal zonasında Sərsəng su anbarından başqa ümumi tutumu 80 mln. m³ olan digər su anbarları da qalmışdır. Onların da ölkə təsərrüfatına qatılması əlavə 15 min hektar torpaq sahəsinin suvarılmasına şərait yarada bilər.
Bundan əlavə, Cəbrayıl və Zəngilan ərazisində yerləşən Xudafərin su anbarının azad olunması 75 min hektar yeni ərazinin suvarılması və mövcud suvarılan ərazilərin suvarılmasının yaxşılaşdırılması deməkdir. Bu su anbarının həcmi bəzi hesablamalara görə 1.6 mlrd. kubmetrdir.
Həmçinin regionda 11 yeraltı şirin su mənbəyinin yerləşdiyi ehtimal edilir. Digər ölçü ilə bu 1 milyon 968 min m3/gün yeraltı şirin su təchizatı deməkdir.
Regionun elektrik enerjisi resursu
Regionun əsas elektrik enerjisi istehsalı su yığımı və təchizatı areallarına təsadüf edir. Söhbət təbii ki, Sərsəng və Xudafərin SES-lərindən gedir.
Sərsəng SES və ya digər adı ilə Tərtər SES 1976-ci ildə Tərtərçayın üzərində, keçmiş Ağdərə (indiki Tərtər) rayonu ərazisində inşa edilmiş su elektrik stansiyasıdır. Hər birinin gücü 25 MVt olan 2 ədəd turbindən ibarət su elektrik stansiyası hazırda qeyri-qənaətbəxş vəziyyətdədir. Stansiyada təmir bərpa işləri aparıldıqdan sonra, istehsal gücü daha da artırıla və ətraf rayonların elektrik enerjisinə tələbatının ödənilməsinə yönəldilə bilər.
Xudafərin SES isə Araz çayı üzərində İranla Azərbaycan arasında imzalanmış razılaşmaya uyğun olaraq inşa edilir. Belə ki, 2016-cı ilin fevralında “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanmışdır. Araz üzərində elektrik stansiyalarının ümumi gücü 280 meqavata çata bilər. Bu layihələrin reallaşması Azərbaycana illik 368 milyon kVt/saat elektrik enerjisi istehsalı gətirə bilər.
Aydındır ki, Sərsəng və Xudafərin SES-ləri ətraf rayonların enerji təminatının yaxşılaşdırılmasında, azad edilmiş ərazilərin bərpa edilməsində aktiv istifadə ediləcəkdir. Ümumilikdə isə bu elektrik stansiyalarının ölkənin enerji sisteminə qatılması güclərin artırılması ilə yanaşı, mənbələrin coğrafi diversifikasiyası, yəni Abşeron, Şirvan və Mingəçevir üzərindən yüklərin azaldılması, həmçinin alternativ (bərpa olunan) enerji istehsalının ümumi istehsalda payının artırılması deməkdir.
Regionun sənaye rekreasiya imkanları
Ehtimal edilir ki, Azərbaycanın mineral sularının ümumi geoloji ehtiyatlarının 39.6%-i işğal altında olan rayonların payına düşür.
Zəbt olunmuş ərazilərdə böyük müalicə əhəmiyyəti olan 120-dək müxtəlif tərkibli mineral su yataqları vardır. Digər ölçü ilə bu 7805 m3/gün mineral su təchizatı deməkdir.
Bunların içərisində Kəlbəcər rayonunda Yuxarı və Aşağı İstisu, Bağırsaq, Keşdək, Laçın rayonunda İlıqsu, Minkənd, Şuşa rayonunda Turşsu, Sırlan və başqa mineral sular diqqəti xüsusilə cəlb edirlər.
Kəlbəcər rayonu ərazisində yerləşən İstisu mineral suları özlərinin əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə fərqlənir. İstisu bulağı üstündə keçən əsrin 80-ci illərində iri kurort və mineral sudoldurma zavodu tikilmişdir. Həmin zavod sutkada 800 min litr su istehsal edirdi. Turşsu mineral bulağı Azərbaycanın Şuşa şəhərinin 17 km-lik məsafəsində yerləşir. Turşsu vasitəsi ilə müxtəlif daxili xəstəliklər müalicə olunur, kəmər vasitəsi ilə Şuşa şəhərinə su verilirdi.
Beləliklə, regionun mineral su ehtiyatı içki sənayesində yeni emal güclərinin, içki sənayesi/turizm/rekreasiya üçbucağında müasir habın təşkil edilməsinə şərait yarada bilər.
Regionun yeyinti sənayesi potensialı
Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının ümumilikdə 1.7 milyon hektar ərazisi işğal olunmuşdur. Bu torpaqların əksəriyyəti müxtəlif növ kənd təsərrüfatı məhsullarının becərilməsi üçün yararlıdır. Həmin məhsulların emalı yeyinti sənayesində yeni güclərin yaranmasına, etibarlı təchizat bazasının formalaşdırılmasına imkan verəcəkdir.
Regionun faydalı qazıntı/xammal potensialı
İşğal edilmiş ərazilərdə 155 müxtəlif növ faydalı qazıntı yataqları, o cümlədən: 5 qızıl, 6 civə, 2 mis, 1 qurğuşun və sink, 19 üzlük daşı, 10 mişar daşı, 4 sement xammalı, 13 müxtəlif növ tikinti daşları, 1 soda istehsalı üçün xammal, 21 pemza və vulkan külü, 10 gil, 9 qum-çınqıl, 5 tikinti qumu, 9 gips, anhidrid və gəc, 1 perlit, 1 obsidian, 3 vermikulit, 14 əlvan və bəzək daşları (əqiq, yəşəm, oniks, cad, pefritoid və s. ) yataqları yerləşir.
Yuxarıda sadalanan növ faydalı qazıntılar Qızılbulaq, Mehmana, Dəmirli, Canyataq-gülyataq, Ağdərə, Şorbulaq, Şuşa, Şirlan, Turşsu, Xocalı, Zərinbax, Ağçay, Xankəndi, Ediş, Xocavənd, Söyüdlü, Ağduzdağ, Tutxun, Ağyataq, Levçay, Kilsəli, Keşdək, Keçəldağ, Çəlli, Yuxarı İstisu, Aşağı İstusu, Mozçay, Qoturlu, Çilkəz, Narzanlı, Əhmədli, Hoçaz, Laçın, Novruzlu, Yuxarı Əkərəçay, Quşçu, Minkənd, Hacılı, Xanlıq, Qubadlı, Vejnəli, Bartaz, Oxçuçay, Zəngilan, Şərifan, Tuluz, Qaracalı, Soltanlı, Çaxmaxçay, Göyərçin-Veysəlli, Minbaşılı, Ağtəpə, Cəfərabad, Şahverdilər, Çaxmaxqaya, Dövlətyarlı, Diləgərdi, Kürdmahmudlu, Quruçay, Şahbulaq, Gülablı, Çobandağ, Boyəhmədli, Şahbulaq, Ağdam, Qarqarçay, Xaçınçay və s. yataqlarda aşkar edilib.
Sözügedən yataqlarda sənaye ehtiyatları təsdiq edilmiş 132.6 ton qızıl, 37.3 min ton qurğuşun, 189 milyon m3 mişar daşı, 1 milyon 526 min ton gəc, 18 milyon 432 min m3 üzlük daşı, 23 milyon 243 min m3 gil, 57 milyon 965 min ton tikinti daşı, 96 milyon 987 min ton qum-çınqıl, 1898.4 ton civə, 4 milyon 473 min m3 perlit, 2 milyon 144 min m3 pemza, 129 milyon 833 min m3 soda istehsalı üçün əhəngdaşı, 147 milyon 108 min ton sement xammalı və s. iqtisadiyyatın inkişafında vacib əhəmiyyət daşıyan faydalı qazıntılar aşkar edilib.
Regionda nadir və qiymətli faydalı qazıntı yataqları yayılmışdır. Əhəmiyyətli mis-sink filizlərinin ehtiyatları Kiçik Qafqazın şərqində yerləşən Mehmana yataqlarında cəmlənmişdir. Burada istismara hazır olan filiz ehtiyatları vaxtilə öyrənilmişdir. Sənaye əhəmiyyəti olan civə ehtiyatları Kəlbəcər rayonundakı Şorbulaq və Ağyataqda yerləşir.
İşğal olunmuş ərazilər Azərbaycanın sənayesi və tikintisində böyük əhəmiyyəti olan müxtəlif növ tikinti materialları ilə çox zəngindir. Belə materialların böyük ehtiyatları Ağdam rayonu ərazisində yerləşən Çobandağ (əhəngin ehtiyatları 140 milyon ton və gillər 20 milyon ton ), Şahbulaq (25 milyon ton gil), Boyəhmədli (45 milyon ton gil) və digər yataqlardadır. Həmçinin, iri tikinti daş yataqları Xankəndində, mərmər isə Harovda yerləşir.
Aşağıdakı cədvəldə işğal olunmuş rayonlar üzrə ayrı-ayrılıqda hansı faydalı qazıntıların olduğu verilir:
Rayonun adı
Faydalı qazıntı növü
Ağdərə
Qızıl, qurğuşun, sink, mis, mişar daşı, gəc
Şuşa
Üzlük daşı, gil, tikinti daşı
Xocalı
Gil, üzlük daşı, qum-çınqıl
Xocavənd
Üzlük daşı, tikinti daşı
Kəlbəcər
Qızıl, civə, mişar daşı, gil, perlit, qum-çınqıl, tikinti daşları, üzlük daşları, əlvan daşlar (obsidian, oniks, pefritoid, listvenit)
Laçın
Civə, mişar daşı, üzlük daşı, tikinti daşı, gil, qum-çınqıl, pemza, vermukulit, vulkan külü, əqiq, jad
Qubadlı
Mişar daşı, gil, tikinti daşı, üzlük daşı, əlvan daşı
Zəngilan
Qızıl, gümüş, üzlük daşı, əhəng daşı, gil, tikinti daşı, qum-çınqıl
Cəbrayıl
Mişar daşı, gil, qum, sement, gəc, tikinti daşı, kips, ahhidrid, pemza, vulkan külü, əlvan daşlar (yəşəm, xalsədan)
Füzuli
Mişar daşı, gil, qum-çınqıl
Ağdam
Mişar daşı, üzlük daşı, sement xammalı, gil, qum-çınqıl
Təbii ki yuxarıdakı faydalı qazıntılarla bağlı məlumatlar müəyyən mənada nisbi xarakter daşıyır və növbəti mərhələdə bütün yataqların qiymətləndirilməsi aparılmalı, sovet dövrünə aid rəqəmlər dəqiqləşdirilməlidir. Nəzərə alınmalıdır ki, keçən 30 il ərzində ərazilər talançılığa məruz qalmışdır. Həmçinin, yeni qiymətləndirmə üsulları meydana gəlmişdir və regionun faydalı qazıntılarla bağlı yeni geoloji xəritəsi hazırlanmalıdır.
İlkin baxışda faydalı qazıntıların gələcək istismarı 3 blokda aparıla bilər: əlvan metallar və onların metallurgiyası, tikinti materialları və nadir metallar. Əlvan metallar və tikinti materialları ənənəvi iqtisadiyyat üçün xas olan sahələrdir və mövcud ehtiyatlar bu sahələrdə yeni güclərin yaranmasına imkan verəcəkdir. İşlərin görülməsi zamanı sovet vaxtında bu sahələrdə aparılmış tədqiqatlar və ilkin infrastruktura (mövcudluğundan asılı olaraq) əsaslanmaq olar. Əlavə olaraq, yüksək texnologiyalarda geniş istifadə olunan nadir metalların regionda mövcudluğu ilə bağlı araşdırmalar və geoloji işlər aparıla bilər.
Daha çox xəbər:
Azərbaycan hərbçiləri: “İşğal olunmuş bütün torpaqlarımızda üçrəngli bayrağımız dalğalanacaq”
GündəmRusiyada Yaşayan Azərbaycanlılar Vətən Torpaqlarının Azad Olunması Uğrunda Mübarizəyə Qalxdılar
CəmiyyətKiyevdə Azərbaycan Ordusuna dəstək aksiyası
Cəmiyyət / Dünya"Azərbaycan koronavirusla mübarizədə model ölkə kimi nümunə göstərilir"
SiyasətZəngilanın azad edilməsinin ölkəmiz üçün hansı əhəmiyyəti var?–ŞƏRH
Siyasət / Sosial