İqtisadiyyat
04 avqust 2021
24

Azərbaycan iqtisadiyyatını necə milyarda bərpa edə bilər? - AKTUAL

Azərbaycan iqtisadiyyatını necə milyarda bərpa edə bilər? - AKTUAL

Beynəlxalq Valyuta Fondu (BVF) qlobal iqtisadiyyatın COVID-19 pandemiyasından sonra bərpası üçün 650 mlrd. ABŞ dolları ayrılmasını təsdiqləyib.

BVF-nin verdiyi məlumata görə, vəsaitin bölgüsü avqustun 23-dən başlayacaq. Valyuta Fondundan bildirilib ki, inkişaf etməkdə olan bazarlar və aşağı gəlirli ölkələr üçün təxminən 275 mrld. dollar ayrılıb.

Bəs Azərbaycana öz iqtisadiyyatını bərpa etmək üçün nə qədər vəsait lazımdır? Müstəqil iqtisadçılar bu barədə araşdırma aparıbmı?

Məsələylə bağlı Cebhe.info-nun suallarını cavablandıran iqtisadçı ekspert Akif Nəsirli Azərbaycana bu barədə nə qədər vəsaitin lazım olduğuna dair araşdırma aparmasa da, bildirib ki, koronavirus pandemiyasından sonra ölkəmizin öz iqtisadiyyatını bərpa etməsi üçün yalnız valyuta vəsaitləri kifayət etmir.

Azərbaycan iqtisadiyyatının ənənəvi problemləri olduğuna diqqət çəkən ekspert qeyd edib ki, bu problemlər çərçivəsində iqtisadiyyatın bərpasına bir trilyon vəsait qoyulsa da, heç bir effekti olmayacaq:

“Çünki ölkədə korrupsiya var, şəffaflıq yoxdur. Qərbi Avropada uğur qazanmış layihələr bizdə təsdiq edildikdə öz səmərəsini vermir”.

Azərbaycanın heç Beynəlxalq Valyuta Fondunun vəsaitlərinə ehtiyacı olmadığını, kifayət qədər təbii ehtiyatlara malik olduğunu söyləyən ekspert bildirib ki, Azərbaycan lazım olduqda o ehtiyatlardan da istifadə edə bilər, amma bu da iqtisadiyyatın dirçəlişi ilə nəticələnməyəcək:

“Çünki Azərbaycan iqtisadiyyatı yalnız COVID-19-a görə böhran vəziyyətində deyil, ölkəmiz buna qədər də elə böhran içində idi”.

Virusa görə Azərbaycanda yalnız iş yerlərinin bağlandığını söyləyən Akif Nəsirli sual edir:

“İndi Beynəlxalq Valyuta Fondunun ayırdığı vəsaitlə Azərbaycan hökuməti iş yerlərimi yaradacaq?”

Onun fikrincə, ölkə iqtisadiyyatı küncə sıxışdırılmış vəziyyətdədir:

“Məhdudiyyətlər, inhisarçılıq, korrupsiya aradan qaldırılarsa, hesabatlılıq, şəffaflıq təmin olunarsa, Azərbaycan iqtisadiyyatının inkişafı üçün heç bir problem yoxdur”.

Ekspert sonda əlavə edib ki, sözügedən problemləri aradan qaldırmaq üçün isə islahatların aparılması ilkin şərtdir:

“İslahatlar aparılmasa, ölkə iqtisadiyyatına nə qədər vəsait qoyulsa da, o, dirçələn deyil. Əks təqdirdə uzaqbaşı inhisarçı məmurların kapitalı genişlənəcək ki, bu da iqtisadiyyatımıza mənfi təsirlər gətirəcək”.

Digər bir iqtisadçı Toğrul Maşallı isə hesab edir ki, dəstək sayəsində bütün ölkərə ayrılan vəsait əvvəlki ilə müqayisədə artacaq:

“Bu, Azərbaycana imkan verəcək ki, daha çox vəsait əldə etsin. Azərbaycan bundan istifadə edəcək, ya yox- bu, başqa məsələdir”.

Beynəlxalq Valyuta Fondunun bu addımda məqsədinin valyuta bazarını tənzimləmək olduğunu söyləyən ekspert qeyd edib ki, Azərbaycanın bunun üçün müraciət edib-etməyəcəyi hələ qaranlıq məsələdir:

“Ona görə də bunu birbaşa kömək kimi başa düşmək lazım deyil”.

“Bəs Azərbaycana koronavirusdan sonra iqtisadiyyatını bərpa etmək üçün nə qədər vəsait lazım ola bilər?” sualına Toğrul Maşallı bildirib ki, bu suala cavab vermək çətin olsa da, Azərbaycan son dövrlərdə bir çox banklarla sıx əməkdaşlıq etdiyindən xeyli vəsait əldə edib:

“Amma Azərbaycanın keçən ildəki itkilərinin yüksək olduğunu nəzərə alsaq, ən azı bizə müəyyən dəstək lazım olacaq. Çünki Azərbaycanda hazırda da iqtisadi kəsrlər davam edir”.